Azərbaycanın qaz ehtiyatları yenidən qiymətləndiriləcək. Bu məqsədlə hazırda “Ümid”, “Babək”, “Abşeron”, “Naxçıvan”, “Şəfəq–Asiman” kimi yataqların potensialının bir daha nəzərdən keçirilməsi planlaşdırılır.
Bunu cümə günü Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Enerji Həftəsi çərçivəsində keçirilən 28-ci Bakı Enerji Forumu zamanı bildirib. O deyib ki, adıçəkilən yataqların potensialının nəzərdən keçirilməsi və yenidən texniki qiymətləndirmə aparılması nəzərdə tutulur. Bununla bağlı SOCAR-ın Fransanın “TotalEnergies” şirkəti ilə əməkdaşlıq edəcəyini vurğulayan X.Yusifzadə bu məqsədlə may ayının əvvəlində müvafiq memorandum imzalandığını xatırladıb.
“Xalq qəzeti”