İran: inqilabi vəziyyət var, lakin…

post-img

İranda vəziyyət “proletar dahisi” Leninin dediyi kimidir: yuxarılar əvvəlki kimi idarə edə bilmirlər, aşağılar isə əvvəlki kimi yaşamaq istəmirlər. Yəni, inqilabi situasiya var. Amma inqilab yoxdur. Molla rejimi ağacda quruyub qaxa dönən, qışı keçirib yaza kimi sallanan armud kimidir. Sallanır, amma düşmür. O armuda səlbəni kim atacaq? Günün sualı bax budur.

Ayətullahlar əvvəlki kimi idarə edə bilmirlər, İslam Respublikasının dini-si­yasi ideologiyası da bir işə yaramır. Xalq isə mollakratiyadan, vilayəti-fəqihdən, “Sepah”dan, höcət edən üləmadan, Ər­dəbilin imam-cüməsi Amilinin hətərən-pətərən moizələrindən, “Tasnim”in de­zinformasiyasından bezib. Başqa cür yaşamaq istəyirlər. Deyəsən, Lenin inqilabi situasiya haqqında ikisini deyib, üçüncünü unudub. Sonuncu və daha bir vacib şərt etirazları təşkil edəcək güclü təşkilatdır, lideri olsa, lap əla. Təşkilatlan­ma olmadan yuxarı aşağı düşməz, aşağı isə əbədi aşağıda qalar...

Münhen Təhlükəsizlik Konfransı bu dəfə həm də İranın devrilmiş şahının 63 yaşlı oğlu Rza Pəhləvinin dəvəti ilə yadda qaldı. Konfransın kuluarlarında Rza Pəh­ləvi jurnalistlərə açıqlamalarında dedi ki, Qərbdən molla rejiminin müxalifətinə dəstək istəyir, təbii ki, həmin müxalifət roluna özü iddia edir, “mavi qan”lı olsa da, yəni, padşah oğlu olsa da, monarxist deyil, respublikaçıdır, “İran xalqı isə va­hiddir” və s.

Telekanalların şahın oğlundan müsa­hibə və açıqlamalar alması güneyli milli fəalların heç xoşuna getmədi. Pəhləvilə­rin kökləri Azərbaycanla, Qacar sülaləsi ilə bağlı olsa da, Rzanın atası Məhəm­məd Rza da, babası Rza da bizim milli mollaların ruhlarına “Fatihə” oxuyacaq kəslər deyildi. 1946-cı ildə Pişəvərinin Azərbaycan Milli Hökuməti yıxılanda, Təbrizə divan tutulanda abdal şahənşah Məhəmməd Rza Azərbaycan haqqında ağızaalınmaz ifadələr işlətmişdi..

Qərbin Rza Pəhləviyə marağı, onu müxalifət lideri kimi legitimləşdirməsi isə bundan xəbər verir ki, ABŞ və müt­təfiqlərinin hazırda İranı parçalamaq pla­nı yoxdur. Əslində, molla diktaturası və paniranistlər üçün Qərbin şahsevərliyi daha uyğun və qəbulediləndir. Düzdür, şahın oğluna İranın fərqli elita və tə­bəqələrində az-maz loyal yanaşma var. Amma Rza Pəhləvi molla rejimini təhdid edəcək qədər geniş sosial baza və re­surslara sahib deyil. Ayətullahlar Qərbin dəstəyini alsa belə, Rza Pəhləvini ciddi siyasi rəqib saymır, onun özünə də, im­kanlarına da ironik yanaşırlar.

Molla rejiminin ideologiyası şiə dokt­rinasına bükülən, prinsipcə fars millətçi­liyinə söykənən paniranizm səfsəfəsin­dən başqa bir şey deyil. Şahın oğluna tərəf tutanlar və ya ümid bağlayanlar da paniranistdirlər. Yəni, bir-birilərinin tayı, uzaqbaşı bir medalın üzü-arxası kimi­dirlər. Etnik dava və qarşıdurma isə İran üçün daha təhlükəlidir. Güneyin molla rejiminə qarşı ayaqlanması, bəluclarla kürdlərin mümkün silahlı üsyanları pers­pektivdə milli azadlıq davası deməkdir ki, bu amil İran üçün ciddi parçalanma riski yaradır.

Qeyd etdiyimiz kimi, İranda hakim ideologiya tükənib, müxtəlif təsir və intriqa qruplarına parçalanan rejim ef­fektivliyini itirir. Cəmiyyət hakim rejim­dən o həddə narazıdır ki, İsrail dronları İsfahanda hərbi zavodu vurarkən sosial şəbəkələrdə bunu bayram etmək kimi “xəyanət”dən çəkinmirdilər, İranın millisi­nin isə mundialda uduzmasını istəyirdilər. Bu, İran cəmiyyətində hakimiyyətə nifrət səviyyəsinin geri dönüş həddini keçmə­sindən xəbər verir. Bu, artıq hakim elita­nın düşmən sayılması deməkdir.

Amma etirazların, rəqiblərinin təşki­latlanmaması, bunu bacara bilməmələri hələlik mollakratiyanı xilas edir, xarici müdaxilə olmasa, bu gedişlə molla reji­minin ömrü uzana da bilər. Qərbin İranın parçalanmaması üçün şahın oğluna bel bağlaması planı da ayətullahlara rahat nəfəs aldırır: atasını yıxmışıq, özünün dərisinə saman təpərik.

Hazırda İran cəmiyyətinin və ilk növ­bədə, orta sinfin Rza Pəhləvini müxalifət lideri kimi qəbul edəcəyi və ya şahın oğ­lunun İran içində təşkilati bacarıq və güc ortaya qoya biləcəyi real görünmür. Həm­çinin indi XX əsrin ortaları deyil ki, Rzanı atası Məhəmməd Rza kimi amerikanlar qolundan tutub şah taxtına oturtsun, ca­maat da tamaşa etsin...

 

Qəzənfər HƏMİDOĞLU,
siyasi şərhçi

Siyasət