Texnologiyanın sürətli inkişafı və onunla sıx təmas insan beyninə təsirsiz ötüşmür. Texnologiyanın insanlar üçün müsbət cəhətləri ilə yanaşı, mənfiləri də qaçılmazdır. Bu vasitələrdən həddən çox istifadə isə beyinin elektrik fəaliyyətini və ümumi işini poza bilər.
Müasir texnologiya bir tərəfdən öyrənməyi sürətləndirərkən, digər tərəfdən, ictimai izolyasiya yaradaraq, internet asılılığına gətirib çıxarır. Beyin təkamülünün yaşandığı dövrümüzdə müvəffəqiyyətli olmaq üçün ola biləcək maneələrdən qaçmaq və bu təkamülə uyğunlaşmanı təmin etmək lazımdır. ABŞ araşdırmaçıları bildirirlər ki, günümüzdə texnoloji inkişafla bərabər, beynimiz də daha əvvəl heç olmadığı bir sürətlə təkamül keçirir.
Xarici araşdırmaların birində o da göstərilir ki internetdən istifadə edən, video oyunları oynayanlar bunları etməyənlərə müqayisədə vizual məzmunu və simvolları daha tez qavrayırlar. Bu, texnologiyanın beyinə olan faydasıdır. Lakin…
Rəqmsal texnologiyaların ətraf mühitə yaydığı şüaların beyin hüceyrələrinə zərər verdiyi kimsə üçün sirr deyil. Nəticədə, epilepsiya kimi bir çox xəstəliklər ortaya çıxır. Bu xəstəlik beynin elektrik fəaliyyətinin pozulması ilə əlaqədar yaranır. Araşdırmalara inansaq, texnoloji alətlər sinir yollarımıza da zərər verərək biz nə qədər çox oxusaq da, az məlumat xatırlamağımıza səbəb olur. Bildirilir ki, üzərimizdə olan cib telefonlarından tutmuş digər böyükhəcmli texnoloji alətlər istifadə etməklə gün ərzində daha çox informasiyaya məruz qalırıq. Bu isə diqqətin çox tez dağılmasına səbəb olur. Digər tərəfdən isə düşünülür ki, texnologiya sayəsində beynimizin fiziki quruluşu hər keçən il dəyişir. Bu da zamanla duyğularımıza və insani keyfiyyətlərimizə mənfi təsir göstərir.
Həmçinin texnologiyaya bağlılıq insanları cəmiyyətdən uzaqlaşdırır. Mütəxəssislər hesab edirlər ki, az yaşlı uşaqların texnologiya ilə sıx bağlı olması, onların beyinlərinin inkişafına daha çox mane olur. Ümmumiyyətlə, internetdən çox istifadə edənlər bir müddət sonra uzun mətnləri, qəzetləri oxumaqda çətinlik çəkirlər. Çünki texnoloji alətlər əsasən kiçik məlumatlar almağı yansıdır.
Müasir texnoloji yeniliklər həyatımızı asanlaşdırmaqla yanaşı, bir çox insanda internet asılılığı yaradır. Bu asılılıq böyük problem yarada bilər. İstəmirəm onu da unudaq ki, internet insanların diqqətsizliyinə də yol açır, passiv həyat tərzinə aparır. Bu gün Azərbaycanda gənclərin ölüm hallarının artması, körpələrin diqqətsizlik ucbatından zədələnməsi, ölməsi, insanların özünə qapanmasının kökündə texnologiyanın da “pay”ı var. İnkişaf yaxşıdır, amma bu, insanlarda kortəbii vərdiş halına çevirilməməlidir.