Dadaş Dadaşbəyli: Hədəf olimpiadaya lisenziya qazanmaqdır
Onun idman karyerası enişli-yoxuşlu yollardan keçdikcə möhkəmləndi... nəinki bir gün, heç bir saat belə zirvəyə yüksəlmək fikrindən daşınmadı. Yeniyetməykən dopinq qalmaqalı onu uzun müddət idmandan kənar qalmağa məcbur etsə də, nəinki təslim olmadı, missiyasına sadiq qalaraq daha da gücləndi, yenilməz oldu... Söhbət olimpiadaya lisenziya xarakterli Avropa çempionatında 109 kiloqram çəki dərəcəsində 3 qızıl medalla çempion adını qazanan Azərbaycan komandasının üzvü Dadaş Dadaşbəylidən gedir. Onunla müsahibəni qitə birinciliyində qazandığı möhtəşəm qələbə ilə bağlı sualla başladıq.
– Avropa çempionatında sizə böyük ümid bəslənilirdi. Zirvəni fəth etmək necə bir hissdir?
– Sevincimizin həddi-hüdudu yoxdur. Bu qələbə Azərbaycan komandasının uğurudur. Nailiyyət komandamıza yüksək ruh bəxş etdi. Yığma üzvlərinin hər birinin, məşqçilərimizin, federasiya rəhbərliyinin bu qələbədə böyük payı var. Biz sanki 1 yumruq kimi birləşmişdik. Dəstəyə görə hamıya minnətdaram.
– Rəqiblərinizin çox güclü olduğu əvvəlcədən də bəlli idi. Yarışdan əvvəl hansı nəticəyə ümid edirdiniz?
– Bəli, rəqiblərimin güclü olduğunu bilirdim. Belə yarışlarda fiziki güclə yanaşı, mənəvi ruh da böyük önəm daşıyır. Rəqiblərimdən 3-4-ü çox güclü idi. Onlardan biri – bolqar Xristo Xristovu xüsusi vurğulayardım. O da dünya çempionatı mükafatçısı, sözünü dünya arenasında demiş idmançıdır. Mübarizə o qədər gərgin keçirdi ki, artıq 1 kiloqram belə onun taleyini həll edə bilərdi. Əvvəlcə birdən qaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib, bu hərəkətdə birinci nəticə göstərdim. Təkanla qaldırma hərəkətində 212 kiloqramı ram etməyim mənə daha bir qızıl medal qazandırdı. Beləliklə, toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada Avropanın ən güclüsü olmaq şərəfinə nail oldum. Qalib gəldim, amma bu, o demək deyildi ki, rəqiblərim zəif idi. Qalib gəlməyimin bir səbəbi də qələbəyə köklənməyim idi.
– Demək istəyirsiniz ki, qələbə üçün fiziki güc bəzən yetərli olmur...
– Elədir. Yarışdan əvvəl hazırlığı yetərincə keçə bilməmişdim. Buna zədə səbəb oldu. Təlim-məşqlərə qatılsam da, zədə səbəbindən geri döndüm. Mənə bəslənilən ümidləri doğrultmaq istəyim güclü idi. Elə bu inamla da yenidən zirvəyə yüksələ bildim.
– Əslində, ötən il də dünya çempionatına zədəli qatılmışdınız. Amma bu, sizin ən güclülər arasında yer almağa mane ola bilmədi...
– Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında da zədə səbəbindən yaxşı hazırlaşa bilməmişdim. Reabilitasiya keçsəm də, adaptasiya tam deyildi. Hamının diqqəti yarışın favoritləri özbək, İran, bolqar və İraq idmançılarının üzərində cəmləşmişdi. Onların qələbələri barədə müzakirələr aparırdılar. Birdən qaldırmadakı nəticəmdən sonra hiss etdim ki, hamı mənimlə maraqlanır. Şübhəsiz, bunun da çıxışıma təsiri oldu. Həm birdən, həm təkanla qaldırma hərəkəti, həmçinin toplamda bürünc medal qazandım. Dünya çempionatında qazandığım mükafat mənim üçün təsəlli olmaqla yanaşı, həm də karyeramda qələbəyə gedən böyük bir yolun başlanğıcı idi. Həm də bu inamlı çıxış Paris Olimpiadasına lisenziya əldə etmək ümidlərimi daha da artırdı.
– Adınız artıq dünyanın güclü ağırlıqqaldıranları sırasında çəkilir. Kişilərdən ibarət yığmanın baş məşqçisi Maxtı Makkayev də “XQ”yə açıqlamasında “Paris-2024”ə lisenziya şanslarınızı yüksək qiymətləndirdi. Qarşıdakı əsas hədəflər nədir?
–– Bəzi idman növlərində vəsiqə lisenziya xalı ilə müəyyən olunur. Bu, ağırlıqqaldırmada da belədir. Lisenziya xarakterli yarışlar tam başa çatdıqdan sonra kimlərin Parisə gedəcəkləri bilinəcək. Qitə çempionatından sonra – aprel ayında daha bir lisenziya xarakterli yarışda gücümüzü sınayacağıq. Dünya kuboku yarışı güclü turnirlərdən biridir. Bu yarış Paris Olimpiadası ərəfəsində keçirildiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Bilirsiniz ki, yeniyetmələr arasında Avropa çempionatının gümüş, gənclər arasında qızıl medalını qazanmışam. 2015-ci ildə Avropanın ən güclü idmançısı adına layiq görülmüşəm. İdman karyeramda dopinqə görə böyük çat yarananda çoxları düşünürdü ki, o zaman 18 yaşı olan bir idmançı uzun illərin bu qədər ağır yükünə tab gətirib, nailiyyətlərini davam edə bilməz. Ruhdan düşməyib, gecə gündüz məşq etdim. Yarışlardan uzaq qalsam da, formamı saxlamağa çalışdım. İndi əsas hədəf Paris Olimpiadasına lisenziya qazanmaqdır. Azərbaycan Ağırlıqqaldırma Federasiyası komanda üzvlərinin öz potensiallarını artırmaları üçün bütün tədbirləri görür. Bizə göstərilən diqqət və qayğıya böyük qələbələrlə cavab vermək istəyirik.
Müsahibəni apardı:
Leyla QURBANOVA
XQ