Ohanyan Qarabağ ermənilərinə “status” dilənir

post-img

Bugünlərdə Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki müxalif “Ermənistan” farksiyasının rəhbəri Seyran Ohanyan Qarabağ erməniləri ilə bağlı yeni çağırış səsləndirib. Belə ki, Ohanyan parlamentdə İsveçrənin Ermənistandakı səfiri ilə keçirilən görüşdə Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsinin vacibliyinə toxunub. O, qeyd edib ki, “Artsax xalqı” yalnız beynəlxalq təhlükəsizlik zəmanəti verildiyi təqdirdə Qarabağda özünü təhlükəsiz hiss edə bilər.

Hərbi uğursuzluğu siyasi müstəvidə çözmək cəhdi

Aydındır ki, “Ermənistan” fraksiya­sının Qarabağda referendumun keçiril­məsi və ermənilərin öz müqəddəratını bu yolla təyin etməsi ilə bağlı səsləndir­diyi təklif mövcud reallıqdan tamamilə uzaqdır. 

Birincisi, ona görə ki, Azərbaycan 44 günlük Vətən müharibəsinə qədər Qarabağ bölgəsindəki ermənilərə ən yüksək səviyyədə özünüidarə hüququ verməyə hazır olduğunu bəyan etsə də, Ermənistan heç vaxt rəsmi Bakının bu təklifini təqdir etməyib, problemin sülh yolu ilə həlli istiqamətində heç bir addım atmayıb. 

İrəvan bir milyondan çox azərbay­canlının hüquqlarını kobud şəkildə pozaraq dədə-baba yurdundan silah gücünə didərgin saldığı insanların öz doğma torpaqlarına qayıtmasına im­kan verməyib. Azərbaycan Qarabağı silah gücünə - üç min şəhidin canı ba­hasına azad edib. Bu isə o deməkdir ki, Qarabağdakı bütün xalqların öz müqəddəratını təyinetmə hüququ 8 Noyabr Zəfəri ilə müəyyənləşir. Bu isə o deməkdir ki, Qarabağ Azərbaycandır və burada yaşamaq istəyən hər kəs birmənalı şəkildə Azərbaycan Respub­likasının qanunlarına tabe olmalıdır. 

“Ermənistan” fraksiyasının Qara­bağda referendumun keçirilməsi təklifi 44 günlük müharibədəki məğlubiyyətin nəticələrini siyasi müstəvidə dəyişmək cəhdidir. Hansı ki, Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyev 8 Noyabr zəfərindən sonra verdiyi açıqlamalarda separatçıların bütün arzularının, o cümlədən referendum arzusunun tarixin zibilliyinə atıldığı­nı vurğulamış və bildirmişdir ki, bu məsələlərə hansısa formada geriyədö­nüş heç vaxt baş verməyəcək.

İkincisi, tarixi Azərbaycan torpağı olan Qarabağda hətta sovet dönəmin­də belə mütləq üstünlük azərbaycanlı­lara məxsus idi. Bu torpaqlarda məh­dud sayda erməni yaşayırdı ki, onların da hamısı sonradan, süni şəkildə yer­ləşdirilən şəxslər idi. Ohanyanın indi bir ovuc erməniyə görə referendum keçirmək çağırışı xırda bir gölməçəyə görə böyük bir dəryanı çalxalanadır­maq təklifinə bənzəyir ki, bu da gülünc və mümkünsüzdür.

Qatil xilaskar qiyafəsində...

Azərbaycan xalqına qarşı ağır hər­bi cinayətlər törədən Ohanyanın, eyni zamanda, öz separatçı, militarist, faşist siyasəti ilə erməni toplumuna da ağır bəlalar gətirdiyi məlumdur. Bu gün də erməni sepratizminin əsas simaların­dan biri olan Ohanyan, Ermənistan­da revanşizmin alovlanmasına cəhd göstərir, öz siyasi ambisiyalarını yeni müharibələr, yeni qurbanlar hesabına təmin etməyə çalışır. Maraqlıdır ki, öz xalqının qatili olan, onu Azərbaycanla toqquşmalara sürükləyən Ohanyan İsveçrənin Ermənistandakı səfiri ilə gö­rüşündə özünü erməni toplumunun xi­laskarı, onun aqibətindən narahat olan şəxs kimi təqdim edir. 

Əslində, “Ermənistan” fraksiyasının məlum görüşdə səsləndirdiyi təkliflərin hamısı Ermənistanı yenidən Azərbay­canla üz-üzə qoymağa xidmət edir. Çünki Ohanyan yaxşı bilir ki, onun səs­ləndirdiyi təkliflərin qəbulu Azərbaycan üçün mümkünsüzdür və rəsmi Bakı bu məsələlərdə heç bir güzəştə getməyə­cək. Məhz bu səbəbdən də sözügedən təkliflərin icrasında təkid edən Ohan­yan, Azərbaycanla Ermənistan arasın­da yeni bir gərginlik yaratmağa çalışır. Məqsəd növbəti qarşıdurma fonunda siyasi dividend əldə etmək, öz rəqib­lərinə qarşı mübarizədə daha ciddi üs­tünlüyə nail olmaq, hakimiyyət pirami­dasının zirvəsində təmsil olunmaqdır. Ancaq Ohanyanın nə arzulamasından asılı olmayaraq, reallıq dəyişməz ola­raq qalır: Ermənilər üçün Qarabağda yaşamağın yeganə yolu Azərbaycan Bayrağına ehtiram göstərmək və onun qanunlarına tabe olmaqdır! Bunun fövqündə heç bir istisna yoxdur və heç vaxt da olmayacaq!

Seymur ƏLİYEV

Siyasət