Futbol üzərindəki məkrdən De Byazinin “Fiat” minnətinədək

post-img

Belçikada dövlət himnimizə qarşı hörmətsizliyə sözardı

Bəlkə də məsələni adi təsadüf kimi qiymətləndirmək olardı. Amma fikrimizcə, bəzi məqamlar var ki, onlara diqqət yetirəndə, görürsən ki, yox, burada hər şey heç də adi deyil. Məsələ, kifayət qədər incə düşünülüb. Söhbət Azərbaycanın futbol üzrə millisinin noyabrın 19-da Avropa çempionatının seçmə mərhələsində Belçika ilə keçirdiyi səfər qarşılaşmasını öncəsi dövlət himnimizin yerinə, İsveçin himninin səslənməsindən gedir.

Məlum olduğu kimi, hadisə o an futbolçularımızda, eləcə də texniki heyətdə çaşqınlıq və narazılıq doğurdu. Sonra stadionda üzrxahlıq səsləndirildi. Üzrxahlıq edən diktor idi, daha doğrusu stadionun diktoru. AFFA-nın mətbuat katibi Elnur Məmmədlinin açıqlamasına görə, üzrxahlıqdan sonra kimlərsə oyuna başlamaq istəyiblər. Lakin millimizin heyəti himnin səslənməyəcəyi təqdirdə, meydanda qalmayacaqlarını bildirib.

Əlbəttə, himn səsləndi, matç başladı və necə bitdi bu barədə də danışacağıq. Çünki düşünməyə əsas var ki, oyundan əvvəl yaşananlarda da, elə yekundakı hesabda da müəyyən mesaj var. İzah edək niyə?

Əvvəla, bildirdiyimiz kimi, E.Məmmədlinin açıqlamasından gəlinən qənaət budur ki, üzrxahlıqdan sonra oyunun başlanmasını istənilməsi, məqsədin ümumən himni səsləndirməmək olduğunu ortaya qoyur. Görüblər ki, futbolçularımız və texniki heyətimiz dirəniş göstərir, bundan sonra məsələni böyütməmək qərarına gəliblər. Axı, hər bir halda himn çalınmasaydı, nəticədə matç baş tutmasaydı, bu, meydan sahibi, matçın təşkilatçıları, eləcə də beynəlxalq futbol qurumu olan UEFA üçün baha başa gələrdi...

Bəli, söhbət idmanı siyasətə alət etmək cəhdindən gedir. Nəzərə alaq ki, Belçika və onun paytaxtı Brüssel elə-belə yer deyil. Hələ onu demirik ki, burada erməni lobbi və diaspor təşkilatları, kifayət qədər, aktivdirlər. Bu, öz yerində. Başlıca məqam Avropanın aparıcı strukturlarının yerləşdiyi ölkənin həm də kollektiv Qərbin münasibət parametrlərinin ifadə olunduğu məkan kimi xarakterizə edilməsidir.

Məlum olduğu kimi, Azərbaycan-Ermənistan nizamlamasında Brüssel formatı var. Əlbəttə, söhbət artıq ermənipərəstliyə köklənmiş formatdan gedir. Nəticə etibarilə hazırda himn söhbətini də Qərbin Azərbaycana münasibəti baxımından dəyərləndirmək üçün əsaslar var. Yəni, Azərbaycanı dövlət kimi qəbul etmədiklərini göstərmək istəyiblər. Bu yerdə sonradan himnin çalınmasının da heç bir önəmi yoxdur. Əsas odur ki, hörmətsizlik edildi və “elə dövlətsiniz ki, himninizi də tapa bilmirik, tapmağa ehtiyac görmürük” mesajı verildi. Məhz buna görə üzrxahlıq da ikinci dərəcəli məsələdi. Özü də üzr istəyən stadionun diktorudur. Yəni, fikrimizcə, bunu etməli olan ən axırıncı şəxs. Bəs, birinci və ya birincilər"..

***

Digər tərəfdən, doğrudur, İsveç milli komandamızın yer aldığı qrupdadır. Düşünmək olardı ki, bu ölkənin himninin yerinə qrupdakı, məsələn, Estoniyanın, yaxud Avstriyanın himni də səhvən səslənə bilərdi. Amma orada məhz İsveçin himni əsas götürülüb. O İsveçin ki, Azərbaycan millisi üç gün əvvəl Bakıda gözlənilməz şəkildə onu 3-0 hesabı ilə məğlubiyyətə uğratmışdı. 

Söhbət həm də o İsveçdən gedir ki, öz meydanında futbolçularımızın qapısından nə az, nə çox, düz 5 cavabsız top keçirmişdi. İndi isə Belçikanın Azərbaycan üzərində hansı hesabla qalib gəldiyinə diqqət yetirək ± 5:0. Görünür, millimizin Bakıdakı böyük hesablı ± 3:0-lıq qalibiyyəti kimlərdəsə nəinki narahatlıq, hətta hiddət doğurub. Ona görə də Azərbaycan himnini yerinə, İsveçin himnini səsləndiriblər. İkincisi isə İsveçin öz meydanında Azərbaycana qalib gəldiyi hesabı təkrarlayıblar. Beləliklə, Azərbaycana qarşı, bir növ, mübarizə həmrəyliyi ortaya qoyublar, müəyyən mənada duruma tarazlıq gətirmək yolu tutublar. Yəni, hesab 5:0-dır məntiqi. Onu da nəzərə alaq ki, ilk baxışdan görünən mənzərə hazırkı Belçika millisinin Azərbaycan millisinin qapısından 5 deyil, daha çox da top keçirə biləcəyi təəssüratını yaradır. İlk hissədə dörd topun ard-arda vurulması da bunun təsdiqi olaraq qiymətləndirilə bilər.

***

Bəli, sonda məsələ yenə də futbolumuzun üzərinə gəlir. Həqiqətən, idmanın bu növü zəif yerimizdi və görünür, vəziyyət belə hələ çox davam edəcək. Davam etdikcə də hansısa qüvvələr bu amilin üzərindən də Azərbaycana, loru dildə desək, sataşmaqlarına ara verməyəcəklər. Yaxşı olmazdımı ki, himnlə bağlı hörmətsizliyə görə, Belçika millisi meydanda cəzalandırılaydı. Əla olardı. Amma təəssüf ki, milli komandamızın səviyyəsi indiki kimi aşağı qaldıqca, dediyimiz ancaq yuxu olacaq. 

Yuxudan söz düşmüşkən, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin Belçikaya məğlubiyyətdən sonrakı mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir etməsinə diqqət yetirək. Əlbəttə, onun media təmsilçilərimizə münasibətdə hansı ifadələr seçməsi üzərində dayanmaq istəməzdik. Onu öz tərbiyəsi ilə baş-başa qoyuruq. Yalnız italiyalı mütəxəssisi qəzəbləndirən sualın məzmununu diqqətə çatdıraq: "Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsızmı".

Əlbəttə, sualda baş məşqçinin getməsinin vacibliyinə eyham vuran haqlı kinayə var və bu kinayə yalnız De Byaziyə ünvanlanmayıb. Belə nəticəyə gəlirik ki, baş məşqçidən biabırçı məğlubiyyətə görə, belə demək mümkünsə, hesab soran yalnız Jurnalistlərdir. Elə italiyalını qəzəbləndirən də budur ki, nə üçün ona pul verənlərin yox, medianın tənqidinə tuş gəlir. Görünür, o, “musiqini kim sifariş edirsə, o da oynamalıdır” məntiqini əsas tutur. Əlbəttə, indiki halda, bu, son dərəcə axmaq məntiqdir. De Byazinin fikirlərindən anlaşılan budur ki, azərbaycanlı Jurnalistlər millimizin Bakıda Avstriya, İsveç və Belçika ilə oyununa görə onun üzərinə yüklənməməli, səfərdə sonuncu ilə 0:5 məğlubiyyətindən söz açmamalı idilər: “Onlar “FIAT 500” ilə “Ferrari”yə qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər”.

Yeri gəlmişkən millimiz doğma divarlar arasında Belçika və Avstriyaya uduzub. Çox da ki, qənaətbəxş təsir bağışlayıb. Əsas nəticədir. Əslində, De Byazini nəinki indiki nəticəyə, hətta ədəbsizliyinə görə günahlandırmaq niyyətindən uzağıq. Onun yuxarıdakı fikirləri söylədikdən sonra tərcüməçisindən dediklərini belçikalı jurnalistlərin də başa düşməsi üçün tərcümə etməsini bildirməsini, nümayişkəranə şəkildə mətbuat konfransının keçirildiyi salondan uzaqlaşmasını da bir kənara qoyuruq. Əsas məsələ necə
deyərlər, “FIAT 500” ilə “Ferrariyə” qalib gələ bilinməməsi məntiqidir. 

Mövcud xüsusda uzun-uzadı yazmaq istəməzdik. Bir məsələni qeyd edəcəyik. Nə qədər ki, ciddi, real islahatlar getmir, uşaq futbolu yüksək inkişaf mərhələsində deyil, ordan-burdan gətirilmiş, “istifadə müddəti bitmiş” şəxslərə vətəndaşlıq verilib oyuna salınacaq, Azərbaycan futbolu elə “FIAT 500” olaraq qalacaq. De Byazi kimilər isə bu mənzərədə özünü kliniki ölüm anındakı şəxsə verilən süni nəfəs aparatına oxşadaraq minnət qoyacaq, jurnalistlərə qarşı kobud davranacaqlar. Nəticədə 0:5-lər yuxumuzu hələ çox ərşə çəkəcək. Elə dövlət atributlarımıza hörmətsizliklər də. 

Ə.RÜSTƏMOV

XQ

İdman