Milli-mədəni intibahımıza xidmət edən qocaman nəşr

post-img

Dünyadakı ilk qəzet bundan 418 il əvvəl, 1605-ci ildə o vaxt almanlara məxsus olan Strasburq şəhərində Yohann Karolus adlı bir ziyalı tərəfindən buraxılmışdır. Qəzetin adı belə olmuşdur: “Relation aller Fürnemmen und gedenckwürdigen Historien”, yəni “Va­cib və əhəmiyyətli bütün hadisələr haqqında xəbər”. Həftədə bir dəfə çıxan bu mətbuat orqanında Almaniyada və qonşu ölkələrdə meydana gələn hadisələr haqqında xəbərlər verilmişdir. Xəbərlər bir qayda olaraq bir-iki həftə əvvəl, ən yaxşı halda 3-5 gün əvvəl baş verən hadisələr haqqında idi. Zamanla qəzet işi bütün dünyada inkişaf etmişdir.

Azərbaycan mətbuatı qismən gəncdir, onun 148 yaşı var. Ölkəmizin ən əski qəzetlərindən biri 104 yaşlı “Xalq qəzeti”dir. Bu mətbuat orqanı bir əsrdən artıqdır ki, dövrə, zamana güzgü tutur, salnaməçilik vəzifəsini yerinə yetirərək oxucuları dünyanın və ölkənin həyatındakı mühüm yeniliklərlə tanış edir. 

“Xalq qəzeti” bu müddət ərzində mürəkkəb inkişaf yolu keçmiş, totali­tar sovet rejiminin maneələrinə baxmayaraq, daima Azərbaycan xalqının milli-mədəni intibahına, mentalitetinin müsbət cəhətlərinə sədaqətlə xidmət etməyə çalışmışdır. Xüsusilə, indiki müstəqillik dövründə ölkəmizin siyasi, iqtisadi, mədəni cəhətdən çiçəklənməsinə, quruculuq əzminin möhkəmlən­məsinə, xalqımızın xoşbəxt gələcəyinə öz töhfəsini əsirgəmir. 

Növbəti ildönümü münasibətilə mənə doğma olan “Xalq qəzeti”nin iste­dadlı kollektivini ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayı­ram! Qəzetin qədirbilən oxucularını da təbrik edirəm! 

Ramiz ƏSKƏR,
“Xalq qəzeti”nin baş redaktorunun keçmiş müavini, Əməkdar jurnalist

Sosial həyat