İsveçdə yaşayan azərbaycanlı yazıçı-filosof Eluca Atalının “İran Hizbullah zindanında” adlı yeni romanında azad düşüncəsinə və milli baxışına görə şərlənib zindana atılmış yüzlərlə cənublu soydaşımızın taleyi öz əksini tapıb. Bundan başqa, romanda İmam Xomeyninin Bakı planı, “Azadlıq” meydanında Leninlə qarşılaşması, hər iki liderin Güney Azərbaycanda mövqe tutmaq uğrunda mübarizəsi də əks olunub.
“Qanun” nəşriyyatında kitabın təqdimatı və İmza günü keçirildi. Təqdimat mərasimində çıxış edən müəllif bildirdi ki, roman-epopeya “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adlı 4 kitabdan ibarətdir. O, romanın ictimai, siyasi və tarixi baxımından İran İslam inqilabının təsadüf, yoxsa zərurət olması sullarını ətraflı cavablandırdığını diqqətə çatdırdı.
Bildirildi ki, 1978–1988-ci illəri əhatə edən romanda hadisələr əsasən, Paris, Qum və Urmiya şəhərlərində cərəyan edir. Əsərin “Qanun” nəşriyyatında səhnələşdirilən bir parçası qonaqlara nümayiş etdirildi.
Mərasimdə Xalq artisti Vidadi Həsənov, yazıçının qələm dostu jurnalist Əntiqə Qonaq, uzun illər Tehranda yaşamış və İran İslam inqilabı dövründə 6 ay zindan həyatı sürmüş cənublu soydaşımız Məsumə Şükürzadə çıxış etdilər. onlar İran İslam inqilabının baş vermə səbəblərinin, cəmiyyətə gətirdiyi fəlakətin romanda yüksək bədiiliklə təsvir edildiyini söylədilər.
Mərasimdə molla rejiminin 44 illik hakimiyyəti dövründə Güney Azərbaycanda yaşayan soydaşlarımızın başlarına gətirilən müsibətlər, bir çox oğul və qızlarımızın edam edilməsi və s. bəşəri cinayətlərin heç zaman unudulmayacağı vurğulandı.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu son zamanlar İranda baş verən hadisələrlə bağlı cəmiyyətdə belə əsərlərə marağın artdığını bildirdi. O, rəhbərlik etdiyi nəşriyyatın belə gərəkli əsərləri çap etməyə üstünlük verdiyini və bunu mənəvi borc saydığını vurğuladı.
Elçin ABBASOV, “Xalq qəzeti”

