Orta Dəhliz çərçivəsində əməkdaşlıq genişlənir

post-img

Prezident İlham Əliyev bu il yanvarın 18-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı Azərbaycanda investisiya mühitinin çox müsbət olduğunu, xarici və yerli investisiyaların lazımınca qorunduğunu vurğulayaraq bildirmişdi ki, qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar ölkəmiz üçün əsas prioritetlərdən biridir. Həmçinin ölkəmizin Bakı yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonasının açılmasının sonuncu mərhələsində olduğunu diqqətə çatdıran dövlət başçımız Çin şirkətlərinin bu fürsətlərə diqqət yetirəcəklərinə ümidvar olduğunu söyləmişdi. 

Azərbaycan–Çin iqtisadi əməkdaşlı­ğının nəticəsi olaraq bugünlərdə Çin Xalq Respublikasının “Shandong Port Group”-un idarə heyətinin sədri və baş direktoru Li Fenqlinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfər edib. Səfə­rin məqsədi Şandonq Port Qrupu ilə Azər­baycanın bir sıra dövlət orqanları və qu­rumları, o cümlədən Bakı Limanı arasında əməkdaşlığı inkişaf etdirmək, mövcud biznes və ticarət imkanlarının daha da ge­nişləndirilməsi barədə müzakirələr apar­maqdır. Səfər çərçivəsində aprelin 17-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı arasında anlaşma memorandumu imzalanıb. Bakı Limanın­dan verilən məlumata görə, memorandu­mun əsas məqsədi Azərbaycandan keçən Orta Dəhliz vasitəsilə daha böyük həcm­də tranzit yük axınını cəlb etmək, adıçə­kilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq və inkişaf etdirməkdir. 

Bakı və Qinqdao limanları arasında imzalanmış memorandumun şərtlərinə əsasən, tərəflər liman işinin təşkili və biz­nes tərəfdaşları ilə əlaqələr sahəsində müasir həllərdən istifadə edərək ən yax­şı təcrübə, rəqəmsal həllər, davamlılıq və texnologiyaların tətbiqi sahəsində əmək­daşlıq edəcəklər. Eyni zamanda, liman­lar arasında müasir bilik və bacarıqların öyrənilməsi məqsədilə qarşılıqlı səfərlər və təcrübə mübadilələrinin həyata keçiril­məsi nəzərdə tutulur. Anlaşma memoran­dumuna görə, həm də Yaponiya, Cənubi Koreya və digər Şərq ölkələrindən gələn yüklərin Qinqdao Limanından Orta Dəh­liz vasitəsilə Azərbaycandan daşınması mümkün olacaq. Bütövlükdə isə anlaşma memorandumu tərəflər arasında əmək­daşlığı genişləndirməklə yanaşı, Azərbay­can–Çin ticarət-iqtisadi əlaqələrinin inki­şafına mühüm töhfə verəcək. 

Məlumat üçün bildiririk ki, Qinqdao limanının daxil olduğu “Shandong Port Group” Çin daxilində və ölkə xaricində son dərəcə sürətlə inkişaf edən beynəlxalq şirkətdir. Tərkibinə 5 liman ərazisi daxil olan Qinqdao isə Çinin 3-cü ən böyük li­manıdır. Çin, Mərkəzi Asiya və Avropaya yük nəqlində xüsusi paya sahib olan bu limanlar qrupu 2022-ci ildə dünya üzrə re­kord həcmdə, 1,6 milyard tondan çox yük aşırıb. Üstəlik, adıçəkilən limanlar qrupu ötən il TEU ekvivalentində 37 milyondan çox konteyner aşıraraq dünya üzrə 3-cü yeri tutub. 

Yeri gəlmişkən, Prezident İlham Əliyev Davosda çinli jurnalistin suallarını cavab­landırarkən Azərbaycan hökumətinin mövcud olmayan infrastruktura investi­siya yatırmağa başladığını vurğulayaraq demişdi: “Son 10 il ərzində biz Xəzər də­nizində ən böyük ticarət limanlarından biri­ni, bəlkə də ən böyüyünü inşa etdik. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik”.

Hazırda isə Bakı Limanının tikintisinin 2-ci mərhələsinin layihələndirilməsi üzrə işlər davam etdirilir. Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, bu iş­lərin 2023-cü ilin sonunadək yekunlaşdı­rılması planlaşdırılır. Onun sözlərinə görə, layihə hazırlandıqdan sonra model təq­dim olunacaq və Bakı Limanının inkişafı məhz bu modelə əsasən davam etdirilə­cək. “Burada söhbət dövlət-özəl sektorun tərəfdaşlığından, yaxud 2-ci mərhələnin tamamilə dövlətimizin hesabına reallaşdı­rılmasından gedir”, – deyə o əlavə edib. 

T. Ziyadov 2-ci mərhələ çərçivəsində konteyner daşımalarına xüsusi diqqət ay­rılacağını vurğulayaraq deyib ki, Çinlə Av­ropa arasında böyük sayda konteynerlər aşırılır və Azərbaycan bu prosesdə hab (qovşaq) rolunu oynayır. Məlum olduğu kimi, ötən il Bakı Limanı 52,3 min kontey­ner aşırıb. Xatırladaq ki, birinci mərhələ çərçivəsində il ərzində 100 min konteyner aşırmaq mümkündür. İkinci mərhələ real­laşdırıldıqdan sonra bu göstərici 500 min konteynerə çatdırılacaq. Bakı Limanının olduqca strateji bir məkanda yerləşdiyini bildirən T. Ziyadov qeyd edib ki, limanın min kilometrlik radiusunda 140 milyon əhali yaşayır. Bu isə o deməkdir ki, qov­şaq olaraq bütün bu əhalinin logistik xid­mətləri məhz Bakı Limanı vasitəsilə həya­ta keçiriləcək.

Yeri gəlmişkən, 2022-ci ilin yekun­larına əsasən, Bakı limanı vasitəsilə 6,3 milyon tondan artıq yük aşırılıb ki, bu da 2021-ci illə müqayisədə 14 faiz çoxdur. Bütövlükdə isə, ikinci mərhələ üzrə ge­nişləndirmə işləri tamamlandıqdan sonra Bakı Limanı vasitəsilə il ərzində 25 milyon ton yük aşırmaq mümkün olacaq. Bu da böyük konteyner terminalının tikintisinin ortamüddətli və uzunmüddətli perspektivi­nin zəruriliyindən xəbər verir.

Yaxın zamanlarda isə Bakı limanın­da taxıl yük terminalının inşasına başla­nılması planlaşdırılır. Limandan verilən məlumata görə, artıq investorların cəlb olunması üzrə danışıqlar və layihə işləri tamamlanıb. Gələn ayın sonunadək isə Bakı Limanında mineral gübrə termina­lının tikintisinin tamamlanması nəzərdə tutulur. Terminalın işə salınması iyun–iyul aylarında gözlənilir. Limandan verilən məlumata görə, yeni terminalın illik gücü 1-1,5 milyon ton təşkil edəcək. Bununla da, mineral gübrələrin aşırılmasında lima­nın ümumi potensialı ildə 2,5 milyon tona çatdırılacaq. Hazırda Mərkəzi Asiyadan Qərbə böyük həcmdə mineral gübrələrin aşırıldığını nəzərə alsaq, yeni terminalın böyük əhəmiyyət daşıyacağı bir daha ay­dın olar. 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat