Türkiyə yeni qaz ölkəsinə çevrilir

post-img

Türkiyə Cümhuriyyəti ötən həftə özünün enerji təhlükəsizliyinin təminatında mühüm addım atdı. “Mavi yanacağ”a olan tələbatını idxal qazı hesabına həyata keçirən qardaş ölkə Qara dənizdə hasilata başlamaqla, həm də adını Avropa qaz istehsalçılarının sırasına yazmağa müvəffəq oldu. 

Məlum olduğu kimi, Türkiyənin illik qaz istehlakı təqribən 50 milyard kubmetr təşkil edir. Hazırda qardaş ölkə təbii qaza olan tələbatının yalnız 1 faizini daxili im­kanlar hesabına ödəyir. Təbii qazın 99 faizi isə Azərbaycan, İran və Rusiyadan alınır. Bu sahədə idxaldan asılılığı azalt­mağı hədəfləyən Türkiyə Qara dəniz qa­zına böyük ümid bəsləyir. Elə ekspertlər də “Sakarya” yatağının açılmasını daxili bazarın tələbatının əhəmiyyətli dərəcədə ödənməsinə mühüm töhfə, Türkiyə tarixi­nin isə ən böyük kəşfi kimi dəyərləndirirlər. 

Xatırladaq ki, 2020-ci ilin avqustunda “Sakarya” qaz yatağındakı “Tuna-1” quyu­sunda “Fatih” qurğusu tərəfindən aparılan qazma işləri nəticəsində 320 milyard kubmetr təbii qaz kəşf edilmişdi. Həmin ilin oktyabrında “Dunay-1” quyusunda qazma işləri başa çatdıqdan sonra quyudakı ehti­yatın əvvəlcədən proqnozlaşdırıldığından (85 milyard kubmetr) qat-qat çox, 405 mil­yard kubmetr olması aşkar edilmişdi. 

Bütövlükdə isə, Türkiyədə indiyə­dək kəşf olunan qaz ehtiyatlarının ümu­mi həcmi 710 milyard kubmetr təşkil edir. 

Ekspertlər hesab edirlər ki, Qara dəni­zin təbii qazı gələcəkdə Türkiyənin Avra­siya məkanında bir enerji gücü olmasına imkan yarada bilər. Belə ki, qardaş ölkənin qaz istehsalçısına çevrilməsi ona enerji bazarında ciddi üstünlüklər qazandıra­caq. Bu üstünlük, həm də Türkiyənin yeni enerji gücü olmasına imkan yarada bilər. Ekspertlərin fikrincə, Qara dənizdə yeni qaz yatağının istismarına başlanılması Türkiyənin, hələlik, bir enerji nəhənginə çevrilməsi üçün yetərli olmasa da, bu, uğurlu bir başlanğıc mərhələsi kimi diqqət çəkir. Qara dənizdə kəşf edilən qazın da­vamı olacağı təqdirdə isə, Türkiyə gələ­cəkdə özünü böyük bir enerji gücü kimi tanıda bilər. 

May ayından etibarən Qara dəniz qazı abonentlərin istifadəsinə veriləcək. Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez yerli mediaya müsa­hibəsində deyib. Nazirin sözlərinə görə, bu sahədə müəyyən prosedur qaydalar icra olunacaq və may ayından başlayaraq vətəndaşlar mətbəxlərində yerli qazdan istifadə edə biləcəklər. Təbii qazın isteh­salının həm dövlətə, həm də vətəndaşlara xeyir verəcəyini vurğulayan nazir, həmçi­nin qeyd edib ki, Türkiyə yeni qaz yataq­larının kəşfi istiqamətində də işləri davam etdirəcək. 

Yeri gəlmişkən, ötən ilin yayından eti­barən Türkiyə Şərqi Aralıq dənizində təbii qaz yataqlarının kəşfiyyatını bərpa edib. Xatırladaq ki, qardaş ölkəyə məxsus 4-cü qazma gəmisi olan “Abdülhamid Han” “Yörüklər-1” quyusunda ilk qazma işlə­rinə başlayarkən Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez “Twitter” he­sabında belə bir paylaşım etmişdi: “Qara dənizin sevincini bu dəfə Aralıq dənizində yeni müjdələrlə yaşatmaq qərarı vermişik. Mühəndislərimizin alın təri və millətimizin duaları ilə gəmimizin qazma işləri uğurlu olsun”. Nazir onu da qeyd etmişdi ki, Tür­kiyənin Aralıq dənizindəki müstəsna iqti­sadi zonasında hasil olunacaq qaz digər ölkələrlə birgə Avropaya da tədarük edilə bilər.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Türkiyənin qaz hasilatçısı yoluna çıx­ması ötən həftənin əsas enerji hadisəsi idi. Fikrimcə, Qara dənizdə yandırılan atəşin alovu insanlara təkcə yerli təbii sərvətin istiliyini gətirmir, həm də o istilik­dən yarana biləcək enerjini ortaya qoyur. Bu, bir növ, ötən əsrin sonlarını yadımıza saldı. “Azəri-Çıraq-Günəşli” neft layihəsi ölkəmizi büsbütün dəyişdi. Yeni əsrin ilk illərində isə “Şahdəniz” qazı ilə “mavi yanacaq” idxalçısından ixracatçıya çev­rildik. 

