Siqaret çəkənlərin “qəm tütəyini” alışdırmaq üçün ən çox verdikləri bir sual var:
– Kibritin yoxdu?
1825-ci ildə ingilis əczaçısı Con Uokerin düzəltdiyi kibrit, bəlkə də, dünyada ən ucuz qiymətə satılan gündəlik tələbat malıdır. Tarif Şurasının olmadığı vaxtlarda bir qutu kibrit 1 qəpiyə idi... İndi 5 qəpiyə satılsa da, yenə də məişətdə istifadə edilən ən əvəzedilməz və vacib əşya olaraq qalır. Kibrit çöpü kiməsə adi əşya kimi gələ bilər, lakin adi olduğu qədər də qeyri-adi və gərəklidir. Onsuz ötüşmək mümkündürmü? Kibritin olmadığı şəraitdə bayırda tonqalı, mətbəxdə qaz cihazını necə alovlandırmaq olar?
Bir kibrit çöpü həm də bir zəmiyə od vurub yandırmağa, böyük bir meşəni qapqara külə çevirməyə, bir evi, bir binanı oda qalayıb neçə-neçə ailəni evsiz-eşiksiz qoymağa bəs edir. Bir kibrit çöpü soyuqdan dişi-dişinə dəyənləri qızdırmağa, otağa hərarət gətirməyə, damaqlara dad verən ən ləziz xörəkləri bişirib-düşürməyə də bəs edir. Heç nəyə yaramayan biri haqqında danışarkən belə ifadə işlədirlər: “Onun bir kibrit çöpü qədər dəyəri yoxdur”.
1993-cü ildə 113 gün ermənilərin mühasirəsində qalan Kəlbəcərin Başlıbel kənd sakinləri xilas olmaq üçün yola çıxanda doğma yurdu tərk etməyib orda qalan 73 yaşlı Ələsgər baba həmin hadisədən bir neçə ay sonra xilas yolu axtaran iki əsgərlə rastlaşanda onlardan bircə şey soruşub: “Kibritiniz varmı?”
Çölün-düzündə, dağın-daşın arasında neçə aylardan bəri gəzib-dolaşaraq nicat yolu axtaran əsgərlərdə kibrit nə gəzirdi?
Deməli, kibrit həyatdır, məişətdə heç nə ilə əvəz olunmayan gərəkli vasitədir. Heç də təsadüfi deyil ki, bir sıra ölkələrdə – Rusiya, İsveç, İsveçrə və Almaniyada Kibrit muzeyləri var.
İlk vaxtlar kibritin istehsalı üçün kükürd və ağ fosfordan, sonralar qırmızı fosfordan və digər vasitələrdən yararlanmağa çalışıblar. Müasir kibritdə kükürd və xlor birləşmələri yoxdur, əvəzində, onun istehsalı üçün parafin və xlorsuz oksidləşdirici maddələrdən istifadə olunur.
Martın 2-si təqvimdə qeyri-adi bayramlardan biri – Beynəlxalq kibrit günüdür. Orta əsrlərdə çaxmaq daşından bugünkü müasir alışıq vasitəsinə qədər inkişaf yolu keçən kibritin məişət həyatında öz yeri var...
“Xalq qəzeti”

