Prezident İlham Əliyevlə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysı arasında keçirilən görüşdə Azərbaycanla OPEC+ ölkələri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi, respublikamızın adıçəkilən formatla uğurlu əlaqələr qurduğu vurğulanıb. Eyni zamanda, hazırda qlobal neft bazarında OPEC+ çərçivəsində fəaliyyətə toxunulub, indiyədək bu bazarda sabitliyin əldə edilməsinin məhz bu formatda reallaşdırılan layihələr nəticəsində mümkün olduğu diqqətə çatdırılıb.
Görüşdə bütün bunlarla bərabər, hazırda “fossil” yanacaqlar sahəsində mövcud olan məsələlər, həmçinin gələcəkdə bu sahəyə investisiyaların ayrılmasının zəruriliyi barədə ətraflı danışılıb. Bu fikirlə bağlı qeyd edək ki, Azərbaycan hazırda dünyada təkcə ənənəvi deyil, alternativ enerji imkanları ilə də tanınır. Respublikamız təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir. Bura isə Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir.
Söhbət zamanı dünyada “yaşıl enerji” sahəsində əldə edilən uğurlarla yanaşı, ənənəvi yanacağın oynadığı vacib rol da xatırladılıb. Ənənəvi enerji sahəsində ətraf mühitə zərərin azaldılması baxımından yeni texnologiyaların tətbiqinin xüsusi əhəmiyyət daşıdığı bildirilib.
Bu məqamda onu da deyək ki, OPEC-in baş katibi respublikamıza səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazovla da görüşüb. Görüşdə OPEC ilə Azərbaycanın “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində əməkdaşlığı, ölkəmizin qlobal neft bazarının tənzimlənməsində iştirakı, həmçinin tələb-təklif dinamikası ilə bağlı hazırkı vəziyyət və inkişaf tendensiyaları ilə bağlı məsələlər müzakirə edilib.
Xatırladaq ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı OPEC+ üzrə 40,46 milyon barel, Azərbaycan üçün 551 min barel həcmində müəyyənləşdirilib.
Görüşdə OPEC+ formatı təşəbbüsünün irəli sürülməsi və həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin tarixi rolu yüksək qiymətləndirilib. Baş katib Haysam Əl-Qaysı deyib: “Prezident İlham Əliyevin enerji təhlükəsizliyi, neft-qaz sənayesinin inkişafı, investisiyalar haqqında çox aydın baxışları birgə fəaliyyətimiz üçün yeni imkanlar açır. Azərbaycanla eyni mövqeyi bölüşməyimizdən məmnunuq”.
Bildirilib ki, OPEC+ çərçivəsində əməkdaşlığın məqsədi iqtisadi inkişaf üçün dünyanı lazım olan enerji ilə təmin etməkdir. Bu isə bütün enerji növlərindən istifadə ilə mümkün ola bilər.
Görüşdə vurğulanıb ki, karbon emissiyalarının azaldılması ilə neft-qaz sektorunun inkişafı dayanıqlı enerji təhlükəsizliyi üçün vacibdir. Bu yanaşma əsasında Azərbaycan, OPEC, digər ölkə və təşkilatların iştirakı ilə daha geniş platformada əməkdaşlığa ehtiyac var və neft bazarının sabitləşdirilməsi ilə bağlı səylər bu istiqamətdə də inkişaf etdirilməlidir.
Söhbət zamanı Azərbaycanın OPEC Katibliyi ilə əlaqələrinin dərinləşdirilməsi, OPEC+ formatında əməkdaşlığın təşkilata üzv ölkələrlə Azərbaycanın “yaşıl enerji” sahəsində tərəfdaşlığına verdiyi töhfələrdən də bəhs edilib.
Burada onu da vurğulaya bilərik ki, ölkəmiz OPEC-ə üzv olmasa da, OPEC+ formatında bu təşkilatla sıx əlaqələri var. Əməkdaşlıqda əsas məqsəd isə dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır. Respublikamız bu bazarın əsas iştirakçılarından biri kimi qlobal səviyyədə nəzərə çarpan proseslərə müdaxilə edir, neftin qiymətinə təsir göstərən amillərin aradan qaldırılması, tələb-təklif balansının bərpasına yönəlmiş tədbirlərin görülməsi üçün beynəlxalq enerji dialoqlarında fəallıq göstərir.
