Vəkil basqılarla üzləşib
Güney Azərbaycanda vəkil Əsgər Məhəmmədi Süngün mis mədəni işçilərinin hüquqlarını müdafiə etdiyinə görə basqılara məruz qalıb.
Bu haqda Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Sina Yusifi məlumat verib. Əsgər Məhəmmədi Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvüdür. Vəkil onlarla siyasi və mədəni fəalın məhkəmə iclasında müdafiəçi kimi çıxış edib.
General Səlami Avropanı hədələyib
İranın “Əl-Aləm” xəbər saytında yayılan sərt xəbərdarlıqda Avropa ölkələrinin iqtisadi embarqo siyasətinin əsasında neft amilinin dayandığını vurğulanıb.
Xəbərdarlığın müəllifi general Hüseyn Səlami “ədalət məhkəməsindən” qaçan “müxalifət və separatçı” qrupların nəyə görə Avropada məskunlaşdığı sualını cavablandırarkən bildirib ki, bu dövlətlərin İrana can atması yalnız neftə əsaslanır: “ Sadəcə olaraq, onlar müxalifət və separatçı qrupları özlərinə cəlb etmək üçün sığınacaq verməyi bacarırlar. Biz hərbi texnikamızın çeşidini artıra və onlara sarsıdıcı zərbə vura bilərdik, lakin bunu etmədik. Biz bu insanlara xəbərdarlıq edirik. Özünüzü riskə atmağa dəyməz!”.
Əslində, məsələ yalnız neftdə deyil. Söhbət, ilk növbədə, İran cəmiyyətində hər gün kütləvi şəkildə pozulan insan haqlarının dözülməz vəziyyətdə olmasından və digər qanunsuzluqlardan gedir.
Şagirdlər niyə zəhərlənir?
İranın Burucerd şəhərində Əhmədiyyə liseyində şagirdlər yenidən zəhərləniblər.
Bildirilib ki, bu dəfə 44 şagird zəhərlənib və son bir həftədə bu məktəbdə 3-cü dəfədir ki, belə bir hadisə baş verir. Ölkənin müxalif dairələri belə zəhərlənmələrin kütləvi iğtişaşlar dövründə şagirdlərin məktəblərə gəlməsini əngəlləmək məqsədi daşıdığını söyləyir.
Rəhman GƏNCƏLİ

