Azərbaycan komandası Yekaterinburqda ilk medallarını qazanıb

post-img

Azərbaycan komandası Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festi­valında çıxışını davam etdirir. 

Gənclər və İdman Nazirliyindən “Xalq qəzetin”nə bildi­riblər ki, komandamız bu nüfuzlu yarışda ilk medallarını qa­zanıb. Belə ki, yunan-Roma güləşi üzrə Sərxan Məmmədov (130 kq) yalnız finalda uduzub və gümüş mükafata sahib olub. Onun komanda yoldaşları Elvin İbadov (55 kq) və Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) bürünc medal əldə ediblər.

Boksçularımızdan isə Mehbarə Məmmədova (48 kq) və Şəmsi Şahbazov 3-cü yeri tutublar.

Qeyd edək ki, avqustun 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Yarışda 36 ölkədən müxtəlif universi­tetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Komandamız 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvon­do, futzal, üzgüçülük və sambo üzrə mübarizə aparacaq. 

L.QURBANOVA, “Xalq qəzeti”

İdman