Bu gün XX əsrin II yarısında Sovet İttifaqı çempionatlarında “Neftçi”nin şərəfini qorumuş, onun uğurları üçün meydanda böyük əzmkarlıq göstərmiş, fədakarlıq nümunəsi olmuş futbolçuları xatırlayarkən Tofiq Cavad oğlu Axundovu indiki idman ictimaiyyətimizə yaxından tanıtmaqla, yəqin ki, yaxşı bir iş görmüş olarıq. Bu ucaboy və möhkəm bədən quruluşlu mərkəz müdafiəçisi 1966-cı ildə bürünc medal qazanmış komandanın heyətində meydana çıxmasa da, onun pərəstişkarlarında özü haqqında sərrast zərbələr ustası, qol vurmaq bacarığı ilə fərqlənən müdafiəçi təsəvvürü yaratmış və dəfələrlə onların alqışlarını qazanmışdı. Axundovun SSRİ çempionatlarında vurduğu 4 qoldan birini bu dəqiqələrdə də yaxşı xatırlayıram. Təxminən, 30–35 metr məsafədən güclü və dəqiq cərimə zərbəsi ilə Kişinyovun “Moldova” komandasının qapısına vurulan qol stadionun tribunalarına toplaşan 40 min azarkeşi bir andaca ayağa qaldırdı.
İndi statistikanın köməyilə 1963-cü il oktyabrın 27-də 25-ci SSRİ çempionatı çərçivəsində Bakıda keçirilmiş “Moldova” ilə həmin oyunu bir qədər ətraflı xatırlayaq. Moskvalı hakim Sergey Alimovun idarə etdiyi görüş 4:2 hesabı ilə bakılıların xeyrinə başa çatmış və təbii ki, həmin payız axşamında 40 min azarkeş sevimli futbolçularını meydandan alqışlarla yola salmışdır. Tofiq hesab 2:2 olarkən fərqlənmiş, komandasını gərgin anlarda qələbəyə yaxınlaşdırmışdı. “Neftçi”nin qalan 3 topunu isə 2 qolun müəllifi Yuri Kuznetsov və Kazbek Tuayev vurmuşlar.
Həmin çempionatda T.Axundov daha 2 dəfə rəqib komandaları oyuna meydanın mərkəzindən başlamağa məcbur etmişdir. Kişinyov klubu ilə matçdakı kimi, avqustun 22-də Rostovun OİK futbolçuları ilə görüşdə də, statistikada göstərildiyi kimi, tribunalara 40 min azarkeş toplaşmışdı. Ədaləti xarkovlu hakim A.Vasilyevin qoruduğu qarşılaşmada “Neftçi” 2:1 hesabı ilə qalib gəlmiş və oyunda ilk qolun müəllifi artıq 10-cu dəqiqədə Axundov olmuşdur.
Bundan 2 ay sonra, oktyabrın 23-də Moskvada OMİK–“Neftçi” görüşündə də Azərbaycan paytaxtı futbolçularının xeyrinə 2:1 hesabı qeydə alınmışdır. Maraqlıdır ki, riqalı hakim M. Rubenisin idarə etdiyi bu oyunda da birinci olaraq Axundov fərqlənmişdir. O, artıq 12-ci dəqiqədə komanda yoldaşlarına və azarkeşlərimizə qol sevinci yaşatmışdır. Göründüyü kimi, 61 il əvvəl, 1963-cü ildə keçirilmiş 25-ci SSRİ çempionatında “Neftçi”nin müdafiəçisi T. Axundovun vurduğu hər 3 qol komandanın qələbələrində mühüm rol oynamışdır.
Yeri gəlmişkən, həmin çempionatda 20 kollektiv çıxış etmişdir. Komandamızın 38 oyunda 45 xal toplayaraq turnir cədvəlində finişə 8-ci mövqedə çatmasında müdafiəçi Axundovun vurduğu 3 qolun da köməyi böyük olmuşdur.
“Neftçi”nin 25-ci çempionatda onunla eyni miqdarda xal toplayıb, 6–7-ci yerləri bölüşdürən Leninqradın “Zenit” və Moskvanın OMİK komandalarından yalnız topların fərqinə görə geri qaldığını da xatırlaya bilərik.