Qardaş Türkiyə Qara dənizdə qaz hasilatına başlaması ilə yeni bir sahədə dünya rekorduna imza atdı. Belə ki, “Sa­karya” adlı yatağın açılmasından onun istismara verilməsinə cəmi 32 aya nail oldu. İndiyə qədər dünyada dəniz ya­taqlarının işlənməsində belə bir sürətli işlənmə qeydə alınmayıb. Sahildəki Filos terminalına qədər 170 kilometr aralıda və dənizin 2200 metrdən çox dərinliyindən təbii qazın hasilatı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, “ölkənin enerji asılılığının azaldılmasında mühüm bir addımdır”. 

Türkiyə əldə etdiyi bu tarixi nailiyyətə 10 min insanın əzmkarlığı sayəsində nail oldu. Qeyd edim ki, “Sakarya” strukturu üzrə kəşfiyyat işləri 2017-ci ildə başlanıl­mışdı. 2020-ci ilin avqustunda “Fatih” və “Kanuni” gəmilərindən aparılan kəşfiyyat qazma əməliyyatları nəticəsində qaz ya­tağı açıldı. Ötən il iyunun 13-də yataqdan sahilə doğru sualtı kəmərin tikintisinə başlanıldı və ilin sonunda tam istifadəyə verildi. 

Bu ilin sentyabrına qədər yataqda 10 quyu işlənməyə cəlb ediləcək. Hər quyu­dan isə 1 milyon kubmetr qaz çıxarılma­sı planlaşdırılır. Bütövlükdə isə 2026-cı ilədək bu yataqdan illik 3,5 milyard ku­bmetrdən artıq qazın əldə edilməsi göz­lənilir. Daha sonra isə hasilat gündəlik olaraq 40 milyon kubmetrədək, yəni illik 15 milyard kubmetrədək artırılacaq. Bu isə Türkiyənin həmin il qaz istehlakının 30 faizə qədəri deməkdir.

Son illərin gedişatına baxdıqda Tür­kiyə qədər ikinci bir ölkənin özünün enerji təhlükəsizliyini artırmaq yolunda belə bir uğura nail olmasını söyləmək çətindir. Belə ki, Türkiyənin enerji resursları, fak­tiki olaraq, yoxdur, 99 faiz idxaldan ası­lı ölkədir. Özü də bu qardaş ölkə bütün növ enerjini idxal edir: xam neft, təbii və maye qaz, neft məhsulları və hətta elektriki də. Ona görə də müxtəlif zamanlar­da Türkiyə hökumətinin qarşısında duran əsas məsələ enerji daşıyıcılarının axtarı­şı və xarici enerji mənbələrindən asılılığı azaltmaqdan ibarət olub. Amma onilliklər boyu aparılan kəşfiyyat işləri Türkiyənin quru ərazisinin enerjidaşıyıcılarından ka­sad olduğunu ortaya çıxardı. Buna görə ruhdan düşməyən Türkiyə hökuməti də­nizdə axtarışlara başladı. Aralıq dənizin­də qazılan quyular nəticəsiz qaldığından qardaş ölkə üzünü Qara dənizə tutdu. Burada geoloji kəşfiyyat işlərinin mürək­kəb olmasını nəzərə alaraq dünyanın ən müasir qazma gəmilərinə sahib çıxdı. Və 2020-ci ilin yayında Türkiyənin dövlət şirkəti TPAO “Tuna-1” kəşfiyyat quyusu ilə ölkənin ilk dəniz qaz yatağını açma­ğa nail oldu. Bununla da, özünün enerji təhlükəsizliyinin təminatında ciddi uğura imza atan qardaş Türkiyə idxal qazından asılılığını əhəmiyyətli şəkildə azaltmaq imkanı qazandı. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat