Fransanın Kann şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il Qlobal Təhsil Konfransı (GEC) keçirilib.
Mötəbər tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
On bir sessiyadan ibarət konfransda idmançıların maarifləndirmə prosesinə cəlb edilməsinin əhəmiyyəti, təhsilin planlaşdırılması və tərtibatların əsasları, təmiz idman davranışlarının inkişafı üçün təhsil, qeyri-ixtiyari dopinq və dəyərlərə əsaslanan təhsil mövzusunda müzakirələr aparılıb. GEC-də, həmçinin Qlobal Təmiz İdman Təhsili Gündəliyi və Beynəlxalq Təhsil Standartının təkmilləşdirilməsi də müzakirə mövzuları sırasında yer alıb.
Fransa Milli Antidopinq Agentliyinin (AFLD) evsahibliyi etdiyi konfransa dünyanın 140 ölkəsindən 400-dən artıq iştirakçı qatılıb.
Xatırladaq ki, dördüncü dəfə təşkil olunan GEC-yə daha əvvəl Kanada (2015-ci il), Çin (2018-ci il) və Avstraliya (2022-ci il) ev sahibliyi edib.
Leyla SABİRQIZI
XQ