Vardanyan “kartı” yenidən dövriyyədə

post-img

Post-müharibə dövründə Azər­baycanın qarşısında dayanan əsas məsələlərdən biri də Qarabağ iqtisadi rayonunda yaşayan erməni azlığını reinteqrasiyasıdır. Qeyd edək ki, Er­mənistan tərəfi Qarabağda – Rusiya sülhməramlılarının müvəqqəti məsu­liyyəti altında olan ərazidə 120 min nəfərin yaşadığını iddia edir. Real statistika isə Xankəndidə yaşayan er­mənilərin sayının 11-12 mindən çox olmadığını deməyə əsas verir. 

Seçici siyahıları üzrə hesablamalar apa­raraq, müharibədən sonra qayıdan ermənilə­rin sayını tutuşduraraq, Xankəndi şəhəri də daxil olmaqla, bütövlükdə, Qarabağda yaşa­yan ermənilərin sayının 22-24 min aralığın­da olduğunu söyləmək mümkündür. Nəzərə almaq lazımdır ki, Qarabağdan erməni əhali­nin köç etməsinə Laçında sərhəd nəzarət-bu­raxılış məntəqəsinin qurulması da öz təsirini göstərib. Bu yaxınlarda yayılan bir videoda erməni sakin Qarabağdan Ermənistana bir­dəfəlik getdiyini bildirdi.

Azərbaycan dövləti vətəndaşı hesab etdi­yi etnik ermənilərinin reinteqrasiyası ilə bağlı ortaya siyasi iradə qoyub. Bu günlərdə Xarici İşlər Nazirliyinin “Twitter” hesabında etdiyi paylaşımda bu barədə bildirilib: “Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini Azərbaycanın siyasi, hüquqi, sosial-iqtisadi mühitinə reinteqrasiya etmək əzmindədir. Azərbaycan Konstitusiyası, tərəfdar çıxdığı­mız beynəlxalq sənədlər, milli qanunvericili­yimiz buna zəmin yaradır”.

***

Rəsmi Bakı reinteqrasiyanı bəyan etmək­lə kifayətlənmir. Həm də mövcud istiqamət­də real praktik addımlar atır. Milli Məclisin deputatı Ramin Məmmədov Qarabağda ya­şayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs kimi müəyyən olunub. Martın 1-də Xo­calıda ilkin təmaslar aparılıb. Təəssüf ki, son­ra erməni sakinlərin nümayəndələrinin arzu­olunmaz açıqlamalarının şahidi olduq. Lakin Azərbaycan bu təmasları davam etdirməkdə israrlı olduğunu nümayiş etdirib. Azərbaycan Prezidentinin Administrasiyası Qarabağ er­məniləri ilə müzakirələr aparmaq üçün onları iki dəfə rəsmi şəkildə Bakıya dəvət edib. An­caq bu dəvətdən imtina ediblər. Mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüş zamanı Prezident İlham Əliyev bu məqama da toxu­nub. Dövlətimizin başçısı deyib: “Ona görə bu gün nə müstəqillikdən, nə muxtariyyət­dən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada dırnaqarası rəhbərliyin aqibəti necə olacaq? Onlara amnistiya düşür­mü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək...”

***

Qarabağda yaşayan ermənilərin Azər­baycan cəmiyyətinə reinteqrasiyası yolunda ən böyük əngəllərdən biri Ruben Vardanyan­dır. Moskvadan Qarabağa çox aydın gündə­liklə göndərilmiş Rubenin ötən il sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina etdiyi məlumdur. O, noyabrın 4-dən qondarma re­jimdə “dövlət naziri” vəzifəsinin icrasına başlayıb. Ancaq cəmi 3 ay 20 gün “vəzifədə” qala bilib. Azərbaycanın təkidli tələbindən sonra istefaya göndərilib. Buna baxmayaraq, Qarabağda qalmağa, burada destruktiv rol oynamağa, etnik ermənilərin reinteqrasiyası prosesinin qarşısını almağa davam edir. Ya­rıtmaz əməllərini “Artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi” adlı qondarma qurumun va­sitəsilə reallaşdırmağa çalışır. Yayılan ən son məlumata görə, sabiq “dövlət naziri” mitinq hazırlıqlarına başlayıb. Onun təşəbbüsü ilə rəhbərlik etdiyi qurama təşkilatın şura üzv­ləri Qarabağın rayonlarına səfər planlayıblar: “Məqsəd Qarabağda yaşayan hayları mövcud böhran vəziyyəti haqqında məlumatlandır­maq və onlara çağırış etməkdir. Səfərlərdə Ruben Vardanyan da iştirak edəcək. Onun başçılıq etdiyi hərəkatın son məqsədi əhali­ni ayağa qaldırmaqdır ki, bu da özünü böyük ehtimalla mitinqlər şəklində göstərəcək”.

***

R.Vardanyanın pozucu rol oynadığını, reinteqrasiya prosesinin qarşısını aldığını, əngəllər törətdiyini Beynəlxalq Münasibətlə­rin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də bildirib. O, “Azadlıq” ra­diosunun “İzahla” proqramında İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İs­kəndəryanla müzakirə zamanı deyib: “Bizim tanıdığımız (Qarabağda-S.H.) bəzi qeyri-rəs­mi liderlər var. Bəlkə də çox adam bilmir. Amma bizim Arayik Arutyunyanla da, ora­dakı bəzi başqa adamlarla da ünsiyyətimiz olub. Bəzi texniki məsələlərdə hətta müsbət nəticələrə də gəlmişik. Amma, təəssüf ki, Ru­ben Vardanyan gələndən sonra proses dayan­dı. Vardanyan Qarabağa gəldi ki, prosesləri pozsun. O, danışıqlara mənfi təsir etdi. İndi Vardanyan rəsmi olaraq gedib. Lakin hələ də Qarabağdadır və danışıqlara mane olmağa, relsdən çıxarmağa çalışır”.

Jurnalistin “Bu, necə baş verir? Vardan­yan necə təsir edə bilir?” sualına cavab olaraq Fərid Şəfiyev qeyd edib ki, onu dəstəkləyən Rusiya sülhməramlılarıdır: “Vardanyan Qa­rabağ erməniləri ilə danışıqları dayandırmağa nail oldu. Mənim əlimdə danışıqların baş tut­mamasının səbəbkarının Rusiya sülhməram­lıları olduğuna dair əsaslı fakt yoxdur. Amma görünən odur ki, baş verən budur. Bəli, bu sirr deyil ki, Rusiya məsələnin uzunmüddətli həllində maraqlı deyil. Onlar məsələnin həl­lini təxirə salmaq, bizə təklif etdikləri razılaş­ma layihəsində Qarabağ məsələsinin həllini gələcəyə saxlamaq istəyirlər. Amma bizim Ermənistan Respublikası ilə razılaşdırdığı­mız sazişdə bunu həll etmək nəzərdə tutulur”.

Göründüyü kimi, R.Vardanyanın oynadı­ğı pozucu rol artıq Azərbaycanda daha yük­sək tribunalardan və daha intensiv səslənir. O, Qarabağ torpağında qalmaqla öz maraq­larını həyata keçirir, bundan isə etnik ermə­nilər ziyan çəkir. Erməni xalqı onun qanını zəli kimi soran Qarabağ klanından 5 il öncə azad olduğu kimi Xankəndi sakinləri də bu dələduzdan canlarını qurtarmalıdırlar.

Onu da qeyd edək ki, R.Vardanyanın qaranlıq keçmişi onun bu günlərdə Ukrayna tərəfindən axtarışa verilməsinə gətirib çıxa­rıb. Kiyevin sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilmə­li” şəxs kimi qeyd edilib. Bu faktın özü Var­danyanın beynəlxalq maxinator olmasının göstəricisdir. Ancaq Ruben kimiləri Azər­baycanı qarşıya qoyduğu məqsədlərinə nail olmaq yolundan döndərə bilməzlər. Onlar bizi yalnız gecikdirə bilərlər. Gec, ya tez ol­masından asılı olmayaraq, ölkəmiz Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı bütün məqsədlərinə nail olacaq.

İlyas HÜSEYNOV,
politoloq

– Ruben Vardanyanın regiona ötən ilki gəlişi və bundan sonrakı fəaliyyəti barədə müxtəlif mülahizələr irəli sürü­lür. Aydındır ki, Vardanyan bir layihə­dir. Onun təlimatçıları var. Vətənpər­vərliklə bağlı çıxışları, saxta qurumda qondarma vəzifə tutması və müxtəlif çağırışları da özünün fikri deyil. Bu, birmənalıdır. Onun Ukrayna tərəfindən axtarışa verilməsi də qlobal təhlükə­sizliyə nə dərəcədə təhlükə törətdiyini üzə çıxarır. Gözlənilirdi ki, “istefa”dan sonra Qarabağı tərk edəcək. Lakin təli­matçıları onu hələ ki, Qarabağda gör­məyi arzulayırlar.

Vardanyan çirkli pulların yuyul­masında, müxtəlif fırıldaqlarda, iqtisa­di cinayətlərdə, digər tərəfdən həm də ofşor hesabların idarəçiliyində ad çıxa­rıb. Ona qarşı Azərbaycan tərəfindən görülən tədbirlər bizim təbii sərvətlə­rimizin qanunsuz istismarı ilə bağlı idi. Rəsmi Bakı “Dəmirli” və “Qızılbulaq” yataqlarında həyata keçirilən hasilat nəticəsində əldə olunan gəlirin Vardan­yanın cibinə daxil olmasını, separatçı­lığın güclənməsi zəncirini aşkarlamış­dı. Bu gün də onun Qarabağda qalması bölgə üçün təhlükədən xəbər verir və separatçılığın güclənməsinə xidmət edir, etnik ermənilərin reinteqrasiya­sına qarşı müqavimət rolunu oynayır. Azərbaycan Prezidenti Administrasi­yasının dialoqla bağlı təkliflərini qəbul etməməyi təbliğ edən, bu görüşlərdən boyun qaçırmaq, blokadada olduqları iddialarını yayan da elə Ruben Vardan­yan və onun arxasında dayanan qüv­vələrdir.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət