İdmanın  “şah”ı:  Sürət,  çeviklik,  güc

post-img

Balacaların atletika dünyası genişlənir 

İdmanın “şahı” adlandırılan, özündə qaçış növlərini, idman yerişini, tullanmaları, atmaları, coxnövçülük və krossu birləşdirən atletika uşaqlar üçün bir çox üstünlüklər yaradır. Dözümlülüyü, reaksiya sürətini inkişaf etdirən, immunitet sistemini gücləndirən və düzgün fiziki inkişafa kömək edən bu idman növünün faydalarını sadalamaqla qurtarmaz. Yetər ki, uşaqları atletikaya istiqamətləndirib, onların məşqləri üçün imkan yaradaq.  
Bakının Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Bakı Atletika Mərkəzi”nin atletika manejində məşqçi Anar Yusifovun rəhbərliyi altında kiçik yaş qrupundan ibarət uşaqların  saatyarımlıq məşqini izlədikcə düşünürük ki, bu idman növü sanki elə onların özləri tərəfindən icad edilib. Atletika “dünyasına” daxil olan balacaların yerinə yetirdikləri bu hərəkətlər çox sadə görünsə də, böyüyən bədən üçün olduqca faydalıdır. 
Kiçik yaş qrupunda məşqlərə 5 yaşdan tutmuş 14 yaşadək uşaqlar qatılıb. Hazırlıqdan əvvəl tanış olduğumuz 5 yaşlı Musa Məmmədli, Fərhad Qurbanov, 6 yaşlı Cihan Heybətov, Umeyra Quliyeva, Yelizaveta Pasenko nəinki komanda yoldaşlarından geri qalmır, hətta çevik hərəkətləri ilə onları qabaqlamağa səy göstərirlər. Bu, onların atletik hərəkətlərə sevgisindən irəli gəlir. Əslində, heç düşünmürük ki, atletikanı sevməyən uşaq ola bilər. Sadəcə, bir çox valideynin dili ilə desək, uşağı məşqə gətirmək üçün vaxt və həvəs lazımdır. 
8 yaşlı Ümid İbrahimlinin atası Kamran müəllim oğlunun hazırlığını diqqətlə izləyir. Deyir ki, məşqləri bir gün belə olsun buraxmırlar:
–Oğlum məşqlərlə yanaşı, dərslərinə də diqqət yetirir. Həftədə 4 dəfə, bəzən 5 dəfə məşqə gəlirik. Şənbə günləri tezdən durub, zala tələsir. Ümid artıq yarışlarda iştirak edir. ­Heydər Əliyevin 100 illiyinə həsr olunmuş turnirdə 2016-2018-ci il təvəllüdlü uşaqlar arasında 600 metr məsafəyə qaçışda qalib olub. 2012-2015-ci il təvəllüdlü uşaqlar arasında 800 metr məsafəyə qaçışda isə 3-cü yeri tutub. İstərdim ki, hazırlığını davam etdirib idmançı olsun. 
Öyrənirik ki, pis hava şəraiti, yaxud tıxaclar Ümidin davamiyyətinə təsir etmir. Bəzən isə hazırlığa Mərdəkandan gəlməli olurlar. 
İsinmə hərəkətlərindən sonra məşqlərə başlayan atletlərin, həm də qısa məsafələrə qaçışını, eləcə də qaçaraq tullanma yarışını da izləyirik. Kim deyirsə, məşq zamanı uşaq enerji itirir, bununla razılaşmıram. İdman çoxlu müsbət emosiyalar verir, uşaqları daha güclü, çevik edir. Balaca dostlarımızdan 10 yaşlı Yusif Şirinlinin hərəkətləri diqqətimizi çəkir. Təxminən 70 kiloqram çəkiyə malik atletin göstərdiyi səylər, cəldliyi, dözümlülüyü bizi heyran edir. Onun məşqdən qabaq söylədiyi fikirləri xatırlayırıq: 
– İndi özümdə artıq çəkini o qədər də hiss etmirəm. Əvvəlkitək məşqlərdə əziyyət çəkmirəm. İlk günlər tez yorulurdum. Cəmi 2 dairə qaça bilirdim. Artıq 5 dairə qaçıram. 
Kim bilir, bəlkə elə Yusif dünyanın ən sürətli atleti olacaq. Təqdirəlayiq haldır ki, qrupda bir ailədən gələn uşaqların da sayı çoxdur. Məryəm, Hüseyn Hüseynzadələr, Ömər, Akif Əskərovlar və başqaları idmançı ailəsi kimi alqışlanmalıdır. Məşq sona çatmaqdadır. Yorulmaq bilməyən uşaqlar daha şən və xoşbəxt görünürlər. 
Onlarla söhbət edib, fikirlərini dinləyirik. 
12 yaşlı İnci Səlimova artıq 8 yaşdan yarışlarda iştirak edir. Düşünür ki, qaçış üzrə yaxşı nəticələr əldə edə bilər. Bunun üçün fasiləsiz məşqləri davam etdirmək vacibdir. İstəyir ki, qızlar da oğlanlar kimi fəal şəkildə idmanla məşğul olsunlar. Ən böyük arzusu beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanmaqdır.  