Yeri gəlmişkən, OPEC neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Qabon, Anqola və Ekvatorial Qvineya da qoşulub.
Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla OPEC+ formatında sıx əməkdaşlıq edir. OPEC+ əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada OPEC-ə üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində neft ixrac edən ölkələrin OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər.
Respublikamızın OPEC+ ilə əməkdaşlığı qarşılıqlı fayda üzərində qurulub. Azərbaycan bu qurumla əlaqələrə başladığı ilk gündən etibarən mövcud platforma çərçivəsində razılaşmanın ən fəal üzvlərindən biri kimi tanınıb. Ölkəmiz bütün iclas və görüşlərdə yaxından iştirak edib.
OPEC+un hasilatın tənzimlənməsi ilə əlaqədar qərarlar da ölkəmiz tərəfindən yüksək səviyyədə icra olunur. Belə ki, adıçəkilən qurum tənzimləmə proseslərinə başlayandan sonra bazarda doğrudan da neftin qiymətləri 15–20 dollardan 100–120 dollara qədər qalxıb, hazırda isə 70–80 dollar intervalında saxlanılması nəzərdə tutulub. Ümumiyyətlə, Azərbaycan OPEC+ ölkələri arasında mühüm neft ixracatçısı kimi bu təşkilatın bütün qərarlarını daim dəstəkləyib.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
OPEK+ formatı 2016-cı ildə bir çox neft ixrac edən ölkənin neft bazarında qiymtlərin sabitliyini reallaşdırmaq üçün əldə olunan razılıq əsasında həyata keçirilən əməkdaşlıqdır. 2020-ci ilin aprel ayına olan məlumata əsasən, OPEK+ formatına 10 ölkə–Azərbaycan, Bəhreyn, Bruney, Qazaxstan, Malaziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan daxildir.
Respublikamız bu qeyri- rəsmi formatda Rusiya, Qazaxstan, Meksika kimi nəhəng neft ixrac edən ölkələrlə eyni sırada əməkdaşlıq edir. Dünya enerji bazarında qiymət sabitliyinin təmin edilməsində bu təşkilatın həlledici rolu var.
Ötən il sentyabrın 5-də OPEC+ iclasında neft hasilatının sutkalıq 2 milyon barrel ixtisarı qərarı qəbul edildi ki, bu da neft bazarında neftin qiymətinin kəskin aşağı düşməsinin qarşısını almaq məqsədi daşıyırdı. Bu razılaşmanın 2023-cü ilin dekabrına kimi uzadılması planlaşdrılırdı. Lakin 2022-ci ilin iyul ayında ABŞ prezidenti C.Bayden Yaxın Şərqə turnesi çərçivəsində dünya neft hasilatının lider ölkəsi olan Səudiyyə Ərəbistanın neft hasilatını artırmasına ümid etsə də, bunun əksi baş verdi. OPEK ölkələri tərəfindən hasilat ixtisar olundu. Cari ilin aprel ayında isə OPEK+ yenidən hasilatın sutkalıq 1,65 milyon barrel ixtisarı haqqında qərar qəbul etdi.
Onu da qeyd edim ki, 2022-ci ildən başlayaraq Ukrayna –Rusiya müharibəsi neftin qiymətinin yüksəlməsində əsas drayver rolu oynayır. Dünya neft hasilatının yarısından çoxuna nəzarət edən OPEK təşkilatı da hasilatı ixtisar etməklə qiymətlərin yüksəlməsinə rəvac verə bilir. Bütün bu qərarlar təbii ki ABŞ-ın maraqlarına cavab vermir və buna görə Səudiyyə Ərəbistanı, hətta sanksiya tətbiqi ilə hədələnir. Çünki hasilatın ixtisarı neftin qiymətini yüksəltməklə Qərb ölkələrində inflyasiya kimi ciddi problemlərə yol açır.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”


