Kişineu sammiti Hayastanda “siyasi təzyiqi” qaldırıb

post-img

İyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən qeyri-rəsmi görüş Hayastanda ciddi əndişə yaradıb. Görüşdə hər hansı konkret razılığın əldə olunmadığına, o cümlədən, hansısa sənədin imzalanmadığına baxmayaraq, hayların radikal kəsimi Azərbaycanla istənilən normallaşmanın qeyri-mümkünlüyünü və buna qarşı çıxacaqlarını bildirirlər. Obrazlı desək, daş atıb başlarını tuturlar.

Belə yaramazlardan biri Qarabağ­dakı separatçı rejiminin sabiq “dövlət naziri” Ruben Vardanyandır. O, Kişineu görüşünün keçirildiyi gün – iyunun 1-də “Artsax təhlükəsizlik və inkişaf cəbhəsi” adlı qondarma ictimai hərəkatının təsis yığıncağında bildirib ki, dünya Qarabağ ermənilərinin Azərbaycanın həyata ke­çirmək istədiyi plana tabe olmayacağını anlamalıdır.

Maraqlıdır ki, Vardanyan bu ilin fev­ralında Azərbaycanın israrlı tələbindən sonra öz “vəzifəsindən” istefa verməyə məcbur olsa da, qondarma “hökumət”in adından danışmağa cəhd edib: “Bu, təkcə “Artsax hökuməti”nin deyil, öz hüquqları uğrunda mübarizə aparmağa hazır olan bütün xalqın (?) mövqeyidir. Bu mövqenin eşidilməsi, Ermənistanın və erməni dünyasının ona qoşulması vacibdir”.

O vurğulayıb ki, təşəbbüskarlar “təhlükəli laqeydliyə və biganəliyə qalib gələrək” ideya ətrafında birləşmək üçün hərəkata başlayıblar: “Biz, həmçinin ic­timai hərəkat vasitəsilə “hökumət”in qə­bul etdiyi qərarlara təsir göstərmək niy­yətindəyik. Bu təzyiq dağıdıcı və ziyanlı deyil, sağlam və faydalı olmalıdır”.

Yığıncaqda gizli səsvermə yolu ilə qondarma “ictimai hərəkat”ın şurasının tərkibi seçilib və haylara müraciət qəbul edilib. “Artsax xalqı” ciddi ontoloji (var­lıq) çağırışlarla üzləşib. Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın indi­ki hakimiyyəti Azərbaycanın 86,6 min kvadratkilometrdə ərazi bütövlüyünü ta­nıyaraq “Artsax”ı açıq şəkildə düşmənə təslim edir. Bu, həlledici andır, gecikmə geridönməz nəticələrə səbəb olacaqdır. Tariximizin bu dağıdıcı gedişatını yalnız 1988-ci il milli oyanış və mübarizə ruhu­nun bərpası yolu ilə dayandırmaq olar”, –deyə müraciətdə vurğulanır.

***

Radikal-revanşist kəsimin daha bir nümayəndəsi, 1998-2008-ci illərdə xa­rici işlər naziri olmuş, hazırda Civilitas Fondunun təsisçisi Vardan Oskanyan da dilə gəlib. Hazırda 68 yaşı olan, buna baxmayaraq iflic xəstəliyi səbəbindən çox qoca görünən, ayaq üstdə güclə dayanan Hələb ermənisi “Mediamaks” üçün məqaləsində yazıb: “2018-ci ildə hakimiyyət dəyişikliyindən – seçimin yanlış edildiyi artıq bəlli olandan sonra erməni xalqı dayanmadan alçaldılma dövrünə qədəm qoyub. 44 günlük mü­haribədəki ağır məğlubiyyətin rüsvay­çılığın zirvəsi olduğu güman edilirdi. Ancaq Nikol Paşinyan “Artsax”ı əvvəlcə şifahi şəkildə Azərbaycana təhvil verən­də məlum oldu ki, bu belə deyil. Şübhə­siz ki, onu tezliklə yazılı şəkildə də təhvil verəcək. ABŞ-ın Azərbaycan Preziden­tinin “Artsax hakimiyyəti”nin amnistiya­sına dair xoş niyyətini alqışlaması bizim üçün daha bir aşağılanma, daha bir rüs­vayçılıq damcısı oldu”.

