Qərbin hərbi yardımı Ermənistanı yeni məğlubiyyətə sürükləyir

post-img

“Minsk İrəvan ilə əməkdaşlığa və onlara kömək etməyə hazırdır, amma Ermənistan Avropa İttifaqına qoşulmaq istəyir”. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko respublikada yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşdə bildirib. 

Belarus lideri İrəvan ilə münasibətlə­rin pisləşməsində Minskin günahı olma­dığını vurğulayıb: “Yaxşı olardı ki, bütün çatışmazlıqlara və nüanslara baxmayaraq, əvvəlki kimi Ermənistanla yaxşı münasi­bətlər quraq. İnanın ki, bu, qətiyyən bizim günahımız deyil. Biz ermənilərə kömək et­məyə çalışdıq, əməkdaşlıq etdik və dəstək verdik. Lakin görünür, Qərbə, Avropa İtti­faqına getmək istəyirlər".

Dövlət başçısı daha sonra deyib: “O hansı Qərbdir? Qərblə, amerikalılarla əməkdaşlığa qarşı deyilik, amma onların siyasətini görürsünüz... Sabah ABŞ-də ha­kimiyyətə yeni rəhbərlik gələrsə, siyasət tamamilə fərqli olacaq. Onların vərdişləri belədir: “Sən kimsən? Biz sizi tanımırıq! Bu, onların siyasətidir. Onlara etibar etmək olmaz. Ermənilər ağıllı insanlardır. Yaxın gələcəkdə onlar xoşbəxtliyin harada oldu­ğunu anlayacaqlar”.

Lukaşenkonun bildirdiyi kimi, Qərbdə Ermənistana yalan vədlər verməklə onu fəlakətə sürükləyirlər. Bu ölkəni Avropa İttifaqına üzvlüyə qəbul etmək bir yana qalsın, hər vəchlə Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışırlar. Aydın görünür ki, regionda gedən sülh proseslə­ri Qərbin müxtəlif strukturlarını, eləcə də Brüsseldə oturan Avropa Şurasının siyasət­çilərini qane etmir. Bu səbəbdən də bölgə­də təxribata, gərginliyə yönəlik addımlar atırlar. Aİ Ermənistandakı mülki missiya­sının sayını artırır. Bunun arxasında Aİ-nin məkrli planları gizlənir. 

Fransanın Ermənistanı silahlandırması da bu siyasətin tərkib hissəsidir. Paris yeni eskalasiya və gərginlik ocağı yaratmağa çalışır. Bu məqsədlə Paris Ermənistana satdığı silah-sursatın çeşidini genişləndirir, ölkə rəhbərliyini revanşizmə təşviq edir. Ermənistanın müdafiə naziri Suren Pa­pikyanın Fransaya səfəri zamanı iki tərəf arasında “CAESAR” özüyeriyən artilleri­ya sistemlərinin alınmasına dair müqavilə imzalanıb. “CAESAR”ları satın almaqla Ermənistan, əslində, Azərbaycanla yeni sa­vaşa hazırlaşdığını, Fransa isə bu silahları satmaqla rəsmi İrəvanı müharibəyə hazır­ladığını gizlətmir.

Bu razılaşma Ermənistanın Fransa­dan 3 ədəd GM200 radar sistemi, 50 ədəd “Bastion” tipli zirehli texnika satın alma­sı və “Mistral” qısamənzilli hava hücu­mundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair imzaladığı müqavilə ilə başlanan revanşa hazırlıq prosesinin tərkib hissəsi sayılmalıdır.

Bu azmış kimi, Hindistan Parisin köməyi və rəsmi icazəsi ilə “Trayan” özü­yeriyən artilleriya sistemlərini Ermənista­na çatdıracaq. Söhbət “Nexter systems” və “Sezar” özüyeriyən artilleriya sistemləri­nin hind analoqundan gedir. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla deyil, əvvəlcə İran ərazisinə, sonra isə quru yol ilə Ermə­nistana çatdırılması planlaşdırılır. Budur Qərbin Ermənistana vəd etdiyi üstünlüklər və Ermənistanın Qərbə meyillənməsinin səbəbi?! İrəvan daha böyük maliyyə dəstə­yinə də ümid edir. Qərbdə isə havayı pul verən yoxdur. 

Bəs Ermənistan silahlanmaqla nəyə nail olmaq istəyir? Bu barədə Plexanov adına Rusiya İqtisad Universitetinin müəl­limi, hərbi politoloq Aleksandr Perend­jiyev bildirib ki, Ermənistan Qərbdən, sadəcə, yeni silahlar almır, həm də Ukray­naya öz köhnə sovet silahlarını ixrac edir. Bununla da Kiyevə Rusiyaya qarşı müba­rizədə kömək edir: “Söhbət Ermənistanda silahların artırılmasından yox, yenidən silahlanmadan gedir. Sovet silahları əvə­zinə, Qərb silahları alınır. Üstəlik, burada anti-Azərbaycan deyil, Rusiya əleyhinə çox şeylər var. Çünki bu yaxınlarda Er­mənistandan xeyli sovet silahı Ukraynaya gətirilib. Bu, ABŞ-nin əmri ilə edilir. Qərb silahları İrəvana çatdırılır”.

Aleksandr Perendjiyev sonra vurğula­yıb: “Yəni bizim və Bakının da gördüyü silah tədarükü sovet silahlarını Ukrayna­ya verdiyinə görə Ermənistana vəd edilən Qərb təzminatıdır. Paşinyan heç nə ödəmə­li olmadığına görə, bununla razılaşıb. O, Qərb kuratorlarının göstərişlərinə əməl edir”.

Hərbi politoloq onu da qeyd edib ki, Azərbaycan ordusunu ardıcıl olaraq güc­ləndirir. Hələ də regionun əsas hərbi qüv­vəsidir və Ermənistanın Cənubi Qafqazın təhlükəsizliyini təhdid etmək cəhdlərinin qarşısını almağa qadirdir: “Qərbin bu silah təzminatı müəyyən mənada Ermənistan ordusunu gücləndirir, lakin o qədər yox ki, Azərbaycan mövqelərinə hücum etsin və Azərbaycan ordusundan güclü olsun. Fransa Azərbaycanın əl-qolunu sallayıb gözləməyəcəyini yaxşı bilir. Bakı da cavab addımları atır. Azərbaycan ordusu Ermə­nistan ordusundan çox güclüdür. İndiyə­dək Ermənistanın malik olduğu hərbi güc Azərbaycan ordusuna müqavimət göstər­mək üçün yetərli deyil”.

Beləliklə, Fransa öz hərəkətləri ilə re­gionu yeni hərbi eskalasiyaya sövq edir, Ermənistanı fəlakətə sürükləyir. Qərbin hərbi yardımının sonu Ermənistan üçün yeni məğlubiyyətdir. 

Pünhan ƏFƏNDİYEV
XQ

Dünya