Qərbdən Şərqə əsas yollar ölkəmizdən keçir

post-img

Dünən Baki Konqres Mərkəzində 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu öz işinə başlayıb. İlk dəfə təşkil olunmuş forum 31 may-2 iyun tarixlərində ölkəmizdə baş tutan 20-ci yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit va Logistika “Translogistica Caspian” sərgisi çərçivəsində keçirilib. 

Əlverişli coğrafi məkanda yerləşən Azərbaycanın nəqliy­yat-logistika sahəsində əhəmiy­yətli rolu “Translogistica Caspian” sərgisi çərçivəsində 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumunun təşkili zərurətini yara­dıb. Forumda Azərbaycanın dövlət qurumları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Beynəlxalq Ekspeditorlar Assosiasiyaları Fe­derasiyası, Beynəlxalq Logistika və Nəqliyyat İnstitutu, Dəmir Yolları Əməkdaşlıq Təşkilatı kimi qlobal təşkilatlar, müxtəlif ölkələrin nəq­liyyat ekspedisiya assosiasiyaları, xarici və yerli nəqliyyat sektorunun peşəkarları iştirak ediblər. 

Yeri gəlmişkən, ekspertlər 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumunu nəqliy­yat sektorunun həm yerli, həm də beynəlxalq oyunçular arasında məlumat və təcrübə mübadiləsi­nin aparılması, işgüzar ünsiyyət, netvorking və etibarlı biznes mü­nasibətlərinin qurulması, eləcə də mövcud biznes əlaqələrinin daha da genişləndirilməsinə imkan ya­ratmaq baxımından əhəmiyyət­li hesab edirlər. Bununla yanaşı sözügedən tədbir maraqlı tərəflər üçün yeni tərəfdaşlar qazanmaq və səmərəli əməkdaşlıqlar formalaş­dırmaq üçün önəmli platformadır.

Tədbirdə Azərbaycanın bey­nəlxalq logistika marşrutlarını bir­ləşdirərək nəqliyyat qovşağına çevrilməsi, tranzit perspektivləri, logistika məsrəflərinin optimallaş­dırılması, müasir logistikada yeni texnologiyalar və avtomatlaşdı­rılma, logistika sektorunda insan kapitali, peşə təhsili və təlimi kimi mövzular ətrafında geniş müza­kirələr aparılıb. 

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat na­zirinin müavini Samir Məmmədov çıxış edərək 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumunun əhəmiyyətindən söhbət açıb. Son illər Azərbaycanda həyata keçirilən nəqliyyat-logistika layihələrindən bəhs edən nazir müavini hazırda mühüm geosiyasi əhəmiyyət da­şıyan Zəngəzur dəhlizinin Cənubi Qafqazda sülhün bərqərar olması ilə yanaşı, təchizat zəncirinin təh­lükəsizliyi üçün də böyük əhəmiy­yət kəsb etdiyini diqqətə çatdırıb. O deyib ki, Zəngəzur dəhlizi üzərin­dən Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında reallaş­dırılacaq regional kommunikasiya layihələri, işğaldan azad edilmiş ərazilərin mövcud potensialından tam istifadə edilməsi davamlı və dayanıqlı inkişaf, Azərbaycanın Cənubi Qafqazda sülh və əmək­daşlıq erasını təşviq etməsi üçün geniş imkanlar yaradır. 

Qeyd olunub ki, hazırda işğal­dan azad edilmiş ərazilərdə da­ğılmış nəqliyyat infrastrukturunun yenidən qurulması, yeni avtomobil yollarının, dəmir yollarının inşası istiqamətində mühüm işlər görülür. Həmin ərazilər üzrə hazırlanmış Regional Nəqliyyat Baş Planının icrası istiqamətində ötən müddətdə mühüm işlərin həyata keçirildiyini vurğulayan S. Məmmədov 2024-cü ilin sonuna qədər yekunlaşdırılma­sı nəzərdə tutulan Horadiz-Ağbənd dəmir yolunun mühüm əhəmiyyət daşıdığını bildirib. 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov çıxışında Ba­kı-Tbilisi-Qars dəmir yolu xəttinin istismarından sonra Çindən Avro­paya, o cümlədən əks istiqamət­də daşınan yüklərin çatdırılma müddətinin dəniz daşımalarına nisbətən üç dəfəyədək qısaldığını və bunun nəticəsində son illərdə bu marşrut üzrə ticarət həcminin xeyli artdığını diqqətə çatdırıb. Ötən ilin avqustun 18-də “Azər­baycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihə­si çərçivəsində tranzit gömrük pro­sedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in imzalandığını xatırladan sədr müavini deyib ki, Orta Dəhliz üzərindən daşımaların artan dina­mikası marşrut üzərində yerləşən ölkələrdə tranzit prosedurlarının sadələşdirilməsini və vahid yanaş­ma əsasında icra mexanizmlərinin yaradılmasını zəruri edir. Bu sə­bəbdən Orta Dəhliz marşrutu üzə­rində yerləşən ölkələrin gömrük orqanlarını rəqəmsal həllərə əsas­lanmaqla vahid informasiya məka­nında birləşdirən tranzit portalının yaradılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov isə deyib ki, son 20 ildə Azərbaycan­da nəqliyyat sektoruna böyük in­vestisiyalar yatırılıb. Qeyd olunub ki, hazırda ölkəmizdə 70 mindən çox kiçik və orta biznes subyekti nəqliyyat, anbar təsərrüfatı, logis­tika sektorunda fəaliyyət göstərir ki, bu da ildə 1 milyard manatdan çox əlavə dəyər yaradır. Bunun qənaətbəxş olmadığını vurğulayan N. Həsənov KOB subyektləri üçün kifayət qədər geniş imkanların mövcudluğunu, onların nəqliyyat layihələrində daha fəal iştirakına ehtiyac duyulduğunu bildirib.

TRACECA–Avropa–Qafqaz–Asiya Beynəlxalq Nəqliyyat Dəhli­zinin baş katibi Asset Assavbayev bildirib ki, hazırda qlobal yük da­şıyıcıları xeyli sayda sənəd almalı olurlar. Baş katib deyib ki, qay­daların sadələşdirilməsi, gömrük prosedurlarının, peşəkar sürücülər üçün vizasız keçidin və digər xid­mətlərin rəqəmsallaşması üzərin­də ciddi iş aparılır.

Forumda, həmçinin Azərbay­can Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezi­denti Vüqar Zeynalov, Azərbaycan Dəmir Yolları QSC sədrinin müa­vini Emil Məmmədov, Dəmir Yol­ları Əməkdaşlıq Təşkilatının sədri Miroslav Antonoviç, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sədr müavini Tariyel Mirzəyev, “Silk Way West Airlines”in kommersiya üzrə vitse-prezident Vüqar Məm­mədov, “JSC Sinara Transport Machines” şirkətinin marketinq üzrə baş direktorun müavini Mixail Boyko və başqaları “Loqistika inf­rastrukturu və KOB-lar üçün yeni imkanlar” və “Tranzit Perspektivləri və beynəlxalq gömrük standartla­rına uyğunluq” adlı sessiyalarda çıxış edərək 1-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumunu əməkdaşlıq üçün mühüm platfor­ma kimi dəyərləndirib, təklif və mü­lahizələrini bölüşüblər. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat