Ermənistan tarana gedir

post-img

Ermənistan özünü tarana aparır. Ölkə Azərbaycanla sülh danışıqlarından yayınır, müxtəlif mənasız məsələləri gündəmə gətirməklə, müzakirələrin əsl mahiyyətini heçə endirmək yolunu tutur. Başqa sözlə, ənənəvi inkarçılığa söykənmiş davranışları ilə şıltaqlıq edir. 

İrəvanın siyasi dairələrinin hərəkət­lərindən o da anlaşılır ki, hansısa mü­cərrəd qüvvələr köməklərinə çatacaq və üstünlüyünə yiyələnmələrinə şərait yaradacaqdır. Azərbaycan Preziden­ti İlham Əliyev isə dəfələrlə vurğulayıb ki, Ermənistana heç bir qüvvə yardım göstərməyəcəkdir, hansısa tərəfin bu is­tiqamətdəki siyasəti iflasa uğrayacaqdır. Dövlətimizin başçısı öz mövqeyini tam əminliklə dilə gətirib. Hazırda da Bakı diktə edən tərəfdir. Azərbaycanın prin­siplərindən geri çəkilməyəcəyi gün kimi aydındır. 

Əlbəttə, Ermənistanda da durumun qəti səciyyə daşıdığını anlayanlar var. Ancaq ənənəvi inkarçıların yaratdıqla­rı isterik ab-havanın fonunda onların səsi eşidilmir. Ölkədə vəziyyəti düzgün dəyərləndirmək yönümlü çağırışlar, az qala, xəyanət kimi qiymətləndirilir. Məhz, buna görə loyallardan kimsə əlini daşın altına qoymaq istəmir. Görünür, heç kəs hay-küyçülərin – revanşistlərin və avantüristlərin xain damğası ilə üz­ləşmək niyyətində deyil. 

Belədə bir sıra suallar yaranır: Ha­zırkı geosiyasi səciyyə daşıyan regio­nal mühitdə Ermənistanın aqibəti necə olacaq? Ölkə bölgənin yeni şəkillənmə­sində hansı statusda iştirak edəcək? Nəzərə alaq ki, haqqında söz açdığımız şəkillənmənin baş verməsi mütləqdir. Nəhayət, Ermənistan, bir dövlət kimi, mövcud olacaq, yoxsa yox? Axı, ge­niş düşünəndə bu coğrafiyada erməni dövlətinin varlığının özü erməni qövmü üçün böyük şeydir... 

Nəzərə alınmalıdır ki, Ermənistan dövləti adlı struktur, prinsip etibarilə, konstruksiyadır, quramadır, köklü deyil. Yəqin, elə bu səbəbdən erməni cəmiy­yəti dövlətçilik təfəkküründən çox, tayfa və qəbilə düşüncəsindədir, yəni, dövləti düşünmədiyindən, onun itirilməsini he­sablamayacaq qədər iflicdir. 

Bəli, indi beynəlxalq oyunçular, Cə­nubi Qafqazda Ermənistan adlı dövlətin mövcudluğunda maraqlı olanlar çalışır­lar ki, reallıqları iflic durumda olan ermə­ni cəmiyyətinə anlatsınlar. Bu mənada Moskva Dövlət Universitetinin dosenti, tarixçi-ekspert Fyodr Qaydanın söylə­dikləri maraq doğurmaqdadır.

