Molla rejimi insan haqlarına məhəl qoymur

post-img

İranda xalq etirazları səngimək bilmir. Sadəcə insanların aksiyaları müxtəlif səbəblər üzündən baş tutur. Dünən Ərdəbil və Təbriz şəhərlərində yeni etiraz aksiyaları keçirilib. Tədbirlər təqaüdçülər tərəfindən şəhərlərin əyalət valiliyinin binaları qarşısında təşkil olunub. Məlumatı Gunaz.TV verib. 

Məlumata görə, İranın başqa bir neçə şəhərində də aksiyalar baş tutub və iştirakçılar hökumətin təqaüdçüləri aldatdığı barədə şüarlar səsləndiriblər. İnflyasiya və bahalığın yüksək səviy­yəyə çatdığını deyən narazılar təqaüd­lərin artırılması ilə bağlı vədlərin yerinə yetirilmədiyini bildiriblər.

Aksiyalarda “Suriyanı burax, bizi düşün”, “Yalançı Rəisi, verdiyin vədlər hanı” və başqa bu kimi şüarlar səslən­diriblər. İranda hakimiyyət əleyhinə etiraz aksiyalarında iştirak edənlərə qarşı da cəza tədbirləri davam etdiri­lir. Bu barədə insan haqlarını müdafiə təşkilatları mütəmadi olaraq məlumat yayırlar.

Son xəbərlərə görə, təbrizli həkim və tanınmış ortoped Rza Rzazadə 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Təbriz məhkəməsi dünən bu­nunla bağlı həkimə hökm oxuyub.

Qeyd edək ki, Rza Rzazadə əsasən ölkədə genişmiqyaslı etiraz aksiyala­rında iştirakda günahlandırılır. O, de­kabrın 7-də Təbrizin Ümumi və İnqilab Prokurorluğuna çağırılaraq, “sistemi və rəhbərliyi təhqir etmək” ittihamı ilə saxlanılıb.

Bunlarla yanaşı, İran hakimiyyə­tinə qarşı insan haqlarının pozulması ilə bağlı təzyiqlər də artmaqdadır. ABŞ Konqresindəki Demokrat və Respub­likaçılar partiyalarının nümayəndələri Co Bayden hökumətinə məktub yazıb­lar. Konqresin 26 üzvü İranda hökumət əleyhinə sonuncu etirazların yatırılma­sı ilə əlaqədar İran parlamentinin 227 üzvünə qarşı sanksiya tətbiq etməyi tələb edib. Konqresmenlər bildiriblər ki, iranlı millət vəkilləri təhlükəsizlik qüvvələrinə hökumətin əleyhdarlarını öldürmək, işgəncə vermək və həbs et­mək üçün hüquqi baza təmin etdikləri üçün sanksiyaya məruz qalmalıdırlar.

“İran İslam Respublikası demok­ratik legitimliyə malik deyil və onun parlament üzvləri İran xalqının nü­mayəndələri deyillər”, – deyə ABŞ-ın Maliyyə və Dövlət Departamentinə ya­zılan məktublarda bildirilib.

ABŞ Dövlət Departamenti isə Konqresin göndərdiyi siyahıya əsasən 43 iranlı məmura qarşı immiqrasiya məhdudiyyətləri tətbiq edib. Onların özlərinin və ailələrinin ABŞ-a girişi qadağan edilib. Siyahıya Əli Xame­neyi, İbrahim Rəisi, SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani ilə yanaşı, İranın məhkəmə sistemini, SEPAH-ı təmsil edən və bir çox başqa yüksək vəzifələri tutan rəsmilərin adları daxil edilib. 

ABŞ Dövlət Departamentinin Maliy­yə Nazirliyi ilə birgə hazırladığı siyahı Senatın və Nümayəndələr Palatasının müxtəlif komitələrinə göndərilib.

 

P.ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər