Paşinyanın “günah keçisi”

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin 44 günlük müharibə şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasındakı çıxışında özündən əvvəlki Ermənistan iqtidarını, xüsusən də ikinci prezident Robert Koçaryanı sərt tənqid edib. Əslində, Nikolun ittihamlarına diqqət yetirəndə, onun Qarabağın Azərbaycana məxsusluğunu bildirən bəyanatlarının səmimiyyətdən uzaqlığını görmək mümkündür. Tam aydın olur ki, Paşinyan yalnız Azərbaycanın gücü ilə hesablaşdığından belə deyir. Bu barədə yazının sonunda bildirəcəyik. Hələlik isə baş nazirin iclasda nə dediklərinə diqqət yetirək. 

Bəli, Paşinyan bildirib ki, Ermənis­tanın ikinci prezidenti Robert Koçaryan hakimiyyətinin ilk günlərindən Azərbay­canla bağlı qapılar arxasında danışıqlar aparıb və bu danışıqlarda Qarabağın Azərbaycanın tərkibindəki statusunu məqbul hesab edib. N.Paşinyanın söz­lərinə görə, Ermənistan hakimiyyətinin danışıqlar prosesindəki bu mövqeyi ge­niş əhali üçün əlçatmaz olan sənədlərdə əksini tapıb. İctimai bəyanatlar və dövlət təbliğatı səviyyəsində isə tamam fərq­li məsələlər gündəmə gətirilib. Həmin dövrdə Ermənistan telekanalları Qara­bağın və yeddi rayonun vahid xəritəsini göstərməyə başlayıb. Oxşar xəritələr ic­timai yerlərdə, hətta dövlət qurumlarında da asılıb. “Bu, yeddi rayonun Azərbayca­na qaytarılmaması variantının nəzərdə tutulmadığı şəraitdə baş verib”, – deyən baş nazir əlavə edib ki, ümumən danışıq­ların heç bir mərhələsində Qarabağa ai­diyyatı olmayan rayonların Azərbaycana qaytarılmaması kimi məqam yer almayıb.

N.Paşinyan bildirib ki, Azərbaycan­la Ermənistan arasında danışıqlar ge­də-gedə yeddi rayonun erməni toponim­ləri dövriyyəyə buraxılıb. Füzuli Varanda, Ağdam Akna, Qubadlı Sanasar, Zəngilan Kövsəkan, Cəbrayıl Mehakavan, Kəl­bəcər Karvaçar, Laçın Kaştağ adlandı­rılıb. “Beləliklə, birinci prezident Levon Ter-Petrosyanın ifadəsi ilə “ələ keçirilən” və keçmiş xarici işlər naziri Vardan Os­kanyanın dili ilə “işğal edilmiş” ərazilər (bunlar onların açıq şəkildə ifadə edilmiş formalarıdır – Paşinyan) “azad edilmiş” ərazilər kimi vətən sayılmağa başlanıb”, – deyən baş nazir bir daha vurğulayıb ki, bütün bunlar yalnız televiziya ekranla­rında baş verib. Danışıqlar isə Azərbay­can toponimlərindən istifadə olunmaqda davam edib, vətən elan edilən əraziləri alaq otları basıb, bəzi hallarda general­lar hərbi qulluqçuların əməyindən istifadə edərək, oraya buğda əkiblər.

N.Paşinyan Ermənistanda hakimiy­yət nümayəndələrinin bəyan etdikləri və Qarabağın Azərbaycanın ərazi bütövlüyü ilə guya, heç bir əlaqəsinin olmadığına, ərazinin 1991-ci ildə referendum yolu ilə Azərbaycan SSR-dən ayrıldığına və müstəqillik qazandığına dair fikirlərə də münasibət bildirib. Deyib ki, ölkəsinin o zamankı iqtidarı Qarabağın statusu ilə bağlı referendumun keçirilməsini nəzər­də tutan Madrid prinsipləri ilə razılaşdığı üçün 1991-ci il referendumunun nəti­cələrinin əhəmiyyəti və legitimliyi şübhə altına düşüb. Paşinyan əvvəllər olduğu kimi, yenə də təkrarlayıb ki, Ermənistan hakimiyyəti vaxtilə sözügedən prinsipləri qəbul etməklə, Qarabağın Azərbaycanın bir hissəsi olması ilə razılaşıb.