*** 

F.Qayda “News.am”ın “Güc faktoru” proqramındakı çıxışında bəzi maraqlı məqamlara toxunaraq bildirib ki, Ermə­nistan dialoqun tərəfi olduğunu anlama­lıdır. Yəni, masa ətrafında əyləşməlidir. Bu yerdə Azərbaycanın Xarici işlər na­ziri Ceyhun Bayramovun bir neçə gün öncəki açıqlamasını yada salmaq istər­dik. Cənab Bayramov Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ABŞ-da təyin olunmuş görüşü ilə bağlı məsələni şərh edərkən, Birləşmiş Ştat­lara İrəvanı danışıqlar masası ətrafında əyləşməyə razı saldığı üçün təşəkkü­rünü bildirib. Deməli, bir daha İrəvanın masa ətrafında əyləşmədiyi təsdiqlənir. F.Qayda isə deyir ki, “insan ətrafında heç nə hiss etməyəndə başını divara çırpa bilər”. Və deməli, Ermənistanın hərəkətləri başını divara vurmaq kimi qarşılanır. Faktiki olaraq, ekspert onu da deyir ki, İrəvan maraqları nəzərə almağı öyrənməli, bütün tərəfləri eşitməyə ça­lışmalıdır: “Yalnız bundan sonra hansı­sa perspektiv var, əks halda perspektiv yoxdur. Nəyisə xilas etmək üçün harada aşağı olduğumuzu başa düşməliyik”. 

F.Qayda Ermənistan ərazisindən Naxçıvana quru yolla bağlı məsələyə də toxunub. Bildirib ki, dəhlizlə bağlı söh­bət gec-tez aparılacaq. Ekspert dəhlizin Ermənistan yurisdiksiyasında saxlanı­lacağına inandığını dilə gətirib. Ancaq məlumdur ki, İrəvan buna da etiraz edir. Qayda isə daha böyük məqamın üzə­rinə gəlir, Ermənistanın və Rusiyanın Azərbaycanla Türkiyə arasında nəqliy­yat əlaqəsini təmin etməsini qaçılmaz proses kimi dəyərləndirir. Məsələnin İrəvan üçün önəminə gəldikdə, rusiyalı mütəxəssisin fikrincə, dəhliz mövzu­sunda kompromiss Ermənistanın Qa­rabağın erməni əhalisinin varlığı üçün təminat almasıdır. Onun sözlərinə görə, prosesdə qarant rolunda çıxış edən tərəf Rusiyadır. Əks halda, bölgədə sonu olmayan oyunlar gedəcəkdir ki, mövcud xüsusda zəif düşən tərəf İrəvan olacaqdır.

F.Qaydanın Ermənistanı və erməni cəmiyyətini xəbərdar edən fikirləri yal­nız qeyd etdiklərimizlə məhdudlaşmır. Bildirir ki, Cənubi Qafqazda Azərbay­can üçün yeganə maraq Qarabağ deyil. Ekspert bu baxımdan ölkəmizin digər ərazilərini Naxçıvanla birləşdirən quru yolunun üzərinə yenidən gəlir. Bu yolu vacib geosiyasi və geoiqtisadi marş­rut kimi səciyyələndirir. Azərbaycanın Türkiyə ilə birbaşa nəqliyyat əlaqəsinin olması istəyini qabardan ekspertin söz­lərindən belə qənaət formalaşır ki, hələ­lik mövcud xüsusdakı müzakirə ekstra­territorial dəhliz məntiqindən uzaqdır və baxışlarda başlıca leytmotiv həm də dəhliz üzərində Ermənistanın yurisdiksi­yasının saxlanılmasıdır. 

Ancaq F.Qayda problemin mahiy­yətinin İrəvanın özünü gələcəkdə necə aparmasına uyğun dəyişə biləcəyini də vurğulayır. Məhz bu yanaşması onu deməyə əsas verir ki, ekspertin dediklə­ri Ermənistana reallıqlarla barışmaq ça­ğırışıdır. “İştah diş altındadır”, – deyən Qayda, faktiki olaraq, bildirir ki, hazırda Ermənistanın danışıqlar aparmaması münaqişəni davamlı məcraya salır. Mü­naqişə davam etdikdə isə tələblər də ar­tır. “İndiki halda, region elədir ki, tələblər sonsuza qədər arta bilər. Bunu nəzərə almaq lazımdır. Buna görə danışıqlara nə qədər tez başlanılsa, bu, hamı üçün bir o qədər yaxşı olar, əks halda çox şey baş verə bilər”, – deyə ekspert fikrinə aydınlıq gətirib.

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət