Hədəfini vurmağa hazırsan?

post-img

“Öz keçmişimə bağlıyam və müasir trendlərlə ayaqlaşıram. Genlərimlə fəxr edirəm və dünyəvi dəyərlərlə yaşayıram. Çünki gələcək mənimdir! Çünki gələcək hədəfini aydın görən və ona doğru cəsarətlə gedənindir!” Avqustun 15-də Bakı Kristal Zalında Atıcılıq üzrə 53-cü Dünya Çempionatının açılış mərasimində Azərbaycan dünyaya bu mesajı verəcək.

İnternetdə və peyk vasitəsilə dünyanın bir çox ölkələrində canlı yayımlanacaq açılış mərasiminin maraqlı kompozisiyası, səhnə və tamaşalar, yerli və xarici ifalar Azərbaycanı və azərbaycanlıları tanıtmaqla yanaşı, ilin bu mühüm idman hadisəsini izləyənləri əyləndirmək, yarış iştirakçılarını qələbəyə həvəsləndirmək üçün hazırlanıb.  

Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının Dünya Çempionatı avqustun 14-dən sentyabrın 1-dək Bakıda keçiriləcək. Dünya çempionatı yarışlarında 55 dəst medal və “Paris-2024” Yay Olimpiya Oyunlarına indiyədək keçirilmiş və bundan sonra baş tutacaq yarışlar arasında ən çox sayda – 48 lisenziya oynanılacaq.  

Yarışlara dünyanın 100-dən artıq ölkəsindən 1500-dək idmançının qatılacağı gözlənilir. Hazırda 104 ölkədən 1260 idmançı iştirak barədə qeydiyyatdan keçib və bu rəqəm günbəgün artır. 

53-cü Dünya Çempionatının maskotu seçilmiş Targy – olimpiya nişanı, alov, nar, hədəf və atıcı görüntülərinin vəhdətindən yaranmış simvoldur. Kökündə ingiliscə “target” – “hədəf” sözü dayansa da, özündə birləşdirdiyi simvolların xarakterini daşıyır. Targy qarşısına qoyduğu hədəfə çatmaq üçün enerji ilə doludur. O, çempionat iştirakçılarını “Hədəfini vur!” şüarı ilə mübarizəyə və qələbəyə ruhlandırır.

"Xalq qəzeti"

İdman