Azərbaycanın tarixi torpaqlarını düşmən işğalından azad etməsi ilə regionda yeni geosiyasi mənzərə yarandı. İlk növbədə, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Azərbaycan tarixi sərhədlərinə nəzarəti özünə qaytardı. Bununla yanaşı, uzun illər blokada şəraitində qalan Naxçıvanla birbaşa əlaqəni yenidən bərpa etmək üçün əlverişli imkan yarandı.
Eyni zamanda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə ölkəmizin tranzit imkanlarının daha da genişləndirilməsi üçün real şərait formalaşdırdı. Asiya ilə Avropa arasında nəqliyyat qovşağı rolunu oynayan Azərbaycanın ərazisindən keçən Orta Dəhlizin əsas qollarından sayılan Zəngəzur dəhlizinin açılması tarixi zərurətə çevrildi.
İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurun Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqlarının yaxınlığında yerləşməsi burada bir sıra infrastruktur layihələrinin icrasına zərurət yaradır. Artıq həmin ərazilərin regional və beynəlxalq layihələrin icra olunduğu məkana çevrilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng tikinti-quruculuq işləri, burada inşa olunan ən müasir avtomobil və dəmir yolları, beynəlxalq hava limanları, eləcə də ərazinin “yaşıl enerji” potensialının hərəkətə gətirilməsi istiqamətində görülən işlər isə Zəngəzur dəhlizinin fəaliyyəti üçün əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Zəngəzur dəhlizinin əhəmiyyəti ilə bağlı deyib: “Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir. Eyni zamanda biz müştərək tarif siyasətini həyata keçirməklə bu yolu iqtisadi cəhətdən daha cəlbedici etməliyik. Hesab edirəm ki, burada da danışıqlar müsbət istiqamətdə gedir. Yəni, təkcə Orta Asiya ölkələrinin yükgöndərmə potensialını və oraya Avropa istiqamətindən gedən yükləri nəzərə alsaq görərik ki, hətta biz bütün bu layihələri icra etsək və genişləndirsək, yenə də çatmayacaq. Ona görə Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır”.
Zəngəzur dəhlizi Azərbaycan üçün siyasi əhəmiyyət daşımaqla yanaşı, iqtisadi cəhətdən də olduqca əlverişlidir. Eyni zamanda tarixi zərurətin nəticəsi olan bu marşrutun reallığa çevrilməsi Orta Dəhliz boyunca yerləşən ölkələrə də böyük iqtisadi fayda gətirəcək. Belə ki, yolun məsafə baxımından qısa olması yüklərin mənzilbaşına daha tez çatdırılmasına imkan verəcək. Təsadüfi deyil ki, mütəxəssislər Çindən Avropaya və əks istiqamətdə daşımaların Azərbaycan üzərindən reallaşmasını olduqca səmərəli hesab edirlər. Onların qənaətinə görə, Zəngəzur dəhlizinin işə düşməsi beynəlxalq iqtisadi reallıqların tələb etdiyi regional inkişafa güclü təkan verəcək.
Zəngəzurdan keçməklə Asiyanı Avropa ilə birləşdirəcək yeni dəhlizin iqtisadi əhəmiyyətini yüksək qiymətləndirən beynəlxalq ekspertlərin hesablamasına görə, yaxın 10 ildə Avropa ilə Asiya arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollar olacaq. Bu da daşınan yüklərin həcminin artacağından xəbər verir. Bunu əsas götürən yerli ekspertlər hesab edirlər ki, gələcəkdə Orta Dəhlizlə daşınan yüklərin 10 faizinin Zəngəzur dəhlizinə yönəldilməsi Azərbaycana ildə 3 milyard dollardan artıq tranzit gəliri əldə etmək imkanı yaradacaq. Bundan əlavə, gələcəkdə dəhlizin genişləndiriləcəyi və Orta Asiya respublikalarının, eləcə də Çinin və Asiyanın digər ölkələrinin Avropa ilə nəqliyyat əlaqələrinin Zəngəzur dəhlizi vasitəsilə qurulacağı təqdirdə ölkəmizin illik qazancı 5 milyard dollara qədər arta bilər. Elə Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Zəngəzur dəhlizi Azərbaycan, bəzi qonşu dövlətlər və daha böyük coğrafiya üçün strateji layihədir” fikri də bu qənaəti bir qədər də möhkəmləndirir.
Yeri gəlmişkən, Zəngəzur dəhlizi daxili iqtisadi proseslər baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, dəhlizin işə düşməsi Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərini sürətləndirməklə yanaşı, bölgədə iqtisadi fəallığın artmasına və sənayeləşmənin sürətlənməsinə səbəb olacaq. Eyni zamanda Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi olan Naxçıvanla yanaşı, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcək. Bundan əlavə, Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan Avropaya və əks istiqamətə daşınacaq. Dəhlizin fəaliyyəti dövründə yol boyu texniki xidmət mərkəzləri, mehmanxana və digər iaşə obyektləri yaradılacaq ki, bu da ölkədə əlavə iş yerlərinin açılmasına səbəb olacaq.
Göründüyü kimi, qlobal inteqrasiyanın sürətləndiyi bir dövrdə yeni bir nəqliyyat-logistika qovşağının yaradılması üçün tarixi zərurət yaranıb. Bununla belə, Azərbaycanı istəməyən bəzi qüvvələr, xüsusən də düşmən Ermənistan buna hər vəchlə mane olmağa çalışır. Süni maneələr, siyasi əngəllər prosesin ləngiməsinə səbəb olsa da, ortada Azərbaycanın, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi iradəsi var. Bu da bütün maneələri, siyasi əngəlləri dəf etməyə inamı gücləndirir. Prezident İlham Əliyevin bununla bağlı fikirləri də maraq doğurur: “Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.
Təbriz YADİGAROV,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent
Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycanın Cənubi Qafqaz regionunda mövqeyi daha da güclənib, nəqliyyat layihələrinin həyata keçirilməsi üçün geniş imkanlar yaranıb. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Qarabağın nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində regional əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin açılması, Qarabağda beynəlxalq hava limanlarının, eləcə də bir sıra mühüm avtomobil və dəmir yollarının tikintisi ilə bağlı aparılan uğurlu işlər ölkəmizin sülh təşəbbüslərini daha da artırır.
TRASECA layihəsinin Azərbaycan hissəsindən tranzit daşımalar da daxil olmaqla Zəngəzur dəhlizinin fəaliyyətə başlaması hesabına yükdaşımaların həcmi kəskin artacaq. Bu marşrutun Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə inteqrasiyası region ölkələri üçün də xüsusi əhəmiyyət kəsb edəcək. Eyni zamanda Çinin “Bir kəmər, bir yol”, “Lapis-Lazuli” nəqliyyat marşurutları layihəsi, Hindistan-İran-Rusiya arasındakı Şimal-Cənub nəqliyyat marşrutunun Zəngəzur dəhlizi ilə birləşdirilməsi nəqliyyat layihələrinin iqtisadi səmərəliliyini daha da artıracaq.
Hesablamalara görə, Zəngəzur dəhlizinin Türkiyənin Naxçıvan marşrutu ilə İqdır və Qars şəhərlərinə qədər uzadılması Gürcüstan ərazisindən keçən yoldan təqribən 340 kilometr az olacaq. Bu da yükdaşımalar zamanı 20 tonluq bir vaqon üçün 400-500 dollar daha ucuz başa gələcək.
Milli iqtisadiyyatın əsas infrastrukturunu təşkil edən nəqliyyat-logistika sisteminin təkmilləşdirilməsi hesabına istehsal olunmuş məhsulların rəqabət qabiliyyəti artır. Eyni zamanda məhsulun qiymətinin nəqliyyat xərcləri hesabına 10-12 faiz, əmtəə istehsalçılarının ümumi xərclərinin isə nəqliyyat-logistika xidmətləri hesabına 10-30 faiz azalması baş verir. Bu baxımdan Zəngəzur dəhlizinin açılması nəqliyyat xərclərinin azalmasına təsir etməklə yanaşı, Şimal-Cənub və Şərq-Qərb layihələrinə qoşulmaqla region ölkələrinin, o cümlədən İran, Rusiya və Türkiyədə xarici ticarətin inkişafına müsbət təsir göstərəcək. Yeri gəlmişkən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması elə Ermənistana da böyük fayda gətirəcək. Statistik məlumatlara əsasən, 2019-cu ildə Ermənistan Rusiyadan 1 milyard 489,3 milyon dollarlıq, İrandan isə 324,7 milyon dollarlıq mal idxal etmişdir. Həmin dövrdə Ermənistanın ümumi idxalı 5 milyard 71,6 milyon dollar olmuşdur. Zəngəzur dəhlizinin açılması isə gələcəkdə iqtisadi baxımdan bütün region ölkələrinin, eləcə də Ermənistanın xarici ticarət əməliyyatlarının səmərəliliyini artıracaqdır.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”