Məmməd Araz poeziyasında Araz obrazı və Güney ağrısı

post-img

Azərbaycan ədəbiyyatının böyük simalarından olan Xalq şairi Məmməd Arazın yaradıcılığında Araz mövzusu önəmli yer tutur. Arazı özünün ədəbi imzasına çevirən Xalq şairinin bədii irsində Araz coğrafi mənasından çox, milli tale və istiqlaliyyət anlamı daşımaqdadır. 

Məmməd Araz yaradıcılığında Araz obrazı və mövzusu qırmızı xətlə ke­çir. Akademik İsa Həbibbəyli yazır ki, “Mixail Şoloxov üçün Sakit Don, Səməd Vurğun üçün Dəli Kür hansı anlam da­şıyırsa, Məmməd Arazdan ötrü də Xan Araz həmin sevdanı ifadə edir”. Vətəndaş şairin yaradıcılığında Araz mövzusu mil­li istiqlal və bütövlük ideyalarına xidmət edir, Güneylə bağlı həsrət, nisgil duyğula­rının daşıyıcısıdır.

Azərbaycanın bütövlüyünü pozan sər­hədlər sənətkar xəyalının gücü ilə bir göz qırpımında aşılır, ayrılıqlar, sərhədlər or­tadan götürülür. Bu mənəvi bütövləşmədə məhəbbət nifrətə, ədalət zülmə, azadlıq əsarətə, birlik ayrılığa qələbə çalır. 

Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Yenə Arazı gördüm”, “Arazın işıqları”, “Mən Araz şairiyəm” və başqa şeirləri, “Araz axır” poeması məhz bu mövzuya həsr olunub. Araz yarasını hələ gəncliyində Naxçıvanda bütün ağrısı ilə qəlbində hiss edən şair bir müddət sonra “Sən məqamı gələndə Araza bənd olan­san” – dedi və özünün Araz şairi olmasını ədəbi mühitə və cəmiyyətə bəyan etdi. “Qələm gəldi əlimə, Araz gəlir dilimə” deyərkən də sənətkar Araz mövzusunun yaradıcılıq kredosuna çevrildiyini təsdiq edirdi.

Mərhum professor Yaşar Qarayev haqlı olaraq qeyd etmişdi ki, Məmməd Araz “Poeziyanın dumduru, şəffaf bulağı başına Arazın bulanıq və paralı sahilindən ayrılıb gəldi, özü ilə seirə Araz dərdini, ağrısını gətirdi”. Məmməd Araz öz ya­radıcılığında Azərbaycanın ikiyə bölün­məsi səbəbini poetik vasitələrlə araşdır­mış, göstərmiş və bu bəlalı aqibəti qınaq və tənqidə məruz qoymuşdu. Şair Araz mövzusunun poetik məsləkinə çevrilmə­sini belə ifadə etmişdi:

 

...Araz deyəndə mən,

Yalnız çay düşünmürəm.

O, tarixdir, baxıram...

Araz çay deyil yalnız

Araz neçə milyonluq

İnsanlardır, eldir o.

 

“Mən Arazın səsiyəm” deyən ustad Araz mövzusu ilə Azərbaycanın parça­lanma tarixinə nəzər saldığı kimi, onun nə vaxtsa birləşəcəyinə də ümidini kəsmirdi. Ölməz şairin yaradıcılığında Araz həm Azərbaycandır, həm bir ölkənin, vətənin tarixi taleyidir, həm də qəlb yarası, sənət ağrısıdır. Tənqidçi Vaqif Yusifli göstərir ki, Məmməd Araz yaradıcılığında Təbriz bütün bir vətəni təmsil edərkən Araz da böyük amalın və idealın adı olaraq önə çəkilir. Bu mənada şairin nəzərində Araz özünü Azərbaycanın istiqlaliyyətinə həsr etmiş mübariz sərkərdələr olan Xətai­dir, Səttarxandır, Pişəvəridir, Xiyabani­dir, Heydər Əliyevdir, əslində. “Bu gecə yuxumda Arazı gördüm” şeirində Araz məhz bir lider kimi çıxış edir:

 

Bu gecə yuxumda Arazı gördüm...

