Tanınmış nasir, publisist, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənlinin “Mənim iki dünyam” adlı növbəti kitabı işıq üzü görüb. Müəllif yeni topluda qələm və sənət dostları haqqında oçerklərlə bərabər, Qarabağa həsr etdiyi publisistik yazılarını, eləcə də nəşriyyatlarda keçən illərini, korifeylərlə unudulmaz görüşlərini, teatr və musiqi barəsində radio verilişlərinin mətnlərini bir araya gətirib.
Mustafa Çəmənlinin yaradıcılığını izləyən oxucular yeni kitabda toplanmış materialların bir qismi ilə daha öncələr “Ədalət”, “525-ci qəzet” və digər mətbu orqanlarında tanış olublar. Əbülfət Mədətoğlu haqlı olaraq qeyd edir ki, ayrı-ayrı yazı nümunələri Azərbaycan bədii sözünə urvat gətirən bu kitab bir növ yaddaşımızı təzələyir, könlümüzü nikbin notlara kökləyir.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirdikdən sonra təyinatla göndərildiyi “Yazıçı” nəşriyyatında redaktor, böyük redaktor, şöbə müdiri, sonra “Gənclik” nəşriyyatında baş redaktor vəzifəsində çalışdığı vaxtlardan bədii və publisistik yaradıcılığı ilə diqqəti cəlb edib. Tələbəlik illərində yazdığı “Ləpirlər” hekayəsi ilə başladığı ədəbiyyat yolçuluğu uğurlu olub. Hekayə, povest və pyesləri, milli musiqi ifaçılığı sənətini peşəkarlıqla təbliğ etdiyi yazıları, cəbhə xəttində çıxışları və hərbi vətənpərvərlik ruhlu məqalələri maraqla qarşılanıb. Onun “Xallı Gürzə” tarixi romanı xalqın böyük oğullarını udub məhv edən zamana dirəniş barədə gözəl əsərdir. Tarixi qaynaqları bədii təxəyyülünə söykək seçən müəllif görkəmli sərkərdə, müdrik dövlət xadimi Pənahəli xanın zamana diz çökməyən obrazını yaratmışdır.
“Mənim iki dünyam” kitabında toplanmış məqalə, xatirə, esse və müsahibələr, ssenarilər “Hər çiçəkkdən bir ləçək”, ”Yaddan çıxmaz Qarabağ”, “Ekran, efir”, “Musiqi alətlərimizin vəsfi”, eləcə də “Teatr və musiqi” kimi fəsillərdə yer alıb. “Redaktor və ədəbi redaktə haqqında” məqalə vasitəsilə isə bir növ gənc yazarlar üçün ustad dərsi keçən Mustafa Çəmənli korrektura, bədii dil və üslubiyyət barədə özəl yanaşmalara diqqət çəkir. O, “Redaktor... müəlliflərin vəkildir” fikrini özünəməxsus tərzdə izah edərək redaktə missiyasını üzərinə götürən şəxsi kitabın ikinci müəllifi sayır. Redaktor özü əsər yazmaya bilər. Lakin o, fitrətən yaradıcı olmalıdır”, – deyən Mustafa Çəmənlinin hər yazısında rast gəlinən məxsusi arqumentləri maraqlıdır.
Ömrünün müdrik və məhsuldar çağını yaşayan söz ustadının indiyədək 50-yə qədər kitabı, 20-yədək redaktə və tərtib etdiyi əsəri işıq üzü görüb. İnanırıq ki, yazıçı-publisistin “Mənim iki dünyam” kitabı da oxuculara mənəvi zənginlik gətirəcək.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