Baş nazir Paşinyan Ermənistanın ikinci prezidenti Koçaryanı Qarabağı da­nışıqlarda iştirak imkanından məhrum et­məkdə də günahlandırıb. “Koçaryan Qa­rabağı istənilən müstəqillikdən məhrum etdi və Qarabağ xalqının iradəsini pozdu. Üstəlik, o, bölgəni beynəlxalq səviyyədə tanınma statusundan da məhrum etdi”, – deyən Nikol onu da bildirib ki, nəticədə Qarabağ Rusiya, ABŞ, Fransa, Azərbay­can və Ermənistanla eyni masada təm­silçilikdən uzaq düşüb: “Bu, Qarabağın beynəlxalq subyektiv olmasının sonu idi”.

Paşinyan Koçaryanı 1998-ci il pre­zident seçkilərində saxtakarlıqla haki­miyyətə yiyələnməkdə və qeyri-legitim olaraq dövlət başçısı postunu tutmaq­da da ittiham edib. Çünki həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, onun prezidentliyə namizədliyini irəli sürmək hüququ yox idi. Ən əsası isə Nikolun sözlərinə görə, ikinci prezident Qaraba­ğın beynəlxalq səviyyədə tanınma və legitimlik əldə etmək şanslarını dünya ictimaiyyətinin Ermənistanda hakimiyyə­tin qəsb edilməsinə göz yumması üçün qurban verib.

Əvvəlcə bildirdik ki, Paşinyanın 44 günlük müharibə şəraitinin öyrənilmə­si üzrə istintaq komissiyasının iclasın­da səsləndirdikləri, onun Azərbaycanın gücü ilə hesablaşmasının nəticəsidir. Bu məqamı heç də əbəs yerə vurğulamadıq. Çünki Nikol hazırda 44 günlük mühari­bəyə görə sanki “günah keçisi” axtarı­şındadır. Və o keçi qismində ikinci pre­zident R.Koçaryanın timsalında özündən əvvəlki iqtidara yüklənmiş durumdadır. Əlbəttə, əli Azərbaycan xalqının qanına batmış Koçaryan da, ondan sonrakı pre­zident Serj Sarkisyan da cinayətkardır, bunlar öz yerində. 

Nikolun dünənki çıxışındakı qeyri-sə­mimilik isə bundadır ki, o, Qarabağın yalnız əvvəlki hakimiyyətin səhvi səbə­bindən, belə demək mümkünsə, əldən çıxdığı düşüncəsindədir. Yəni, Paşinyan üçün bölgənin əbədi və əzəli Azərbaycan torpağı olması məntiqi yaddır. Deməli, o, Azərbaycanın gücü qarşısında acizdir və dünənki çıxışı da, əslində, aciz liderin cı­lız manifestindən başqa bir şey deyil. 

Axı, “Qarabağ Ermənistandır –nöqtə” bəyanatını verən, “yeni ərazilər uğrun­da yeni müharibə” şüarını irəli sürən nə Koçaryan idi, nə də Sarkisyan. Bunu Paşinyan etmişdi. Baş nazirin hazırda söylədiklərindən belə nəticə doğur ki, o, hakimiyyətə yiyələnəndə də indi dilə gə­tirdiyi qənaətə gələrək, görüb ki, Qaraba­ğın, o cümlədən, digər Azərbaycan tor­paqlarının Ermənistana məxsusluğu ilə bağlı şans qalmayıb. Buna görə özünün inqilabi demokratiyanın qladiatoru kimi zənn edib, koçaryanların və sarkisyanla­rın tülkülüklə dalana dirədikləri danışıqlar prosesinə kökündən zərbə vurub. Nəticə­də Ermənistan üçün böyük rüsvayçılıqla bitmiş müharibə qaçılmaza çevrilib. 

Söhbət “günah keçisi”ndən düşmüş­kən, sonda onu da vurğulayaq ki, Pa­şinyan 44 günlük müharibə şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasının qapalı yox, açıq şəkildə keçiril­məsini istəyib. Yəni, özü bütün suallara açıq cavab verməyi vacib sayıb. Bu da təsadüfi deyil. Nikol yaxşı başa düşür ki, Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suverli­yini tanıması ona qarşı ciddi təzyiqlər do­ğurub. Buna görə çalışır ki, müharibə və Qarabağ danışıqları ilə bağlı bütün detal­ları açıqlasın və həmin təzyiqləri özün­dən uzaqlaşdırsın. Beləliklə də hakimiy­yətini saxlamaq üçün mənəvi immunitet qazansın. Bunu bacaracaqmı? Əlahəz­rət zaman göstərəcək. Hələlik isə Nikol keçmişdə eşələnməyində olsun. Nəzərə alaq ki, eşələnmək üçün yaxşı şərait də var. Çünki 44 günlük müharibə şəraitinin öyrənilməsi üzrə istintaq komissiyası ic­lasını iyulun 27-də davam etdirəcək. 

R.ƏVƏZ, “Xalq qəzeti”

Siyasət