Üstündən yol atdı: “Cəsarətlə keç!”

Dedi: ...Cəsarət üstümdə şahə qalxmasa,

Təbriz itirəcək Təbrizliyini. 

 

Məmməd Arazın “Araz axır” əsə­rində şairin xəyali bir mübarizə savaşı, Təbriz uğrunda fədakar mübarizə naminə idealı öz əksini tapıb. Şair “O axır, dağlar yarıb məcrasını tapacaq”, – deyə bu elin öz birliyi, bütövlüyü uğrunda mübarizəyə ümidlərini ifadə etmişdir. Bu əsər həm rəmzi obrazlar, həm də gerçəkçi ideyalar üzərində qurulub. Əsərdə şairin sevgili­si Ayrıgül obrazı, adından tutmuş bədii mahiyyətinə qədər, şairin yurd sevgisinin mərkəzində dayanan, bütöv vətənin tərki­bindən qoparılmış Cənubi Azərbaycandır. Əsərin sonunda sənətkar, rəmzi olaraq, “Yubanırsan, vətəndaş! Yatma, oyan, vətəndaş”, – deyə bütöv Azərbaycan uğ­runda azərbaycançılıq məfkurəsinin mü­barizə şüarını səsləndirir. 

Məmməd Arazın şah mövzu kimi seçdiyi Araz motivi, milli ayrılıq dərdi, bütövlük nigaranlığı ustad Məhəmməd­hüseyn Şəhriyara həsr etdiyi “Şəhriyar gəlmədi” şeirində də təsirli, qabarıq ifadə edilib. O, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 250 illik yubiley tədbirinə dəvət alan, lakin İran rejimi razılıq ver­mədiyi üçün gələ bilməyən Şəhriyarın həsrətinə böyük məzmun, ciddi məna qa­taraq duyğularını tufana çevirir:

 

Baxışlar asıldı təyyarələrdən,

Ümidlər yollara sərili qaldı.

Bu ağır xəbərdən, bu nəs xəbərdən

Güllər güllüklərdə dərili qaldı,

Şəhriyar gəlmədi...

 

Öz ölkəsinin paralanmış “o tay” his­səsinə yol arayan, yol axtaran bütövlük ideallı şair qadağaların hökm sürdüyü bir dönəmdə xəyalən, qəlbən hər zaman Arazla - Azərbaycanı ayıran, həm də bir­ləşdirən bir obrazla söhbətləşib, həsb-hal edib. Məmməd Araz Azərbaycan nağılları və klassik irsində tez-tez rast gəlinən və çoxlarının bilmədiyi bir anlayışla Araz çayı ilə öz aralarındakı söhbətin dilinə “quş dili”, “daş dili”, “Araz dili”, – deyə müraciət edir. “Arazın nəğməsi” adlı əsə­rində olduğu kimi:

 

Nə qədər ağırmış dərdin, möhnətin,

Ağrıdır sinəmi acı xəyallar.

Araz, dilin olsa, sözün, söhbətin,

Min il yazılası bir dastan olar ...

 

Şairin “Araz dili” şeiri məhz bu ide­yanı poetik vüsətlə ortaya qoyan ən san­ballı və təsirli nümunələrdən biridir: 

 

Araz dili: ürək dili, göz dili,

Torpaq dili, hava dili, göy dili.

 

Məmməd Araz Azərbaycanın bütöv­lüyünü pozan sərhədlərin bir gün mütləq ortadan götürüləcəyinə sonsuz ümidlər bəsləmişdi:

 

İnandım: hər uşaq bir od parçası!

İnandım: səngiməz bu od, bu ocaq!

Təbrizlə Naxçıvan arasındakı

Çəpəri yıxan da bunlar olacaq.

 

Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

Sosial həyat