Ümid İbrahimli 70 nömrəli məktəbin 3-cü sinfində təhsil alır. İdman dərslərinə, dərsləri isə idmana mane olmur. Bildirir ki, onda qısa məsafəyə qaçış onda daha yaxşı alınır. Sənan Ələkbərli artıq 2 ildir ki, məşqləri fasiləsiz davam etdirir. Bacısı Damla da onunla birgə atletikanın sirlərini öyrənir. Miloş Milobabiçin 12 yaşı var. Artıq 3 ildir ki, atletika ilə məşğul olur. Yarışlarda çoxlu medallar qazanıb. Serbiyada keçirilmiş beynəlxalq turnirdə 60 metr məsafə üzrə 1-ci, 50 metr məsafə üzrə 2-ci yeri tutub. 
Qrupda oğlanlara nisbətən, qızlar xeyli azlıq təşkil etsələr də, məşqçilərdən birinin zərif cinsin nümayəndəsi olmasını yaxşı hal kimi qiymətləndirmək olar. Məşq zamanı balacalara mehribanlıqla yanaşıb, yerinə yetirəcəkləri hərəkətləri izah edən Fatimə Həsənova ilə də həmsöhbət oluruq. Öyrənirik ki, son 3 ildə məşqçilik fəaliyyəti ilə məşğul olur. Bakı, Azərbaycan çempionatlarının qalib və mükafatçısıdır:
– Qrupda potensiallı uşaqlar çoxdur. Onlar qısa, uzun məsafələrə qaçış, qaçaraq tullanma və digər növlərdə hazırlıqlarını artırırlar. Təəssüf ki, digər idman növlərində olduğu kimi, atletikada da qızların sayı azdır. Elə qrupumuzda da vəziyyət bu cürdür. 
Fatimənin sözlərinə onu əlavə edək ki, qızlarımızın idmanla məşğul olmasında ümumi passivlik müşahidə edilir. Bir çoxu zərif cinsin nümayəndələrinin döyüş növləri ilə məşğul olmasına qarşı çıxır. Bunu da onunla izah edirlər ki, qızlar o zaman kobudlaşırlar. Yaxşı, bəs atletikada qızların sayı niyə azdır? Onlara atletik hərəkətlər etmək olmazmı? Düşünürəm ki, bu, birbaşa valideynlərin düşüncələri və məsuliyyətləri ilə bağlı məsələdir. Görünür, bir çoxları qızları idmana gətirmək üçün vəsait və vaxt sərf etmək istəmirlər. Amma zərif cinsin nümayəndələrinin idmanla məşğul olması nəinki özlərinin, həm də həyat verəcəkləri gələcək nəslin sağlamlığı deməkdir. Digər tərəfdən əlavə fəaliyyətlə məşğul olmaqla, özləri üçün gələcəkdə iş yerləri də təmin etmiş olurlar. 
Atletika ilə böyük həvəslə məşğul olan qızlardan biri – İncinin atası Amir Səlimovla söhbət edirik. Deyir ki, qızında atletikaya marağı görüb, onu məşqlərə gətirib:
– Sürətlə qaçırdı, hətta oğlanlar ona çata bilmirdilər. Onu özüm məşqə gətirirəm. Bəzən işim çıxanda babası kömək edir. İncinin qardaşı da kiçik yaşlarından idmanla məşğul olub, cüdoya həvəs göstərib. 14 yaşı var. Hazırda daha çox təhsilinə diqqət yetirir. İndi bəzən İncini özü məşqə gətirir. Qızım 2013-cü il təvəllüdlü olsa da, 2010-2011-ci il təvəllüldlü uşaqlar arasında qısa məsafə üzrə artıq yaxşı nəticələri var. 60 və 100 metr məsafələr üzrə qalib və mükafatçı olub. Gələcəkdə seçim özünündür. Potensialı var və onu inkişaf etdirmək üçün imkanlar yaradırıq. 
Məşqdən sonra bir qədər yorğun görünən Anar Yusifov əli ilə zalı göstərərək deyir: 
– Burada uşaqların atletikanın sirlərinə yiyələnmələri üçün hər bir şərait var. Tez-tez orta məktəblərdə də olur, uşaqları məşqlərə dəvət edirik. Bu işdə məktəblər də bizə kömək etməlidirlər. Uşaqları kiçik yaşlardan hazırlayırıq. 14-15 yaşdan sonra hansı növə uyğundurlarsa, o növdə də məşğul olmağa davam edirlər. Komandamızın üzvlərindən U-16, U-18 Azərbaycan çempionatlarında birinciliklərində mükafatçılar var. Fevralın 8-də Bolqarıstanın Sofiya şəhərində keçiriləcək Balkan çempionatında 2 idmançımız Nihad Tağıyev, İsgəndər Əsgərov 400 və 800 metr məsafələr üzrə qaçışda güclərini sınayacaqlar. Yığmanın digər üzvləri də bizi o yarışda təmsil edəcəklər. 
Atletika tariximizdə o qədər də böyük nailiyyətlər əldə edilməsə də, Nazim Babayev kimi Avropa çempionatının qalibi olan idmançımız var. Demək, istəsək, dünya, Olimpiya çempionları da yetişdirə bilərik. Geniş imkanlara malik bu manejdə gələcəyin dünya şöhrətli atletlərinin ərsəyə gəlməsi ümidi ilə zaldan ­ayrılırıq. 

Leyla QURBANOVA,
Cavid QAÇAYEV (foto) 
XQ

























İdman