Azərbaycanda 5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

post-img

Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin bu günü Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir.

Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Azərbaycan indi dünyada güclü idman ölkəsi kimi tanınır.

Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması isə təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman Komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya Oyunlarında və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. Qazanılan qələbələr və medallar Azərbaycanın idman ölkəsi olduğunu bir daha təsdiqləyir. Xüsusilə 2024-cü il uğurlar, ilklər və rekordlar baxımından Azərbaycan idman tarixində mühüm yer tutdu. İdmançılarımız ötən il beynəlxalq yarışlarda ümumilikdə 1718 medal əldə etməklə Azərbaycan idmanı tarixində rekorda imza atdılar. Dördilliyin ən mötəbər yarışı olan “Paris-2024” Yay Olimpiya Oyunlarında ölkəmizi 15 növ üzrə təmsil edən 48 idmançı iki qızıl, iki gümüş, üç bürünc mükafat əldə edərək 204 ölkə arasında 30-cu yeri tutdu və bununla da Azərbaycanın yeni olimpiya rekorduna imza atıldı. Yay Paralimpiya Oyunlarında isə 18 idmançı ilə təmsil olunan komandamız dördü qızıl, ikisi gümüş və beşi bürünc olmaqla, Vətənə ümumilikdə 11 medalla döndülər.

Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova AZƏRTAC-a açıqlamasında ölkəmizin idman sahəsində uğurlarının bundan sonra da artacağına inam ifadə edib: “İlk olaraq, Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini ürəkdən təbrik edir, hər birinə uğurlar arzulayıram. Paris Olimpiadasında qazanılan 2 qızıl medal Azərbaycanda idmanın günü-gündən inkişaf etdiyini deməyə imkan verir. Bu nailiyyət Azərbaycan idmanının səhifələrinə tarixi hadisə kimi həkk olundu. İdmançılarımız sağ olsunlar ki, əldə etdikləri uğurlarla bizlərə sevinc bəxş etdilər və neçə-neçə gəncdə idmana həvəs oyatdılar. Mən peşəsindən və sənətindən asılı olmayaraq, hər kəsi idmanla məşğul olmağa dəvət edirəm. Həmin insanlara demək istəyirəm ki, idmanın hər sahəsi gözəldir. Başlamaqdan heç vaxt çəkinməsinlər və özlərini istədikləri növdə sınasınlar”.

Qadın voleybolçulardan ibarət milli komandanın baş məşqçisi, Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, idmanın inkişafında əvəzsiz xidmətləri olan Faiq Qarayev isə Bədən Tərbiyəsi və İdman Gününün ölkəmizdə kütləviliyi ilə seçildiyini vurğulayıb: “Hər il martın 5-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, müxtəlif federasiyaların dəstəyi ilə ölkəmizdə bir çox tədbirlər həyata keçirilir. Sevindiricidir ki, bu tədbirlər sayəsində biz də sağlam həyat tərzinin təbliğinə öz töhfəmizi veririk. Təbii ki, hər il belə tədbirlərin təşkilində dövlətimizin idmana qayğısı və diqqəti də əvəzsiz rol oynayır. Hazırda nəinki paytaxt Bakıda, digər regionlarımızda da idman infrastrukturu xeyli inkişaf edib. Bölgələrdə beynəlxalq turnirlər keçirilir, idman kompleksləri tikilir. Bunun nəticəsidir ki, hazırda ölkədə gənclər arasında idmana çox böyük maraq var. Hesab edirəm ki, bu gün gənc idmançılarımızın bayramıdır. Onlara sağlam ömür, uğurlu karyera arzulayıram”.

İdman yarışlarının təşkilində böyük təcrübəyə malik olan Azərbaycanda yerli və beynəlxalq turnirlər yüksək səviyyədə təşkil olunur. Ölkəmiz nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır. İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bütün bunlar ölkəmizi beynəlxalq nüfuzlu yarışların keçirilməsi üçün əlverişli məkana çevirib. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman Kompleksləri tikilib. Həmin idman mərkəzləri uğurla fəaliyyət göstərir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini verib. Qeyd etmək lazımdır ki, ötən il ölkəmiz ümumilikdə 79 beynəlxalq turniri qəbul edib. 2024-cü ildə Azərbaycanda ilk dəfə keçirilən idman gimnastikası üzrə "TeamGym" və badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatları, hər il ənənəvi olaraq təşkil olunan gimnastika üzrə Dünya və Avropa Kubokları, cüdo üzrə "Böyük Dəbilqə" turniri, Formula 1 Azərbaycan Qran-Prisi, atıcılıq üzrə Dünya Kuboku, çövkən üzrə dünya çempionatı, güləş üzrə Avropa Olimpiya Təsnifat turniri, ötən il üçün "İdman paytaxtı" Qubada "Ulduz Cup" beynəlxalq futbol turniri, Göygöldə cüdo üzrə kadetlər arasında Avropa Kuboku kimi nüfuzlu yarışlar ölkəmizin qüsursuz təşkilatçılıq bacarığını bütün dünyaya nümayiş etdirib.

İlin ən mühüm hadisələrindən biri də Bakının Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçilməsi oldu. Bu qərar Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyətin yüksək qiymətləndirilməsi nəticəsində verildi. Heç şübhəsiz ki, hər il olduğu kimi, 2026-cı ildə də bütün dünyanın idman nəbzi Bakıda döyünəcək.

2024-cü ildə işğaldan azad olunmuş ərazilərimizdə də beynəlxalq turnirlərin təşkili uğurla həyata keçirildi. Xankəndidə Xankəndi - Bakı ultramarafonu, Şuşada Vüqar Həşimov Memorialı və beynəlxalq şahmat turniri, Füzulidə beynəlxalq avarçəkmə reqatası ilin əlamətdar idman hadisələri kimi yaddaşlarda qaldı. Bu yarışlar işğaldan azad olunmuş ərazilərdə idman infrastrukturunun qısa zaman kəsiyində əlverişli vəziyyətə gətirildiyini göstərməklə yanaşı, Qarabağda idmanın inkişafına xüsusi diqqət yetirilməsinin bariz nümunəsinə çevrildi.

Ölkəmizdəki mötəbər tədbirlər bunlarla yekunlaşmır. Azərbaycanın bu il ev sahibliyi edəcəyi III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə, həmçinin Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində reallaşacaq. Bununla yanaşı, aerobika gimnastikası üzrə Avropa yaş qrupları yarışları və Avropa çempionatı ilk dəfə olaraq Gəncə şəhərində gerçəkləşəcək. Ölkəmiz gimnastika üzrə dünya və Avropa kubokları, Formula 1 üzrə Azərbaycan Qran‐Prisi kimi vacib yarışları da qəbul edəcək.

Bütün bu uğurlar Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bununla da “Sağlam bədəndə sağlam ruh olar” prinsipinə söykənərək demək olar ki, Azərbaycan sağlam gəncliyi və sağlam gələcəyi olan bir dövlətdir.

İdman