Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi artır

post-img

Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 6 ölkəsinin 11 tanınmış neft şirkəti arasında 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin imzalanması müstəqil dövlətimizi qarşıya qoyduğu məqsədlərə doğru aparan böyük bir yolun başlanğıcı olub.

Bu saziş, eyni zamanda, təbii sər­vətlər amilinin Azərbaycanın gələcək inkişafındakı rolu barədə ictimai düşün­cəyə hakim kəsilən mücərrəd təsəvvür­ləri konkretləşdirdi, qarşıdakı istiqamət­lərə aydınlıq gətirdi. Azərbaycan, eyni zamanda, “Əsrin müqaviləsi” ilə özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mə­nafeləri, iqtisadi və strateji maraqları qorumaq əzmini sərgilədi. Bir sözlə, bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. “Azəri–Çı­raq–Günəşli” (AÇG) yataqlarından ha­silat isə 20 il əvvəl – 1997-ci ilin noyabr ayında başladı. İlkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehti­yatı 1.072 milyard ton həcmində müəy­yənləşdirilib.

Altı il bundan əvvəl – 2017-ci il sentyabrın 14-də Prezident İlham Əli­yev və birinci xanım Mehriban Əliye­vanın iştirakı ilə Bakıda Xəzər dənizi­nin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” ya­tağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imza­lanması mərasimi keçirildi. Saziş Azər­baycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Vi­desh” şirkətlərinin rəsmiləri tərəfindən imzalandı. Sənədə əsasən, BP layihə­nin operatoru olaraq qaldı. Saziş Milli Məclis tərəfindən həmin ilin oktyabrın 31-də ratifikasiya olundu.

Beləliklə, həmin tarix ölkəmizin həyatına çox əlamətdar bir gün kimi yazıldı, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandı.

Sazişin bir hissəsi olaraq SO­CAR-ın “Azəri-Çıraq-Günəşli” yata­ğındakı iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı və beynəlxalq tərəfdaş şirkətlərin Dövlət Neft Fonduna 3,6 mil­yard dollar bonus ödəyəcəkləri qərara alındı. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin isə 75 faiz təşkil edəcəyi nəzərdə tutuldu. Bununla da ölkəmizin ümumi mənfəət göstəricisi 89,1 faiz hesablandı ki, bu da gələcək­də yeni strateji layihələrə başlamağa zəmin yaratmaq demək idi.

Bu məqamda Azəri–Çıraq–Günəşli (AÇG) və Şahdəniz yataqları üzrə gə­lirlərə də nəzər salmaq istərdik. ARD­NF-dən verilən məlumata görə, 2022-ci il üzrə AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 9 milyard 889 milyon ABŞ dolları təşkil edib. Hesabat döv­ründə “Şahdəniz” yatağından (qaz və kondensat) isə gəlirlərin həcmi 1mil­yard 443 milyon ABŞ dolları olub. O cümlədən, “Şahdəniz” yatağı üzrə kon­densatın satışından əldə olunan gəlir­lər ötən ilin ilk 6 ayında 328,567 milyon ABŞ dolları təşkil edib.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən enerji forumunun panel icla­sında BP şirkətinin hasilat və əməliy­yatlar üzrə icraçı vitse-prezidenti Qor­don Birrel Azərbaycanın AÇG yataqlar blokunun çox unikal neft-qaz mənbəyi olduğunu bildirib. Q.Birrel burada zən­gin qaz ehtiyatlarının mövcudluğunu və bu potensialın reallaşdırılması is­tiqamətində tədbirlər həyata keçirildiyi­ni vurğulayıb. Xatırladaq ki, adıçəkilən yataqlar blokunun hasilatda olan layla­rının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirilməsi prosesinə başlanılıb. 

Bakı Enerji Forumunda çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz isə cari il “Şahdəniz” yatağın­dan hasilatın ən yüksək sabit səviy­yəyə çatdırılmasının planlaşdırıldığını, bu mərhələdə yatağın ildə təxminən 26 milyard kubmetr qaz hasil edəcəyini, bununla da regional və Avropa bazar­ları üçün enerji təchizatının təhlükəsiz­liyinə və diversifikasiyasına əlavə töhfə veriləcəyini deyib. 

O bildirib ki, hazırda “Şahdəniz” ya­tağından gündəlik 73 milyon kubmetr qaz hasil olunur və hasilatın tədricən artırılması davam etdirilir. “Şahdəniz” layihəsi demək olar ki, 100 faizə çatan fenomenal əməliyyat səmərəliliyinə malikdir. Eyni zamanda, BP yeni qaz mənbələri axtarır. Bu ilin əvvəllərindən başlayaraq “Şahdəniz”də istismarda olan məhsuldar layların altında daha çox qaz tapmaq üçün yeni kəşfiyyat quyusunun qazılması da həyata keçi­rilir və burada işin yaxın vaxtlarda ye­kunlaşdırılacağı nəzərdə tutulur. 

