Şəxsi məlumatınızı qoruyun!

post-img

Mobil nömrələrdən uzun müddət istifadə edilmədikdə əvvəlcə birtərəfli, daha sonra ikitərəfli qaydada dayandırılır.  Bu halda nömrə  təkrar satışa çıxarılır. Belə olduğu halda isə rəqəmsal pasportumuza çevrilmiş mobil nömrəmizə bağlı sosial şəbəkə hesabları, bank kartları, müxtəlif virtual platformadakı hesablarımız və digər şəxsi məlumatlar  başqa şəxslərin əlinə keçə bilər. Bu da dələduzluğa, cinayətkarlığa zəmin yaradır. 

Paytaxt sakinləri ilə söhbətimiz zamanı bildirdilər ki, dəfələrlə bu kimi hallarla rastlaşıblar. Sakin Fariz Əsgərov dedi ki, hərbi xidmətdə olan zaman belə halla rastlaşıb: “Mobil nömrəm işlək olmadığından ikitərəfli qaydada bağlanır və satışa çıxarılır. Nömrəmi alan şəxs “instaqram” və “teleqram” hesablarımı ələ keçirmişdi”. 

F.Əsgərovun başına gələn hadisə realdır və bu, bir çox adamda təkrarlanır. Belə ki, nömrəni alan şəxs hesabı bərpa edir və bu məqsədlə həmin nömrəyə gələn koddan istifadə etməklə sosial şəbəkə hesabının parolunu dəyişmiş olur. Hətta bu vasitədən istifadə edən bir neçə şəxs həmin profilin adından onun dost-tanışlarına yazaraq borc kimi müəyyən məbləğdə pullar mənimsəyib. 

Ekspertlər isə müxtəlif varianlar təklif edirlər. IT üzrə mütəxəssis Fatimə Abişova deyir ki, belə olan halda mobil şəbəkə kontakt yaradılmış istifadəçilərə bildirişlər göndərərək, həmin nömrənin abunəçinin istifadəsində olmadığını bildirsinlər: “Eləcə də sosial şəbəkə hesabları, bank kartları istifadəçinin ixtiyarından çıxarılmış nömrədən xəbərdar olmalı, istifadəçidən yeni nömrə tələb etməli, əks halda xidmət müvəqqəti dayandırılmalıdır”. 

Məsələ ilə bağlı “Azercell Telekom” MMC-dən bildirildi ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və abunə müqavilələrinin şərtlərinə əsasən, şirkət tərəfindən nömrə abunəçinin mülkiyyətinə deyil, istifadəsinə verilir. Belə ki, abunəçinin istifadəsinə verilən nömrə müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır: “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksəksəviyyəli domen dövlətə məxsusdur. Beləliklə də, nömrə resursu üzrə mülkiyyət hüququ hər hansı abunəçiyə, operatora deyil, yalnız dövlətə məxsusdur. Belə olan halda nömrə resursundan istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Azercell Telekom” MMC-yə ödənişli əsaslarla verilib. 

Qeyd edilənləri nəzərə alaraq dövlətin mülkiyyəti olan nömrə resursları heç bir vaxt operatorlar tərəfindən satılmır. Burada yalnız operatora ayrılan nömrə resursundan istifadə hüququ ödənişli əsaslarla istifadəçilərə, abunəçilərə verilir. Abunə müqaviləsinin 8.4-cü maddəsinə əsasən, “Azercell” tariflərində qeyd olunan məbləğ yükləmə müddəti bitənə qədər nömrəyə yeni məbləğ yüklənməzsə, abunəçinin bu Müqavilədən birtərəfli qaydada imtina etdiyi başa düşülür. Bu halda “Azercell” abunəçinin nömrəsini onun istifadəsindən çıxarır (ləğv edir) və müqaviləyə xitam verir. Müqaviləyə xitam verilməsi, nömrədə mövcud olan fərdi qaydada aktiv edilən hər hansı “Azercell” xidmətinin (və ya xidmətlərin) ləğv olunması və SIM-kartın balansında qalan, istifadə müddəti ərzində istifadə edilməmiş məbləğlərin silinməsi (sıfırlanması) ilə nəticələnir. Həmin müqavilənin 8.5-ci maddəsinə əsasən, hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilən nömrə “Azercell” tərəfindən başqa abunəçinin istifadəsinə verilə bilər, bu zaman ilkin abunəçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmur”.

Fatimə Abişova onu da qeyd etdi ki, bu məsələ ilə bağlı ictiamiyyət də məsuliyyətli olmalı, istifadə etmədikləri nömrələrin bağlı olduğu hesablar digər mobil nömrələrinə dəyişdirilməlidir. Çünki mobil şəbəkə operatorları istifadəçilərin  bir çox xarici saytlarda həmin nömrələr vasitəsilə qeydiyyatdan keçdiyini görə bilmirlər. 

 



İKT