Qlobal mediada bu mövzuda fərqli ehtimal və fərziyyələr səslənir
ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkiləri dünyanın diqqət mərkəzindədir. Bu mövzunun qlobal medianın gündəmində olması da təbiidir. Ağ evə iki əsas namizəddən biri – 45-ci prezident Donald Trampla bağlı bugünlərdə növbəti sensasiyalı xəbər yayıldı.
Belə ki, sentyabrın 15-də Trampın olduğu Florida ştatında, qolf klubunun yanında atəş açılıb. Ehtimal olunur ki, silahlı şəxs prezidentliyə namizədə hücum etməyi planlaşdırıbmış. Bu barədə CNN bir çox yerli və federal mənbələrə istinadən bildirib. “The New York Post” qəzeti isə xəbər yayıb ki, “Palm beach” (Florida ştatı) qolf klubunda şübhə doğuran bir kişi Federal Məxfi Xidmətin əməkdaşının diqqətini cəlb edib və təhlükəsizlik əməkdaşı onun əlində silaha bənzəyən əşyanı gördükdə atəş açılıb. Həmin şəxs yerli polis tərəfindən saxlanılıb.
Başqa bir versiya da var. Belə ki, bir sıra nəşrlər yazırlar ki, sözügedən obyektdəki atışma heç də Trampa qarşı yönəlməyib. Atəş açanlar bir-birini nişan alıblar. Lakin ABŞ hakimiyyət orqanları hadisəni Trampa qarşı sui-qəsd cəhdi kimi qiymətləndirib.
Yeri gəlmişkən, populyar “Fox news" telekanalı məlumat yayıb ki, Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən şəxsin adı və soyadı Rayan Uesli Rutdur. Rut avtomatının lüləsini qolf klubunun hasarından keçirib. O, Ağ evin keçmiş rəhbərindən 270 metr aralıda olub. Bəzi nəşrlərdə hətta Rutun ukraynapərəst olduğu barədə fərziyyələr dolaşır.
Amerikalı milyarder İlon Mask dövlət başçısı postuna namizəd Trampın həyatına ikinci sui-qəsd cəhdini şərh edib. O, özünün sosial media platformasında belə bir ritorik sual yerləşdirib: “Nə üçün yalnız Respublikaçılar partiyasının namizədinə sui-qəsd təşkil olunur? Heç kim Prezident Cozef Baydeni, yaxud vitse-prezident Kamala Harrisi öldürməyə cəhd göstərmir?!”
Bu arada ABŞ lideri Cozef Bayden Məxfi Xidmətin rəhbərliyinə Trampın təhlükəsizliyini daha da gücləndirməyi tapşırıb. Baydenin adından Ağ evin mətbuat xidmətinin yayımladığı bəyanatda deyilir ki, “Birləşmiş Ştatlarda hər hansı bir cinayət əməli kimi siyasi motivli zorakılığa yer yoxdur”.
Yeri gəlmişkən, bir çox nüfuzlu siyasətçilər bu məsələyə münasibət bildirirlər. Məsələn, Kremlin mətbuat katibi Dmitri Peskov Trampa sui-qəsddə şübhəli bilinən şəxslə Ukrayna arasında əlaqələr barədə Rusiyanın deyil, ABŞ xüsusi xidmət orqanlarının düşünməli olduğunu söyləyib: “Rusiya ABŞ-də daxili siyasi proseslərə qarışmayıb və indi də qarışmır. Kreml seçki kampaniyası dövründə ABŞ-də vəziyyəti gərgin hesab edir”.
Xatırladaq ki, bu, sabiq prezidentə qarşı artıq ikinci sui-qəsd cəhdidir. Trampın həyatına əvvəlki sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatında baş vermişdi. Onun çıxış etdiyi səhnədən, təxminən, 100 metr aralıdakı binanın damında gizlənən cinayətkar Respublikaçılar partiyasından prezidentliyə vahid namizədə atəş açmışdı. Hadisə nəticəsində sabiq dövlət başçısı qulağından yaralanmışdı.
Məsaim ABDULLAYEV
XQ