Bakıda çövkən üzrə dünya çempionatı start götürüb

post-img

İyunun 10-da Bakıda Binə Atçılıq Mərkəzində çövkən üzrə dünya çempionatı başlayıb.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, vitse-prezident, həmçinin Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Atçılıq Federasiyasının birinci vitse-prezidenti Bəsirət Quliyev qeyd edib ki, artıq ölkəmizdə 2-ci dəfə dünya çempionatı keçirilir. O bildirib ki, qədim və zəngin tarixə malik çövkən idman növü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində inkişaf edir. Bildirilib ki, Azərbaycanda keçirilən mötəbər turnirlər milli at cinslərinin dünya miqyasında tanınmasında və çövkənin təbliğatında böyük rol oynayır.

Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev çövkənin yalnız idman növü deyil, qədim tariximizin bir parçası olduğunu vurğulayıb. O, belə yarışların çövkən idman növünün inkişafına təkan verəcəyini deyib.

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Sonra çempionatın iştirakçılarının paradı baş tutub. 

Qeyd edək ki, 10 komandanın iştirak etdiyi yarış iyunun 16-dək davam edəcək.

L.Qurbanova
XQ

İdman