Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan–Özbəkistan Dostluq Muzeyinin açılış mərasimi olub.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Mərkəzinin önündə Heydər Əliyevin büstünün qarşısına çiçək dəstələri qoyublar. Sonra muzeyin müxtəlif bölmələri və eksponatları ilə tanışlıq olub.
Özbəkistandakı Heydər Əliyev adına AMM-nin direktoru Samir Abbasov Dostluq muzeyi haqqında geniş məlumat verib. Xalqlarımız və dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələrindən danışıb.
S. Abbasov Dostluq Muzeyində Azərbaycan və Özbəkistanın tarixi dostluğu, ümumi dəyərlərimiz, dövlət rəmzlərimiz, xəritələr, milli mədəni irsimiz, xalqlarımızın yaxınlığını əks etdirən guşələr və eksponatlar, maketlər, maraqlı nəşrlərin yer aldığını bildirib. O, ulu öndər Heydər Əliyevin ölkələrimiz arasında münasibətlərin, dostluq və əməkdaşlığın qurulmasında misilsiz xidmətləri olduğunu qeyd edərək, məhz bu səbəbdən muzeyin açılışının Azərbaycan xalqının ümummilli liderinin 100 illik yubileyinə həsr edildiyini vurğulayıb.
Özbəkistan Ali Məclisinin deputatı Gülbahar Səidqəniyeva ulu əcdadlarımızdan bizə miras qalan Azərbaycan və özbək xalqları arasında tarixi dostluğun Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin uğurlu siyasəti nəticəsində dirçəliş dövrünü yaşadığını söyləyib.
Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi sədrinin müavini Azamat Toşov ölkələrimizdə müxtəlif millətlərin qarşılıqlı hörmət, mehribanlıq və tolerantlıq şəraitində yaşadıqlarını bildirib.
Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Mətbuat Mərkəzinin rəhbəri Şerzodxan Qudratxoca Dostluq Muzeyinin çoxsaylı ortaq dəyərlərimizi unikal eksponatlarla və guşələrlə nümayiş etdirdiyini bildiriblər.
Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru Cənnət İsmayılova Dostluq Muzeyi vasitəsilə iki xalq, dövlət arasında tarixi dostluğu, qohumluğu, əməkdaşlığı geniş tərənnüm edən nadir bir ocaq yaradıldığını bildirib.
Dostluq Muzeyində dövlət başçılarımız İlham Əliyevin və Şavkat Mirziyoyevin görüşləri, onların ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq, xalqlarımızın yaxınlığı ilə bağlı fikirləri, 2020-ci ildə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuzun Vətən torpaqlarımızı erməni işğalçılarından azad edilməsinə dair fotostendlər yerləşdirilib.
Muzeyin mərkəzi hissəsində Azərbaycan və özbək xalqlarını birləşdirən dəyərlərə dair Azərbaycan rəssamları tərəfindən çəkilmiş unikal rəsm, habelə xalqlarımızın yaxınlığını göstərən ortaq dəyərimiz olan dilimiz, dinimiz, milli bayramımız olan Novruz, muğam və makom sənəti, aşıq və baxşıçılıq sənəti, hər iki ölkədə keçirilən beynəlxalq musiqi festivallarına dair stendlər, guşələr, maketlər, geyimlər, milli musiqi alətlərimiz və çox sayda eksponatlar sərgilənir.
Muzeyin “Özbəkistanda tanınmış azərbaycanlılar” adlı bölməsində qardaş xalqın ictimai, mədəni həyatında fəal iştirak etmiş Seyid Rza Əlizadə, şairlər Maqsud Şeyxzadə, İxtiyar Rza, dövlət xadimi Aydın Əzimbəyov, heykəltəraş Eynulla Əliyev, rəssam Yusif Hüseynovun büstləri, əsərləri və şəxsi əşyaları nümayiş olunur.
Qulu KƏNGƏRLİ,
Daşkənd


