Hazırlıq plan üzrə gedir

post-img

Paris Olimpiadasında “ağır artilleriya”mızın işə düşməsini – güləş təmsilçilərimizin çıxışını səbirsizliklə gözləyirik. Sərbəst və yunan-Roma güləş komandalarımız artıq sonuncu hazırlıq mərhələsini keçirlər. İndiyədək Azərbaycanın güləş komandası olimpiadalarda 4-ü qızıl, 8-i gümüş, 13-ü bürünc medal olmaqla 25 mükafat qazanıb. 

Yunan-Roma güləşi üzrə Azərbaycan mil­lisinin baş məşqçisi Aleksandr Tarakanov yığ­manın “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlıq prosesi barədə federasiyanın mətbuat xidmətinə açıqllamasında məşqlərin plan üzrə getdiyini deyib. Mütəxəssis bildirib ki, sparrinq məqsədilə İran, Moldova və Rusiyadan güləş­çilər dəvət edilib: 

– Güləşçilərimiz məşq edir, hazırlaşırlar. Hər kəs yaxşı nəticəyə köklənib. 

Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Parisdəki Yay Olimpiya Oyunları öncəsi son hazırlıq prosesi ilə bağlı danışarkən hazırlıqların plan üzrə get­diyini bildirib: 

– Hazırlıq prosesi plan üzrə gedir. Olimpiada üçün son təlim-məşq toplanışıdır. Güləşçilərimiz qələbəyə köklənib. Ümid edirəm ki, Olimpiya oyunlarında ən yaxşı çıxışlarını nümayiş etdirəcək­lər. İnanıram ki, toplanışı zədəsiz başa vuracağıq. Sonra Olimpiya bayramı başlayacaq. 

Qeyd edək ki, “Paris-2024”də güləş yarışları avqustun 5-də start götürəcək, 11-dək davam edə­cək. 

Azərbaycanın sərbəst güləş yığmasının heyə­tində Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurməhəm­mədov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişvili (125 kq) yer alıb. 

Yunan-Roma güləşi üzrə isə Murad Məmmə­dov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süley­manov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) medallar uğrunda yarışacaqlar. Qadın güləşində ölkəmizi Mariya Stadnik (50 kq) təmsil edəcək.









İdman