Özəl bölmə iqtisadiyyatın aparıcı qüvvəsidir

post-img

“Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsaslanan “2022‒2026-cı illərdə social-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan layihələrin reallaşması ilə qarşıdakı 3 ildə ölkə iqtisadiyyatında mühüm uğurlar əldə ediləcəyi, iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacağı, xüsusilə məşğulluğun dayanıqlığının daha da güclənəcəyi proqnozlaşdırılır. 

Ekspertlər həmin müddətdə özəl sektorun, o cümlədən mikro, kiçik və orta sahibkarlığın inkişafının yeni və daha səmərəli stimullar hesabına sürət­lənəcəyini, özəl və xarici investorların respublika iqtisadiyyatında fəallığının artacağını, qeyri-xammal ixracının ge­nişlənəcəyini bildirirlər. Qeyri-neft-qaz sektoruna, xüsusilə ərzaq təhlükəsizli­yinin daha da gücləndirilməsini reallaş­dıran, ixrac potensialının artırılmasına, kənd yerlərində rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli aqrar istehsal və emalı sənayesinə dövlət dəstəyi və investisiyalar cəlb olunaca­ğı, innovasiyalar, habelə dövlət‒özəl tərəfdaşlığı ilə bu sahədə resurs və xid­mət təminatının möhkəmlənəcəyinə də əminlik ifadə olunur. 

Qeyd edək ki, son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində qey­ri-neft sektorunda özəl bölmənin payı əhəmiyyətli dərəcədə artıb. Özəl sek­torda inkişafın əsas aparıcı qüvvəsi qeyri–neft–qaz özəl investisiyaları olub. İqtisadiyyatda kiçik və orta biznesin do­minantlığı xeyli yüksəlib. Xüsusilə döv­lət investisiyaları hesabına yaradılan müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyib.

Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasətin nəticəsin­də 2022-ci ildə iqtisadi artım 4,6 faiz təşkil edib, xüsusilə qeyri-neft-qaz sektoru 9,1 faiz artıb. Bu dövrdə qey­ri-neft-qaz sektoruna qoyulan vəsaitin həcminin 14 faiz artması, əsas kapitala yatırılan investisiyaların 70 faizinin bu sahəyə yönəldilməsi respublikada sa­hibkarlığın inkişafının real göstəricisidir. Özəl sektorun iqtisadiyyatın apa­rıcı qüvvəsinə çevrilməsi, sahibkar­lığın ümumi daxili məhsulda payının 81 faizə, məşğulluqda payının isə 77 faizə çatması da gerçəkləşdirilən is­lahatların məntiqi nəticəsidir. 

Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən biznes subyektlərinin 99,7 faizini kiçik və orta biznes (KOB) subyektləri təşkil edir. Kiçik və Orta Biz­nesin İnkişafı Agentliyi özünün hədəf seqmentləri olan startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin yara­dılmasından başlayaraq fəaliyyətinin bütün mərhələlərində müxtəlif vasitələr­lə onlara dəstək göstərməklə dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynayır. 

KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentli­yinin fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində kiçik və orta biznes subyektlərinin sayı 45 faiz artaraq 356 minə yaxınlaşıb. Bu dövr ərzində həmin qurumların qeyri-neft ÜDM-də payı 23,5 faizdən 26,6 faizə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3 faizdən 59,8 faizə yüksəlib.

İqtisadiyyat Nazirliyinin məlumatı­na əsasən, Vətən müharibəsində tarixi zəfərimizlə işğal altındakı ərazilərimiz düşməndən azad edildikdən sonra özəl sektorda Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq işlərinə böyük maraq yaranıb. Buna görə də indiyədək adıçə­kilən nazirliyə özəl sektor nümayən­dələri tərəfindən bərpa prosesində işti­rak məqsədilə 1400-dən çox müraciət daxil olub. Sənaye, kənd təsərrüfatı, ticarət və xidmətlər sahəsini əhatə edən 73 investisiya layihəsi üzrə işlərə artıq başlanılıb.

İşğaldan azad edilmiş ərazilərin bər­pası və ölkənin yeni inkişaf strategiyası böyük həcmli maliyyə vəsaitləri tələb edir. Ona görə də təbiidir ki, iqtisadi qu­ruculuq üçün investisiyaların cəlb edil­məsi getdikcə daha da aktuallaşır. Döv­lət üzərinə düşən hər bir şeyi edir. Belə ki, 2023-cü ildən başlayaraq bölgədə sahibkarlıq fəaliyyətinin cəlbediciliyini reallaşdırmaq məqsədilə düşməndən təmizlənən ərazilərdə rezidentlər 10 il müddətində mənfəət (gəlir), əmlak, tor­paq və sadələşdirilmiş vergidən azad edilir, onların sosial sığorta ödənişləri dövlət büdcəsi hesabına subsidiyalaş­dırılır. 

Bütün bunlarla bərabər, özəl təşəb­büslərin stimullaşdırılması məqsədilə həmin torpaqlarda istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı göm­rük-vergi güzəştləri müəyyənləşdirilib, idxal 10 il müddətində ƏDV-dən azad edilib, digər zəruri addımlar atılıb.

Mirağa ƏHMƏDOV,
iqtisadçı-ekspert

Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyi, ünvan­lılığı və şəffaflığı getdikcə gücləndi­rilir. Uğurlu nəticələrə malik ölkələrin təcrübələri əsasında biznes star­taplarının və inkubatorlarının, ixrac­yönümlü istehsal və xidmətlər üzrə biznes layihələrinin dəstəklənməsi mexanizmləri davamlı olaraq təkmil­ləşdirilir. 

Bütün bunlarla yanaşı, iqtisadiy­yatda dövlətin bilavasitə iştirakı op­timallaşdırılır, strateji sahələr istisna olmaqla dövlət mülkiyyətindəki ak­tivlər mərhələli şəkildə özəlləşdirilir, nəticədə dövlət resurslarına olan tələbat və risklər azalır. Həmçinin özəlləşdirilməsi müəyyən müddət məqsədəuyğun hesab olunmayan təsərrüfat subyektlərinin kommer­siyalaşdırılması və ya idarəetməyə verilməsi yolu ilə səmərəlilik göstəri­cilərinin daha da yaxşılaşmasına nail olunur. 

Bu məqamda bir məsələni də qeyd etmək istərdim. Hökumət tərəfindən sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə artıq yeni rəqəmsallaşma layihəsi real­laşdırılıb. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın fərdi sahib­karlar üçün nəzərdə tutulan həlli ha­zırlanaraq istifadəyə verilib.

Artıq fiziki şəxs kimi VÖEN əsa­sında fəaliyyət göstərən sahibkarlar da SİMA rəqəmsal imzanın təqdim etdiyi innovativ üstünlüklərdən ya­rarlanmaqla xidmət mərkəzlərinə getmək və növbələrdə vaxt itirmək kimi çətinliklərdən azad olacaqlar. Bununla da, SİMA mobil tətbiqində qeydiyyatdan keçib rəqəmsal imza əldə edən hər bir iş adamı daha son­ra VÖEN-i daxil etməklə 3 illik ödə­nişsiz fərdi sahibkar imza sertifikatı əldə edəcək.

Yeri gəlmişkən, SİMA yeni nəsil rəqəmsal imza sahibkarlara limitsiz sənəd imzalama, avtorizasiya və imzalanmış sənədlərin həqiqiliyinin yoxlanılması imkanı verir. Eyni za­manda, fərdi sahibkar banklar vasitə­silə kredit müraciəti, kart hesabının açılması və digər əməliyyatları hə­yata keçirərkən, sığorta şirkətlərinin istənilən xidmətindən yararlanarkən sənədləri bu xidmət vasitəsi ilə rahat və çevik şəkildə imzalaya bilir. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”



İqtisadiyyat