V.Oskanyan əlavə edib ki, ABŞ-ı itti­ham etməyə ehtiyac yoxdur: “Burada bir günahkar var. O da Ermənistanın indiki hakimiyyət orqanlarıdır. Bu rüsvayçılıq­dan qurtulmağın və vəziyyəti kökündən dəyişməyin yeganə yolu xalq təzyiqi ilə bu hakimiyyəti istefaya məcbur etmək­dir. Hesab edirəm ki, bu gün bütün er­mənilərin Ermənistan hakimiyyətinin etdiyi bu tarixi ədalətsizliklərə (?) qarşı səsini ucaltmaqdan və “Artsaxın təslim edilməsi” prosesindən imtina etmək tələbindən başqa prioriteti yoxdur”.

Hayların sabiq baş diplomatının fikrincə, Ermənistan Azərbaycanla hər hansı sənəd imzalamaqdan yayınmaq şansına malikdir: “Bunun hamı üçün çox aydın başa düşülən və əsaslı səbəblə­ri var. Lakin Nikol Paşinyan hər hansı sənədi imzalamaq istəyirsə, Qarabağın gələcək statusu ilə bağlı qeyd-şərtlə imzalamalıdır. Əgər Paşinyan şifahi de­diklərini imzalasa, bu, erməni xalqı üçün ən böyük rüsvayçılıq və geridönməz milli faciə olacaq”.

***

“Tarixçilər gələcəkdə bu baharı uğursuzluq baharı, rüsvayçılıq baharı, “Artsax”dan imtina baharı” adlandıra bilərlər, lakin mən inanıram ki, gələcək tarixçilərin böyük əksəriyyəti bu baharı pislərin baharı və ya pislərin son baha­rı adlandıracaq”. Bunu isə iyunun 2-də keçirdiyi mətbuat konfransında Respub­likaçılar Partiyasının icraçı orqanının üzvü, 2011-2019-cu illərdə Ermənistan parlamenti sədrinin müavini olmuş Ed­vard Şarmazanov bildirib.

Şarmazanovun daha sonra dediklə­ri Hayastandakı mövcud ictimai-siyasi vəziyyətin üzə çıxarılması baxımından maraq doğurur: “Ermənistandakı hakim rejimin – xuntanın başçısı Nikol Paşin­yan bu yaz həyasızcasına və açıq şəkil­də bəyan etdi ki, “Artsax” Azərbaycandır və nöqtə. Paşinyan bu yaz əlinə çəkic götürərək üçüncü Ermənistan Respubli­kasının tabutuna son mismarı vurdu. O, Qarabağı Azərbaycanın bir hissəsi elan edib, digər tərəfdən isə “soyqırımının” beynəlxalq səviyyədə tanınmasından imtina edib”. Şarmazanovun sözlərinə görə, Ermənistan cəmiyyətinin vəzifəsi “mənəvi, siyasi və intellektual elitanı” bir araya toplamaq və dövlət əleyhinə fəa­liyyətə qətiyyətlə “yox” deməkdən ibarət olmalıdır: “Nikol uğur qazanmağa mü­vəffəq olsa, bu o deməkdir ki, 30 yaşlı Ermənistan sıfır dəyərə malikdir”.

O vurğulayıb ki, Ermənistanın hazır­kı hakimiyyətinin təqdim etdiyi gündəlik sülh deyil, təslimçilik gündəliyidir: “Er­mənistan kapitulyant və onun yığnağı ilə təmsil olunduğundan, təəssüf ki, bu kapitulyasiya xarici siyasətin əsas oyun­çuları tərəfindən də müsbət qarşılanır”.

***

Ermənistan parlamentindəki müxa­lifətçi “Şərəfim var” fraksiyası isə dünən “Kadastr sənədinin köməyi ilə vətən, yoxsa “soyqırımı” mövzusunda din­ləmə keçirib. Dinləmələrdə çıxış edən fraksiyanın katibi, deputat Tiqran Ab­ramyan bildirib ki, son beş ildə cəmiy­yətin diqqəti İrəvanda Ermənistan və Qarabağda ərazi, insan itkisinə, ləyaqət və nüfuzunun əldən getməsinə gətirib çıxaran qüvvənin hakimiyyətdə qalma­sı üzərində cəmləşməlidir. O qeyd edib ki, bu, Ermənistan və Qarabağı hərraca çıxarmaq təşəbbüsüdür və təkcə Qara­bağın yox, həm də Ermənistanın itiril­məsinə gətirib çıxaracaq.

Bundan əlavə, İsveç və Almaniyanın erməni icmaları (Almaniya Erməniləri Mərkəzi Şurası və İsveç Erməni Asso­siasiyaları İttifaqı) N.Paşinyanın Qara­bağı Azərbaycanın bir hissəsi kimi tanı­mağa hazır olmasını pisləyib, separatçı rejimin bəyanatını dəstəkləyib.

“California Courier” qəzetinin naşiri və redaktoru Harut Sasunyan isə fikirlə­rini yazdığı məqalədə çatdırıb: “2020-ci il müharibəsindən sonra baş nazir Nikol Paşinyan dəfələrlə Qarabağın Azərbay­canın bir hissəsi olduğuna eyham vu­rub. Bu, illərdir onun mövqeyidir. O, bir jurnalist kimi hakimiyyətə gəlməmişdən xeyli əvvəl hesab edirdi ki, “Artsax” Er­mənistan üçün yükdür. 2022-ci ilin ap­relində Paşinyan parlamentdə deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanı “Art­sax”ın statusu ilə bağlı “planka”nı aşağı salmağa çağırıb. Bu ilin əvvəlində Pa­şinyanın partiyasının deputatlarından biri belə bir məğlubiyyət tonu ilə çıxış etdi: biz üç milyon ermənini “Artsax”ın 120 min sakini üçün riskə ata bilmə­rik. Nəhayət, 2023-cü ilin mayın 22-də İrəvanda 4,5 saatlıq mətbuat konfransı zamanı Paşinyan açıq şəkildə təsdiqlə­di ki, onun Azərbaycan kimi tanıdığı əraziyə Qarabağ da daxildir. Bu həmin şəxsdir ki, 2019-cu ilin avqustun 5-də Xankəndidə (H.Sasunyan hay xislətinə uyğun olaraq “Stepanakert” yazır-S.H) “Artsax” vətəndaşlarının qarşısına çıxıb qışqırıb: “Artsax Ermənistandır və nöqtə”. Vəziyyəti daha da ağırlaşdıran Paşinyanın anklavların (Ermənistanın daxilində yerləşən keçmişdə azərbay­canlıların yaşadığı kəndlər) elan etdiyi 29,8 min kvadratkilometr əraziyə daxil olmadığını etiraf etməsidir. Paşinyan kimi təcrübəsiz, səriştəsiz və məğlub bir şəxs ölkəyə rəhbər olanda və istefa verməkdən imtina edəndə belə olur”.

Məqalədə daha sonra deyilir: “Pa­şinyan bilməlidir ki, Azərbaycanla han­sısa kağızı imzalasa, Qarabağı buraxıb Azərbaycanla sülh bağlasa, erməni xalqı onun qanunsuz qərarlarını etibar­sız hesab edəcək. Ermənistanda yeni milli hökumət hakimiyyətə gələn kimi, ilk gündən Paşinyanın bütün məğlubiyyət və anti-erməni qərarlarını ləğv edəcək və yenidən nəzərdən keçirəcək. Bu, təkcə mənim fikrim deyil. Ötən həftə Er­mənistanda, Qarabağda və diasporda bir sıra iri erməni strukturları Paşinyanın “Artsax”ı təslim etməsini pisləyən bə­yanatlar veriblər. Siyahıya bütün ermə­nilərin katolikosu II Qaregin, Böyük Kili­kiya Evinin katolikosu I Aram, Amerika Erməni Yevangelist Cəmiyyəti, Erməni İnqilabi Federasiyası-Daşnaksütyun, Erməni Demokratik-Liberal Partiyası, Erməni Ümumi Xeyriyyə Birliyi daxildir. Ermənistan xalqı Paşinyana qarşı va­hid cəbhə yaratmalı, onun İrəvandakı iqamətgahı qarşısına yüz min və daha çox erməni toplaşıb dərhal istefasını tələb etməlidir. Əgər belə birləşmiş və kütləvi güc nümayişi təşkil olunmasa, Paşinyan həm Qarabağı, həm də Ermə­nistanı məhv edənə qədər hakimiyyətdə qalacaq”.

Ancaq bütün bu etirazlara baxma­yaraq, erməni cəmiyyəti radikal-revan­şist kəsimin çağırışına cavab vermir. Görünən odur ki, sadə ermənilər də nəyahət, regionda sülhün bərqərar ol­masını istəyir, Qarabağ məsələsinin on­ları inkişafdan saxlayan faktor olduğunu başa düşürlər. Bu baxımdan, İrəvanda revanşistlərin, yaxud Xankəndidə sepa­ratçıların nə deməsi elə bir əhəmiyyət daşımır. Paşinyan özü isə dünən “Fa­cebook” səhifəsində yazıb: “Ermənistan Respublikasının baş naziri kimi mən bir nəticə əldə etmək istəyirəm. İstəyirəm ki, gələcək nəsillərimizə Ermənistan Respublikasının “kadastrı”nın tamam­lanmış və tam “şəhadətnaməsi” qalsın”. Paşinyanın bu qənaəti “Dəmir yum­ruq”un nəticəsidir. “Dəmir yumruq” isə yerindədir. Onun zərbəsini revanşistlə­rin, daşnakların və separatçılar yenidən hiss etməsi zaman məsələsidir.

 

İlyas HÜSEYNOV, 

politoloq

– Kişineu görüşündən sonra Er­mənistanda müxalifətin iqtidara qarşı çıxışları artıb. Paşinyanın əleyhinə olan qüvvələr bir sıra detalları əldə rəhbər tuturlar. Əgər anklavların qay­tarılması məsələsi olacaqsa, bu Er­mənistanda ağrılarla müşahidə oluna­caq, iqtidara qarşı böyük hərəkətlilik yaranacaq. Bundan Ermənistanda ha­kimiyyəti devirmək istəyən qüvvələr yararlanmağa çalışacaqlar. Paşinyanı təslimçi, satqın, xain adlandıracaq­lar. Vətən müharibəsinin yekunları­nı təsdiqləyən üçtərəfli Bəyanatdan sonra da biz bu fikirləri görürdük. Ancaq ardınca Paşinyanın seçkidə qalib gəlməsi, müəyyən mənada, bir sıra suallara aydınlıq gətirdi. İndi də prosesləri kənardan idarə edən qüv­vələr var. Aydındır ki, Paşinyan həm diasporla, həm də kilsə ilə nəyisə bö­lüşə bilmir. Onlar, sanki, ayrı planet­də yaşayır, regiondakı yeni reallıqları qəbul etmirlər. Ancaq Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin qu­rulması Ermənsitan tərəfindən ərazi bütövlüyümüzün tanınması ilə nəti­cələndi. Bu tanınma delimitasiya pro­sesinə, anklavlara və Qarabağdakı er­mənilərin reinteqrasiya prosesinə təsir göstərəcək. Sadaladığım məsələlər həll edilsə, sülh müqaviləsi daha tez imzalanar və etibarlı olar.

 

Səxavət HƏMİD,

“Xalq qəzeti”



Siyasət