“Moldova” ilə görüşü tribunalardan 40 min tamaşaçının izləməsi də bakılıların ümidləri doğrultmalarını təsdiq edirdi. Bununla əlaqədar mərhum həmkarım Aqşin Kazımzadənin tərtib etdiyi və 1964-cü ildə çap olunmuş təqvim-məlumat kitabçasında 25-ci çempionat haqqında yazdığı sətirlər təsadüfi deyildi:
“Ötən mövsümü bir daha xatırlayın. O bizə nə qədər sevinc bəxş etdi! Yəqin ki, bütün dövrlər ərzində ilk dəfə olaraq biz – Azərbaycanın futbol azarkeşləri də özümüzü “azarkeş kaqortası”nın tam hüquqlu üzvü hiss etdik. Buna səbəb isə bizim “Neftçi”nin ölkə çempionatında inamlı çıxışı, onun favoritlər üzərində böyük qələbələri və nəhayət, turnur cədvəlində layiq olduğu 8-ci yerdir. Sevindirici və çox vacib haldır ki, futbolçularımızın oyununda tərəqqi yaranıb, heyətə istedadlı, qabiliyyətli, yaxın zamanda səviyyəli ustalara çevriləcəklərini vəd edən gənclər cəlb olunub”.
Tofiq Axundovun daha bir qolu isə 1961-ci ildə 23-cü çempionata təsadüf etmişdir. Həmin il mayın 2-də komandamız Riqada yerli “Dauqava”nın qonağı olmuşdur. Oyunda rəqibləri meydanın mərkəzinə tallinli hakim V. Fridman dəvət etmişdir. Hesabı 43-cü dəqiqədə Latviya futbolçuları açmış, 2-ci hissənin lap əvvəlində, 46-cı dəqiqədə isə Axundov cavab topu vurmuş və komandalar meydandan sülhlə ayrılmışlar – 1:1.
Statistika T.Axundovun 1961–1965-ci illər mövsümündə ardıcıl 5 çempionatda “Neftçi”nin heyətində üst-üstə 86 oyun keçirdiyini də diqqətə çatdırır. Tofiq üçün ən məhsuldar çempionat 1963-cü ilə təsadüf etmişdir–37 oyun, 3 qol. Bu çempionatda müdafiəçimiz komandasının 38 oyunundan yalnız birində meydanda olmayıb.
Həmin illərdə Bakı komandasının müdafiə xəttində Axundovla yanaşı, Adil və Yaşar Babayevlərin, Ravil Cəlilov, Robert Çançaleyşvili, Nikolay Boqdanov, Vladimir Bruxti, Vyaçeslav Semiqlazovun çıxış etdiklərini də unutmamışıq.
O da yadımızdadır ki, T.Axundovun ən səmərəli, ən çox yadda qalan futbol illəri 1961–1965-ci illər olubsa, bu məşhur sima, həmçinin müxtəlif illərdə qısa müddətdə onda hələ Kirovabad adlanan indiki Gəncə şəhərinin “Toxucu” və “Dinamo” komandalarında, “Polad” Sumqayıtda və “Araz” Naxçıvanda da çıxış etmişdir.
Səksən yeddi il əvvəl, 1937-ci ildə həyata göz açan, neçə-neçə oyunundan zövq aldığımız Tofiq Axundov “Neftçi”yə layiq oyunçu idi. Və nə yaxşı ki, onun SSRİ çempionatı-63-də “Moldova”nın qapısına vurduğu qol yadımdadır. Stadionda həmin qolun şahidi olmasaydım, bəlkə də indi bu yazı da ərsəyə gəlməzdi…
Sonda hörmətli oxucuların diqqətinə çatdırım ki, bu xatirə qeydləri “Neftçi-70, unudulmayan keçmiş. 1937-2007” (müəlliflər–Səbuhi Səfiyarlı, Elçin Rüstəmov) və “Neftçi”-70 (müəllif– mərhum Əməkdar jurnalist Abas Əzimov) kitablarında verilmiş statistik göstəricilər və məlumatlar əsasında hazırlanmışdır.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist