Tələbələr Yekaterinburqdan 28 medalla qayıdırlar

post-img

Azərbaycan idmanı adına növbəti uğuru multiidman yarışında ölkəmizi layiqincə təmsil edən tələbə atletlərimiz qazanıblar. Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında Azərbaycanın 11 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı iştirak edib. Yığmamız yekunda 4-ü qızıl, 8-i gümüş, 15-i bürünc olmaqla 28 medala sahib olub.

8 idman növündə yarışa qatılan komandamız medalları boks, güləş, taekvondo, sam­bo, üzgüçülük üzrə qazanıb. Mükafatlardan 11-i güləş, 7-si boks, 6-sı taekvondo, 3-ü sam­bo, 1-i isə üzgüçülüyün payına düşür. 

Festivalda komandamızın əldə etdiyi nəticələrlə bağlı “Xalq qəzeti”nə açıqlama verən Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov yarışda, ümumilikdə, göstəri­cilərin yaxşı olduğunu bildirib: “Festivalda 36 ölkənin 264 ali təhsil müəssisəsindən 3 minə yaxın tələbə idmançı 14 növdə qüvvələrini sınayırdılar. İdman­çıların öz potensiallarından maksimum istifadə etmələri üçün lazımi şərait yaradılmışdı. Ölkəmizin ali təhsil müəssisələ­rindən 69 idmançı 8 növdə mü­barizə aparıb. Komandamız, ümumilikdə, 28 medal qazandı ki, bu da yaxşı nəticədir”. 

Yarışda komandamızın ilk qızıl medalını qazanan qadın güləşçi Gültəkin Şirinova (53 kq) əsas hədəfin çempionluq olduğunu bildirib: “Yığmamıza ilk qızıl medalı qazandırdığım üçün çox xoşbəxtəm. Əsas hə­dəf qalib adını qazanmaq idi. Birinci yeri tutmaq üçün çox çalışdım və sonda buna nail oldum. 

Üzgüçülük üzrə milli ko­mandamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov isə fe­derasiyanın mətbuat xidmətinə açıqlamasında bildirib ki, festi­valın qaydalarında edilən dəyi­şikliyə əsasən, turnirə Rusiya­dan qatılan idmançıların sayı həddən artıq çox olub: “Əvvəlki yarışlarda hər ölkədən idman növləri üzrə yalnız iki üzgüçü­nün qatılmasına icazə verilirdi. Builki qaydaya əsasən, hər uni­versitetdən iki idmançı iştirak etdi. Bu isə Rusiyanın daha çox üzgüçü ilə təmsil olunması demək idi. Yarışda mübarizə çox gərgin idi. Üzgüçümüz Ra­mil Vəlizadə belə çətin müba­rizə şəraitində gümüş medal qazana bildi. Digər üzgüçümüz Fatimə Alkərəmova isə iki dəfə finala vəsiqə qazansa da, ilk üçlükdə yer ala bilmədi”.

Yarışda taekvondo üzrə qalib adını qazanmış Səyyad Dadaşov (54 kq) jurnalistlərə müsahibəsində uğurların da­vamlı olması üçün bundan son­ra da öz üzərində çalışacağını bildirib: “Rəqiblər güclü olsalar da onların öhdəsindən gəldim. Qalib adını qazanmaq gözəl hissdir. Bunun üçün hazırlığın yüksək olmalıdır. Sevinirəm ki, yarışın baş mükafatını qazan­dım”. 

Onun komanda yoldaşı, gü­müş mükafatçı Eltac Qafarov (80 kq) yarışın gərgin, lakin ma­raqlı mübarizə şəraitində keçdi­yini bildirib: “Rəqiblərimiz güclü idi. Ölkəmizin bayrağını dalğa­landırdığım üçün sevincliyəm. Gələcəkdə qızıl medal qaza­nacağıma inanıram və buna üçün bütün qüvvəmi səfərbər edəcəyəm”.

L.QURBANOVA,
XQ

İdman