Yüngül yemək – şirin yuxu

post-img

Bəzən insanlar yuxudan durarkən süst olur, yataqdan qalxmaq istəmir, özlərində ağırlıq hiss edirlər. Bunun əsas səbəbi axşam yatmazdan əvvəl yağlı, çox və kalorili qida yeməyimizdir. Bəs şam yeməyi nə vaxt yeyilməlidir? Həmin vaxt hansı qidalardan uzaq durmaq lazımdır? 
Qastroenteroloqların fikrincə, axşam saatlarında çox yağlı, qızardılmış qidalardan, un məmulatlarından, şirniyyatdan, turşuya qoyulan, hisə verilən məhsullardan, qazlı və spirtli içkilərdən uzaq durmaq lazımdır.
Çünki sadalanan qidalar gec həzm olunur, qida dəyəri aşağı, lakin kalorisi çox olduğu üçün orqanizmi lazımi qida maddələri, vitaminlər, zülallar, minerallar və  enerji ilə təmin edə bilmədiyinə görə, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Gecəboyu istirahət etməli olan orqanlar çalışıb əlavə enerji sərf etdiklərindən insan yorğun, halsız oyanır. 
Düzgün bişirilmə qaydalarına riayət olunmayan qidalar nəinki həzm sistemində ciddi problemlərə yol açır, eyni zamanda, şəkərli diabetə, hipertoniya xəstəliyinə, böyrək patologiyalarına, su-duz mübadiləsinin pozulmasına da səbəb ola bilər. Buna görə də şam yeməyində yüngül yeməklərə üstünlük vermək tövsiyə olunur.

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat