4 ayda ümumi ixrac 12,6 milyard dollara çatıb

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanan “İxrac icmalı”nın may sayına əsasən, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ümumi ixracı 12,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,2 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac keçən ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz artıb. Bu ilin yanvar-aprel ayları ərzində yeyinti məhsulları üzrə ixrac 236,2 milyon ABŞ dollarına bərabər olub. “İxrac icmalı”nın məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1 faiz artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8 faiz artaraq 74,7 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahı­sında elektrik enerjisi (313,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (54,2 milyon ABŞ dolları) ikinci, meşə fındığı (47,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Cari ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 405,4 milyon ABŞ dolları, Rusiya Federasiyası­na 285,2 milyon ABŞ dolları, Gürcüstana 142,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 49,2 milyon ABŞ dolları, Qazaxıstana isə 34,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sekto­runa aid mal ixrac olunub. Bu dövrdə qeyri-neft ixracı 275 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,3 milyon ABŞ dolları, qeyri-yeyinti məh­sulları üzrə isə 208,7 milyon ABŞ dollarına bə­rabər olub.

Hesabat dövründə qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (65,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,4 milyon ABŞ dolları) üçüncü olub. Aprel ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (32,6 milyon ABŞ dolları) birinci, pomidor (tomat) (23 milyon ABŞ dolları) ikinci və qızıl (18,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. 

“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin may ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkə­zi vasitəsilə həyata keçirilmiş qeyri-neft ixracı­nın dəyəri 9,7 milyon ABŞ dolları olub.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkos­mos”) tərəfindən dünyanın 42 ölkəsinə 6,2 mil­yon ABŞ dolları dəyərində peyk telekommuni­kasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. Cari ilin aprel ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

“Xalq qəzeti”

İqtisadiyyat