Xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,6 faizə qədər azalıb

post-img

Maliyyə Nazirliyinin yaydığı məlumata əsasən, ölkəmizin birbaşa xarici dövlət borcunun səviyyəsi ilin əvvəli ilə müqayisədə 13,5 milyon ABŞ dolları həcmində azalaraq aprelin 1-nə 6 milyard 679,7 milyon ABŞ dolları təşkil edib.

Daxili dövlət borcalmasının həcmi­nin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sı­na uyğun olaraq xarici borcun daxi­li borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində 2022-ci ilin sonu ilə müqayisədə birbaşa daxili dövlət borcunun səviyyəsi mütləq ifa­dədə 180,5 milyon manat məbləğində artmaqla aprelin 1-nə 4 milyard 368,7 milyon manat təşkil edib.

Göründüyü kimi, Azərbaycan xa­rici dövlət borcu sahəsində davamlı şəkildə müsbət göstəricilər əldə edir. Bu, vurğulandığı kimi, xarici dövlət bor­cunun daxili dövlət borcu ilə əvəzlən­məsinin, dövlət borcunun idarəsi üzrə strategiyanın uğurla gerçəkləşdirilmə­sinin nəticəsidir.

Xatırladaq ki, ötən il xarici borcun əhəmiyyətli şəkildə azaldılması və daxili borc bazarının inkişaf etdirilməsi ilə diqqət çəkib. Bu məsələdə yuxarı­da xatırlatdığımız “Azərbaycan Res­publikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi əhəmiyyətli rol oynayıb. 

Həmin strategiyada qeyd olunan strateji məqsədlər üzrə müəyyənləşdi­rilən hədəflərə nail olunub, həm orta­müddətli, həm də uzunmüddətli dövrdə dövlət büdcəsinin maliyyə ehtiyacları nəzərə alınmaqla dövlət borcunun da­yanıqlılığı gerçəkləşdirilib. 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilə­dək 20 faizdən aşağı salınması qarşıya mühüm vəzifə kimi qoyulub. 

Növbəti strateji məqsəd kimi daxi­li borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması hesabına məzənnə riskinin aşağı salınması, faiz dərəcələrinin ar­tım riskinin qarşısının alınması məqsə­dilə dəyişkən faizli borcların sabit faizli borclarla əvəzlənməsi nəzərdə tutulur. Yuxarıda adıçəkilən strategiyanın təs­diqləndiyi 2018-ci il iyulun 1-dən eti­barən ümumi dövlət borc portfelində xarici valyutada olan borcun payı 94 faizdən 20 faiz bəndi azaldılaraq cari ilin əvvəlinə 74 faiz təşkil edib, müva­fiq olaraq daxili valyutada olan borcun payı isə 6 faizdən 26 faizə qədər yük­səlib.

Sonda mühüm bir məqamı da qeyd edək. Bloomberg agentliyinin yaydığı məlumata əsasən, Beynəlxalq Valyuta Fondu (BVF) bu günlərdə xəbərdarlıq edib ki, qlobal dövlət borcu görünmə­miş səviyyələrə çatmaq üzrədir. BVF-nin maliyyə məsələləri departamenti­nin rəhbəri Vitor Qaspar jurnalistlərə müsahibəsində Çin və ABŞ-ın qarşıda­kı beş il ərzində gözlənilən borc artımı­na görə, məsuliyyət daşıdığını bildirib.

V.Qaspar BVF-nin “Fiskal Moni­tor” hesabatının qısa şərhini də verib: “2023-cü ildə dövlət borcunun pan­demiyadan əvvəl gözləniləndən daha yüksək olduğu bir vəziyyətdəyik”. O əlavə edib ki, Birləşmiş Ştatlarda iqti­sadi məhsulun faizi kimi dövlət borcu­nun - borcun ÜDM-ə nisbətinin - 2027-ci ilə qədər pandemiya dövründəki pik həddini keçəcəyi gözlənilir. Bu arada, Çinin borcunun ÜDM-ə nisbətinin hər il artacağı ehtimal olunur. BVF-nin mə­lumatına görə, Pekinin borc yükünün 2028-ci ilə qədər pandemiyadan əv­vəlki səviyyədən iki dəfə çox olacağı proqnozlaşdırılır.

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

“Fitch Ratings” beynəlxalq agentliyi Azərbaycanın xarici val­yutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnoz­la “BB+” səviyyəsində təsdiqləyib. Reytinq ölkəmizin çox güclü xarici balansı, müvafiq ölkələr qrupunda ən aşağı dövlət borcu və suveren fond aktivlərindən maliyyələşmə çe­vikliyi ilə dəstəklənib.

Beynəlxalq agentliyin məluma­tına əsasən Azərbaycanın strateji valyuta ehtiyatları 2022-ci ildə 5,9 milyard ABŞ dolları artaraq, 58 mil­yard dollara çatıb. “Fitch Ratings” Azərbaycanın suveren aktivlər üzrə xalis mövqeyinin 2023-2024-cü illər­də 10,9 faiz bənd artaraq, ÜDM-in 68,7 faizinə çatacağını proqnozlaş­dırıb ki, bu da reytinq qrupunda ən yüksək göstərici hesab edilib. 

Azərbaycanın xarici dövlət bor­cu keçən ilin əvvəlində ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, ilin yekunlarına görə bu, 9,5 faizə­dək azalıb. Bu azalma dövlətin bey­nəlxalq maliyyə institutlarından ası­lılığının minimuma enməsinə səbəb olub. Xarici dövlət borcu Maliyyə Nazirliyinin dövlət istiqraz emissi­yası vasitəsilə azaldılıb. Son bir ildə dövlət istiqrazlarının həcmi 1,87 dəfə, yəni 1 milyard 184 milyon ma­nat artıb. 2021-ci ildə Maliyyə Nazir­liyi 1 milyard 356 milyon manat həc­mində istiqraz emissiya edib. Ötən il isə bu emissiyanın həcmi 2 milyard 540 milyon manat olub. Bunun va­sitəsilə xarici dövlət borcu son 1 ildə 13 faiz azalaraq 8,1 milyard dollar­dan, 7,1 milyard dollaradək enib.

Qeyd edim ki, istiqraz bazarı Azərbaycanda son illər inkişaf et­məkdədir və dövlətin bazarı stimul­laşdırmaq üçün atdığı son addımlar əhalinin vəsaitlərini bu yöndə inves­tisiya etməsinə imkan yaradacaq. Xarici dövlət borcunun Maliyyə Na­zirliyinin istiqrazları vasitəsilə azal­dılması dövlət istiqrazları bazarına müsbət təsir edib. Həmçinin fevralın 1-dən fiziki şəxslərin bank depozit­lərinin faiz gəlirlərinin vergiyə cəlb olunması əmanətçiləri bu bazara ya­tırım etməyə həvəsləndirəcək. Çün­ki dövlət istiqrazlarının faiz gəlirləri vergidən azaddır. Bank əmanətinə alternativ maliyyə aləti olan istiq­razların bir çox üstün konturları da var. Bank əmanətini vaxtından əvvəl götürdüyünüz zaman yığılmış faiz­lər əmanətçiyə verilmir, lakin dövlət istiqrazlarına vəsaitini yerləşdirən əmanətçilər pullarını istədikləri vaxt yığılmış vəsaitlə birlikdə geri götürə bilirlər. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat