“Təmiz idman”a milli və qlobal baxış

post-img

Müasir idmanın inkişafında onun dəyərlərinə ciddi təsir edən dopinqə qarşı mübarizə dünyada getdikcə sərtləşir. Bu, sirr deyil ki, bəzən medal və rekordların arxasınca gedən idmançılar sağlam rəqabətlə qələbə əldə edə bilmədikdə müxtəlif neqativ vasitələrdən, o cümlədən dopinqdən istifadə edirlər. Dopinq idman mübarizəsində qeyri-bərabər şərait yaratmaqla yanaşı, həm də sağlamlığın ciddi şəkildə pisləşməsinə və hətta ölüm hallarına da səbəb olur. 

Dünən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azər­baycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfrans da məhz sağlam idmanı təbliğ etmək məqsədi daşıyır. 

ASAPES-in akt zalında təşkil olunan və Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə gənclər və idman naziri Fərid Qayıbov federasiyalarla birgə idmanı təbliğ etmək üçün layihələr həyata keçirdiklərini və belə layihələrdə ulduz idmançı­ların da olmasının böyük önəm kəsb etdiyini bildirib. Bu cür konfrans­ların davamlı olacağını deyən nazir idmançılara qadağan olunmuş dərmanlardan istifadə etməməyi də tövsiyə edib.

ASAPES-in rektoru Fuad Hacıyev əsas məqsədin gənclər arasın­da təmiz idmanı təbliğ etmək olduğunu bildirib. Onun sözlərinə görə, ildə 1700-dən artıq məzun idman sahəsində fəaliyyətə başlayır. Rek­tor dopinqlə mübarizədə əllərindən gələni edəcəklərini diqqətə çatdı­rıb. 

AMADA Məsləhətçi Komissiyasının sədri, ikiqat Paralimpiya çem­pionu İlham Zəkiyev qazandığı uğurlardan, idmanda ədalətli müba­rizədən danışıb. O, Qarabağda qazanılan Zəfərin idmançıları daha da ruhlandırdığını söyləyib. Paralimpiya çempionu idmançılara heç vaxt ruhdan düşməməyi tövsiyə edib. 

Avstriya Milli Antidopinq Agentliyinin icraçı direktoru, Mərkəzi Avropa Antidopinq Təşkilatları (CEADO) İdarə Heyətinin sədri Mixa­el Sepik antidopinq sahəsində beynəlxalq əlaqələri genişləndirmək istədiklərini bildirib. O qeyd edib ki, məqsəd atletlərin təmiz idmanla məşğul olmalarına nail olmaqdır. 

Konfransda təmiz idmanın təkmilləşdirilməsi, müxtəlif yanaşmalar, Ümumdünya Antidopinq Agentliyinin (WADA) təlimatları çərçivəsində idmançıların tənəffüs sistemi sağlamlığının idarə edilməsi, bağırsaq sağlamlığı və idman performansı mövzusunda müzakirələr aparılıb.

Qeyd edək ki, fevralın 23-də konfrans işini Qubada davam etdirə­cək. 

Leyla QURBANOVA
XQ

İdman