Bu gün ölkəmizdə səmərəli fəaliyyət göstərərək ən az resurslar sərf etməklə daha yüksək kənd təsərrüfatı məhsulların istehsalına nail olmaq qarşıya mühüm vəzifə kimi qoyulub. Kiçik fermer təsərrüfatları ilə bu məqsədi reallaşdırmaq mümkün deyil. Çünki sahibkarın sərəncamında kiçik həcmdə torpaqla onun təsərrüfatı rentabelli işləyə bilmir, xərcləri kifayət qədər çox olur, bazar və ixracyönümlü məhsul istehsalının təşkili potensialı aşağı düşür. Nəticədə kiçik sahibkarlıq təsərrüfatlarında müxtəlif səbəblərdən (maliyyə, texnika və s.) yüksək iqtisadi artım qeydə alınmır.
Digər tərəfdən kiçik təsərrüfatlarda kənd təsərrüfatı texnikalarından istifadə də səmərəli deyil. Ona görə ki, məsələn, traktorların qiymətləri xərcləri ilə birlikdə markasından asılı olaraq 25–30 min dollar arasında dəyişir.
Bu cür şəraitdə Azərbaycanda kişik fermer təsərrüfatlarının iri təsisatlarda birləşməsi daha çox səmərəlidir. Bu, ilk növbədə, təkbaşına yüksək səviyyədə kənd təsərrüfatı məhsulu istehsalını gerçəkləşdirir və torpaqdan səmərəli istifadə edə bilməyən sahibkarların mövcud problemini aradan qaldırır.
Ümumiyyətlə, belə bir məqsədin reallaşması üçün fermerlər tərəfindən könüllülük prinsipi əsasında aqrar mülkiyyətlər – torpaqlar, kənd təsərrüfatı texnikaları və digər resurslar kooperativ əsasda qurulan müəssisə çərçivəsində birləşdirilir, kollektiv əmək mexanizmindən istifadəyə üstünlük verilir.
Ağcabədili fermer Famil Quliyev bildirir ki, rəhbərlik etdiyi təsərrüfat kiçik fermer təsərrüfatlarının birləşməsi nəticəsində yaranıb. “Kimlərinsə şəxsi mülkiyyətinə aid olan torpaqlar əlindən alınmayıb. Xüsusi mülkiyyət sahibi olan iki-üç fermer daha güclü olmaq üçün birləşib. Çünki təkbaşına 3–4 hektarda yer becərməkdən, buna görə böyük əmək, sərmayə sərf etmkdənsə, 100 hektar torpağa müəyyən bir kollektivlə qulluq etmək daha məqsədəuyğundur. Bax, bunun nəticəsidir ki, ötən il 100 hektarda pambıq əkdik və yüksək məhsuldarlığa nail olduq, emal sənayesini keyfiyyətli xammal təmin etdik. Beləliklə, biz pambıqçılıqda sistemli iş quramağı bacarddıq”.
Qeyd edim ki, 2022-ci ildə pambıqçı fermer Famil Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 noyabr 2022-ci il tarixli müvafiq sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
İri fermer təsərrüfatlarının sahibləri İbrahim Ağamirov, Eldəniz Şirinov, Novruz Məmmədov, İsa Mürşüdov, Hətəm Nağıyev, Etibar Şirinov, İsgəndər Hüseynov da yüksək məhsuldarlıq əldə ediblər.
Göründüyü kimi, böyük həcmli təsərrüfatın yaranması kiçik təsərrüfatın qurulmasından daha faydalıdır. Belədə yeri gələndə potensialdan istifadə olunur. Bu isə texnikadan səmərəli istifadəyə imkan verir.
Maddi imkanlar da kiçik təsərrüfatlara nisbətən daha genişdir, bazarda da güclü rəqibdir. Bu, məhsuldarlığın artırılmasına, regionların inkişafına, yeni iş yerlərinin açılmasına, iri şəhərlərə axının qarşısını alır. İri torpaq sahələri lizinqə verilmiş texnikaya görə vəsaitin yığılmasına da müsbət təsir göstərir.
