"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilir

post-img

Bu gün “Formula-1” üzrə dünya çempionatında Azərbaycan Qran prisinin ilk günüdür!

Bakı Şəhər Halqası  Əməliyyat Şirkətindən verilən məlumata görə, səhərin ilk saatlarında artıq “Formula 2” sürücüləri trası sınaqdan keçirəcəklər. Saat 10:00-da baş tutacaq sərbəst yürüşdə gənc pilotlar sazlanmalar üzərində işləyəcək və yarış üçün strategiyalarını yoxlayacaqlar. Mövsümün sonuna cəmi üç mərhələ qaldığı üçün, çempionluğa iddialı yeddi sürücü arasında mübarizə xüsusilə maraqla gözlənilir.

Saat 12:30-da isə diqqətlər “Formula 1” sürücülərinə yönələcək. Onlar bir saatlıq ilk sərbəst yürüşdə Bakının çətin trasında, xüsusilə də dar 90 dərəcəlik döngələrdə və yeni asfalt örtüklü hissələrdə “Pirelli” təkərlərinin davranışını sınaqdan keçirəcəklər. Toplanacaq məlumatlar mühəndislər üçün yarış strategiyasının qurulmasında həlledici olacaq.

Günün ikinci yarısında “Formula 2” sürücüləri 14:00-da sıralanma turuna çıxacaq və həm sprint, həm də əsas yarış üçün start düzümünü müəyyən edəcəklər. Ardınca, saat 16:00-da “Formula 1” pilotları ikinci sərbəst yürüşdə səhərdən başlayan işlərini davam etdirəcək və sürət limitlərini daha da irəli çəkməyə çalışacaqlar.

Axşam isə azarkeşləri böyük musiqi şousu gözləyir. Elektron musiqinin ən futuristik adlarından biri olan Anyma, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 proqramı çərçivəsində Bakı Kristal Zalında səhnəyə çıxacaq. O, tamaşaçılara reallıqla fantaziyanın sərhədlərini pozan unikal audiovizual performans təqdim edəcək. Anyma-nın çıxışı texnologiya, işıq və musiqinin birləşdiyi unudulmaz bir səyahət vəd edir. Qeyd edək ki, onun şouları artıq “Tomorrowland” və “Coachella” kimi dünyanın ən nüfuzlu festivallarında milyonlarla tamaşaçını valeh edib.

XQ

 

İdman