BMT-nin Xüsusi Proqramında iştirak edən dövlətlərin nazirlərinin görüşü

post-img

İsveçrənin Cenevrə şəhərində SPECA-nın iştirakçı dövlətlərinin nazirlərinin BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə dialoqu çərçivəsində regional əməkdaşlıq üzrə çoxtərəfli məsləhətləşmələr və ikitərəfli görüşlər təşkil edilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirlərdə iştirak edən Azərbayca­nın iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA ilə ölkəmiz arasında uzunmüddət­li əməkdaşlıq əlaqələrini, üzv dövlətlərlə iqtisadiyyatın bir çox sahələrində həm hökumətlərarası səviyyədə, həm də Proq­ram çərçivəsində geniş əməkdaşlıq edildi­yini vurğulayıb. Regional nəqliyyat-tranzit marşrutlarının potensialından istifadənin önəmini vurğulayan nazir deyib: “SPE­CA-ya üzv ölkələrin əksəriyyətinin açıq dənizə çıxışı olmadığına görə, iqtisadiy­yatlarımızın səmərəliliyini artırmaq üçün beynəlxalq və regional nəqliyyat dəhlizlə­rinə cəlb olunma mühüm əhəmiyyət kəsb edir. Tarixi İpək Yolu üzərində geniş iqti­sadi zolağın yaradılmasının tərəfdarı olan ölkələrimiz müxtəlif istiqamətlərdə tranzit daşımalarının səmərəli təşkilinə təminat verir”. Diqqətə çatdırılıb ki, son illərdə Azərbaycan yol-nəqliyyat infrastrukturu­nun inkişafına, o cümlədən müasir dəmir yolu şəbəkəsinin, dəniz limanlarının, geniş avtomobil yolları şəbəkəsinin tikintisinə irihəcmli sərmayələr yatırıb. Ölkəmizin iş­ğal altında olan ərazilərinin azad edilməsi regional nəqliyyat və logistika marşrutları­nın inkişafına yeni təkan verib.

Keçirilmiş görüşlərdə SPECA çərçi­vəsində çoxtərəfli əməkdaşlıq imkanları ilə bağlı məsləhətləşmələr, ölkələrimiz arasında tərəfdaşlığın inkişafı, inteqrasiya­nın dəstəklənməsi, dünya iqtisadiyyatına qoşulma prosesinin asanlaşdırılması ilə bağlı müzakirələr aparılıb. Bundan başqa, SPECA regionunda tranzit marşrutlarının şaxələndirilməsi, ticarət və nəqliyyatın asanlaşdırılması, rəqəmsallaşma və “yaşıl” transformasiya, SPECA Etimad Fondunun yaradılması, bu il quruma üzv dövlətlərin Zirvə görüşünün Bakıda keçirilməsi və “BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün Xüsusi Proqramının 25-ci ildönümü­nün qeyd edilməsi haqqında” BMT Baş Assambleyasının 78-ci sessiyası zamanı irəli sürüləcək qətnamə layihəsi ilə bağlı geniş müzakirələr aparılıb, iştirakçı döv­lətlərin nazirlərinin Birgə Bəyanatı qəbul edilib.

“Xalq qəzeti”

Son xəbərlər