Alfonso Dominqes: Daha da irəli getmək lazımdır

post-img

Bu gün medal ümidlərimizdən biri olan boksçumuz Alfonso Dominqes (92 kq) ¼ final qarşılaşmasına çıxacaq. 

Boksçumuz yaxşı formada olduğunu elə ilk qarşılaşmada nümayiş etdirib. O, 1/8 final mərhələsində ikiqat Olimpiya çempionu Xulio Sesar Kruz (Kuba) kimi çətin rəqibi mü­barizədən kənarlaşdırıb. Rinq ustası müsahibələrinin birində Paris Olimpiadasında favorit­lər arasında məhz Xulio Sezar La Kruzun adını çəkmiş, eyni zamanda, ispaniyalı və italiyalı boksçuların güclü olduqlarını bildirmişdi. Artıq ilk görüşü müvəffəqqiyyətlə başa vuraraq növ­bəti mərhələyə vəsiqə qazanan rinq ustasının uğurla irəliləməsi üçün yetərincə potensialı var. Boksçumuz yarışda çıxışını şərh edərkən belə deyib: 

– Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. 

Tokio Olimpiadasında bürünc medal qazanan Alfonso Do­minqes Olimpiya tsiklində böyük nailiyyətlər əldə edib. O, 2021-ci ildə karyerasında ilk dəfə dünya çempionu titulunu qa­zanıb. Ötən il Daşkənddə keçirilən dünya çempionatında gümüş medala sahib olub. Bugünkü döyüşdə onun rəqibi Aybek Oral­bay (Qazaxıstan) olacaq. 

İnanırıq ki, boksçumuz Olimpiya zirvəsinə yüksələcək!



İdman