Prezident İlham Əliyev də iri təsərrüfatlarının yaradılmasını, xüsusilə aqroparkların salınmasını vacib sayır. Dövlət başçısı bildirib ki, iri fermer təsərrüfatlarının fəaliyyəti, xüsusilə taxılçılıq, üzümçülük, bitkiçilik və heyvandarlıq sahələrində dönüşə gətirib çıxaracaq ki, bu da idxaldan asılılığı minimuma endirəcək. “Bununla bərabər, aqroparklar salınır, yeni emal müəssisələri yaradılır. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır. Qarşıya bu vəzifə qoyulub və əminəm ki, biz bu məqsədə çatacağıq”, – dövlət başçısı deyib.
Qarşıya qoyulan vəzifə isə uğurla yerinə yetirilir. Dövlət başçımızın bildirdiyi kimi, iri fermer təsərrüfatları və aqroparklar kənd təsərrüfatı və emal sənayesinin inkişafı baxımından da vacibdir. Onlar elmi və müasir yanaşmaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının məhsuldarlığının yüksəlməsinə, maya dəyərinin aşağı salınmasına, daha çox kənd təsərrüfatı məhsullarının istehsalının olunmasına imkan verəcək.
Bunu Ağcabədidə 3 aqroparkdan biri olan “Ağcabədi Taxıl Aqropark”ın timsalında da görmək mümkündür. Ölkə üçün çox əhəmiyyətli və strateji məhsul sayılan buğda, arpa və pambıq məhsullarının istehsalı ilə məşğul olan “Ağcabədi taxıl Aqropark” əkin sahələrində yüksək məhsul götürüb. Məsələn, buğdanın məhsuldarlığı 50 sentner, arpanın məhsuldarlığı təqribən 60 sentner, pambıqda isə bu göstərici 45 sentner olub. Nəzərə alaq ki, respublika üzrə buğda üzrə orta məhsuldarlıq hektara 31,9 sentner, pambıq üzrə isə 30,92 sentner təşkil edib, o zaman aradakı fərqin kifayət qədər yüksək olduğunu görmək mümkündür.
Məhsuldarlığın artmasına isə sahələrdə düzgün aqrotexniki qulluq aparılması, zərərvericilərə qarşı vaxtında və səmərəli mübarizənin təşkili, yığım prosesinin müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilməsi, texnikaların yığımdan əvvəl düzgün dislokasiyası, gübrə və pestisid ilə lazımi təminat, düzgün toxum seçimi və suvarmada müasir metodlardan istifadə və digər amillər təsir edib. Bunlar bütün resursların bir əldə cəmlənməsi sayəsində mümkün olub. Kiçik təsərrüfatlar bu imkana sahib deyil.
Bu il də aqropark yüksək məhsul əldə etməyi, ötən illə müqayisədə istehsal həcmini, təxminən, 10 faiz artırmağı planlaşdırır. Artıq gələcək uğurun təməli qoyulub: 509 hektarda arpa, 587 hektarda buğda əkilib. Mövsümdə 690 hektarda da pambıq əkiləcək. Buğda biçinindən sonra ikinci məhsul üçün qarğıdalı əkini nəzərdə tutulub. 2023-cü ildə həm də 120 hektar sahədə salınmış badam bağından ilk məhsul yığılacaq.
“Ağcabədi Taxıl Aqropark”da emal sahəsində İsrail texnologiyasndan istifadə etməklə yüksəkkeyfiyyətli qaba yem istehsal olunur. Məhsul 40 kiloqramlıq və 1 tona yaxın olmaqla qablaşdırılır. Yemin tərkibi ətlik və südlük heyvanlara görə fərqlənir. Bu məhsullar Bakıdakı satış mərkəzlərində alıcılara təklif olunur. Həm də menecerlər tərəfindən alınır. Yəni məhsulun kifayət qədər alıcısı var. Bundan başqa, aqroparkın ərazisində dənli bitkilərin qurudulması üçün müasir avadanlıq quraşdırılmış sex və buğda saxlamaq üçün 30 min ton tutumu olan silolar (bunker) da var.
Beləliklə, aqroparklar innovativ və əlverişli mexanizmdir, ilk növbədə, ölkənin ərzaq təhlükəsizliyinin, məşğulluğun təminatına töhfə verir, yeni investisiyaların cəlb edilməsinə və qeyri-neft məhsullarının ixracının artmasına səbəb olur.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

