İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayına əsasən, bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artıb. Cari ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.
Bu ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (106,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası (68,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (24,5 milyon ABŞ dolları) üçüncü olub.
Cari ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (72,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (15,5 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,8 milyon ABŞ dolları) üçüncü olub.
Cari ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 37 ölkəsinə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. Xidmətlər, əsasən, peyk telekommunikasiya və optik peyk xidmətləri ilə bağlı olub.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizini təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar ayı ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 408,7 min dollar ilə Birləşmiş Krallıq, 359,2 min dollar ilə Lüksemburq, 270,2 min dollar ilə Fransa, 146 min dollar ilə Birləşmiş Ərəb Əmirlikləri və 87,4 min dollar ilə Pakistan qərarlaşıb.
“Xalq qəzeti”