Qadın marşallar idman dünyası üçün yeni nümunə oldular

post-img

Formula 1 Azərbaycan Qran-Prisində qadın mar­şalların fəaliyyəti də diqqət mərkəzində olub. Onların fəal rolunu nəzərə alaraq yarış zamanı Bakı Şəhər Halqasının həlledici, 16.2-ci döngəsində “Qadın mar­şal postu” fəaliyyət göstərib.

Artıq üçüncü ildir ki, tətbiq edilən bu təşəbbüslə qadın mar­şallar yarış əməliyyatlarında ön sıralarda olur ki, bu da yeniliyə və tədbirin əhəmiyyətli məqamına çevrilir. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Azər­baycanda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem qadın marşallarla görüşüb.

M.Fərzullayev qadın marşallarımızın 16-cı döngədə yer­ləşən postunun yarışın gələcəyində onların töhfələrinin nə qədər vacib olduğunu göstərdiyini deyib:

– Qadınları belə mühüm bir posta yerləşdirməklə, biz, sa­dəcə, onların nailiyyətlərini qeyd etmirik, eyni zamanda, daha inklüziv və dinamik bir idman üçün yol açırıq. Qlobal miqyasda motoraport inkişaf etdikcə, Bakı Şəhər Halqasının “Qadın mar­şal postu” bu idmanın müxtəlifliyi qəbul etdiyini və qadınlar üçün daha çox imkanlar yaratdığını nümayiş etdirir. 

FIA prezidenti Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qadınların idmandakı nüfu­zunun artması üçün bu cür təşəbbüslə çıxış etməsinin qürurverici olduğunu diqqətə çatdırıb: 

– Bərabərlik, müxtəliflilik və inklüzivlik siyasəti FIA-nın başlıca qayəsi olmaqla, qadınların idarəçilik mövqeyinin artma­sına töhfə vermək vacib məqsədlərimizdəndir. Ümid edirəm ki, Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq.

L.AZAD
XQ



İdman