Fevralın 25-i Naxçıvan Şahmat Mərkəzində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şahmat üzrə rapid turniri keçirilib. Yarışda muxtar respublikanın bütün şəhər və rayonlarından ümumilikdə 114 şahmatçı iştirak edib. Açılış tədbirində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinim şöbə müdiri Taleh İbrahimov yarışın əhəmiyyətindən bəhs edib, iştirakçılara uğurlar arzulayıb. Turnirin reqlamenti barədə məlumat iştirakçıların diqqətinə çatdırıldıqdan sonra mübarizəyə start verilib.
Nəticələrə gəlincə, kişilər (oğlanlar) arasında Ramal Həsənov (8,5xal), qadınlarda (qızlar) Ayla Zamanlı (5,5 xal) qızıl medal qazanıblar. Mirsaleh Seyidli və Xanım Rzayeva ikinci, Bahəddin Hətəmovla Sara Rzayeva isə üçüncü olublar.
İlk üç yerin sahiblərinə diplom və medallar təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan tədbir şahmatçıların yarış təcrübəsinin artırılması, qarşıdakı turnirlərə hazırlıq, eyni zamanda şahmatda kütləviliyin təmin edilməsi məqsədlərinə xidmət edib.