Bakı Enerji Forumunda respubli­kamızdakı neft və qaz hasilatında kar­bonsuzlaşdırmanın və emissiyaların azaldılmasının yollarının axtarılması məsələsinə də toxunulub. Məsələn, BP tərəfindən Azərbaycanın yataqlarında məşəlin müntəzəm yanmasını ara­dan qaldırmaq istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə başla­nılıb və emissiyaları 50 faiz azaltmaq üçün obyektlərdə metan detektorları­nın quraşdırılması diqqət mərkəzində saxlanılıb. Onu da qeyd edək ki, uzaq məsafədən idarə ediləcəyi və onun əksər sistemləri və proseslərinin avto­matlaşdırılacağı nəzərdə tutulan “Azə­ri-Mərkəzi-Şərqi” (ACE) platformasının daha az karbonlu olması da nəzərdə tutulub. 

Bütün bunlarla bərabər, BP tərəfin­dən “Şahdəniz” yatağında “Şahdəniz Alfa” platformasındakı dizel genera­torlarının “Şahdəniz Bravo”nun qazla işləyən daha az emissiyalı generator­larında hasil olunan enerji ilə əvəzlən­məsi üçün də tədbirlər həyata keçirilir. Bu, “Şahdəniz Alfa”dan karbon tullan­tılarının azaldılmasını və platformanın istismar səmərəliliyinin artırılmasını şərtləndirir. 

 

Eldəniz ƏMİROV,

enerji məsələləri üzrə ekspert

Azərbaycan neft ehtiyatlarına görə, dünyada 20-ci yerdə qərarla­şır. Qaz ehtiyatlarına görə isə belə deyil, ABŞ, İran, Rusiya, Qətər kimi ölkələrlə müqayisədə çox geridir. Buna görə də respublikamızın Avro­pa İttifaqının (Aİ) enerji təhlükəsiz­liyinin təmin edilməsində oynadığı rol 4-5 faiz həcmində qiymətləndiri­lir. Amma buna baxmayaraq, Azər­baycan tərəfindən Aİ ölkələrinin çox vacib nöqtələri qazla təmin olunur. Məsələn, Qərbi Avropa ölkələri okean üzərindən ABŞ-ın mayeləş­dirilmiş təbii qazı (LNG) və Norveç “mavi yanacağ”ı ilə təchiz edilir. Şərqi Avropa ölkələrində isə məhz Azərbaycan qazına daha çox ehti­yac duyulur. Cənub Qaz Dəhlizi bu təchizatı gerçəkləşdirməyə imkan verir. 

Bu dəhlizin sonuncu seqmen­ti olan Trans-Adriatik Boru Kəməri (TAP) isə Yunanıstan və Türkiyə sərhədindən başladığına görə, Yu­nanıstanın şimal qonşuları Rumıni­ya, Macarıstan, Slovakiya daxili qaz şəbəkələri vasitəsilə Azərbaycan qazını nəql edə bilir. Bu şəbəkələri paralel olaraq yeniləmək və geniş­ləndirmək imkanları da Azərbaycan qazının interkonnektorlar vasitəsilə həmin ölkələrə nəqlini reallaşdırılır. 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi is­tiqamətində son illərdəki addımları ABŞ tərəfindən yüksək dəyərləndiri­lir. Belə ki, Rusiya–Ukrayna müha­ribəsinin başlamasından sonra Av­ropa ölkələri kəskin enerji böhranı yaşayır. 

Belə bir şəraitdə nəinki 10-a yaxın Avropa ölkəsindən Azərbay­can qazının tədarükü ilə bağlı müra­ciət daxil olub, hətta ölkə başçımızın bu istiqamətdə fəaliyyəti ABŞ Pre­zidenti Cozef Bayden tərəfindən də müsbət qarşılanıb. Çünki ABŞ-ın bir növ təkidi ilə Avropanın bir çox ölkə­si sanksiyalara qoşularaq Rusiyanın enerji resurslarından imtina edib. 

Həmin ölkələr ABŞ-ın başladığı kampaniyadan kənarda qala bil­məməklə bərabər enerjisiz də qala bilməz. Belə vəziyyətdə Azərbay­can bu ölkələrin köməyinə çatıb. Respublikamızın xüsusilə də Şərqi Avropa ölkələrinin enerji təchiza­tında yardımçı mövqe sərgiləməsi bu dövlətlərin ABŞ-a qarşı neqativ baxışlarının azalmasını şərtləndirib. Buna görə ABŞ prezidenti son üç məktubunun hər birində məhz enerji təhlükəsizliyi sahəsində Azərbay­canın oynadığı rola görə Prezident İlham Əliyevə təşəkkür edib. 

Azərbaycan, həm də alternativ enerji strategiyasını tətbiq etməyə başlayıb. Bununla bağlı Gürcüs­tan, Rumıniya və Macarıstanla Buxarestdə “yaşıl enerji” sahəsin­də strateji tərəfdaşlığa dair Saziş imzalanıb. Nəticədə Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin Qara dənizin dibi ilə Avropaya ixracı nəzərdə tutulub. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”





İqtisadiyyat