Bu coğrafiyada söz Azərbaycanındır!

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin  çıxışlarında və müsahibələrində verdiyi mesajlar hər zaman mühüm rol oynayır. Bu çıxış və müsahibələrdə yalnız ölkəmizlə bağlı deyil, eyni zamanda beynəlxalq iqtisadi siyasi gedişatla bağlı məsələlərə dövlətimizin mövqeyi açıq şəkildə ifadə olunur. Bu baxımdan dövlət başçısının  Çinin  məşhur “China Global Television Network”  kanalına müsahibəsi xüsusi diqqət çəkir. Azərbaycan Respublikasının müstəqillik illərində keçdiyi inkişaf yolunu tam əhatəli şəkildə ifadə edən Prezident  müstəqilliyin ilk illərində, 90-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinin dövlətin dirçəlməsinə mənfi təsir göstərdiyini, hətta ərazilərimizin işğal olunması ilə nəticələndiyini bildirdi. 

Eyni zamanda həmin illərdə Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində qısa müddətdə gördüyü fövqəladə işlər və ölkəmizin Qurtuluş yoluna qədəm qoyan şəxs kimi tarixə imza atdığını diqqətə çatdırdı. 

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, həmin ağır dövrü geniş təhlil edən dövlət başçısı 1990-cı ilin 20 yanvarında sovet ordusu ölkəmizə hücum edərkən Ümummilli Liderin etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs olduğunu və  Heydər Əliyev üçün Azərbaycan xalqının maraqlarının bütün siyasi məqamlardan üstün olduğunu bildirdi. Məhz bu səbəbdən 1993-cü ilin ağır günlərində  vəziyyətdən xilas yolu yalnız Ulu Öndər Heydər Əliyev idi və xalqın təkidli tələbi ilə onun hakimiyyətə gəlməsi Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi.
Prezidentin müsahibəsində Azərbaycan- Çin münasibətlərinə də xüsusi toxunuldu və bu əlaqələrin əsasının Ulu Öndər tərəfindən qoyulduğu qeyd edildi. Belə ki, Ümummilli Liderin 1994-cü ildə böyük nümayəndə heyəti ilə Çinə səfəri qarşılıqlı münasibətlərdə böyük rol oynadı. Amma o zamanla müqayisədə  dövlətimizin bugünkü iqtisadi və beynəlxalq  gücü iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığı ən yüksək səviyyəyə çatdırıb. Prezident müsahibəsində ikitərəfli əlaqələrdə əldə olunan nailiyyətlərə önəm verərək regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsində Azərbaycan-Çin əlaqələrinin əhəmiyyəti və iki ölkənin bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış etməsinin aydın göründüyünü xüsusi önə çəkdi. Tək iqtisadi deyil, siyasi əlaqələrdə də münasibətlər ən yüksək səviyyədədir və geosiyasi müstəvidə mühüm  məsələlərə yanaşmada iki ölkənin mövqeləri suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq məsələlərində üst-üstə düşür. 

Ölkə başçısı onu da vurğuladı ki, bu gün Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq məsələlərində mövqelər xeyli yaxındır. Son illərdə qarşılıqlı ticarətin həcmi ciddi şəkildə artıb və gələcək üçün daha  böyük potensial planlaşdırılır. Münasibətləri gələcəkdə daha da möhkəmləndirəcək yeni nəqliyyat marşrutları, iqtisadi əməkdaşlıqla yanaşı, regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaqdır. 
Müsahibəsində Azərbaycanın iqtisadi potensialına, xüsusilə qlobal layihələrdə iştirakına da toxunan dövlət başçısı əsas məqsədlərdən birinin ölkəmizin regional bağlantı mərkəzinə çevrilməsi olduğunu qeyd etdi, bunun üçün Azərbaycanın coğrafi üstünlüklərini xüsusi olaraq vurğuladı. Belə ki, tarixi İpək Yolunun üzərində yerləşən ölkəmizdə son illərdə nəqliyyat infrastrukturuna böyük sərmayə qoyulub və bu gün bunun iqtisadi uğurları ortadadır. Ötən illər ərzində nəqliyyat sektoruna qoyulan sərmayələrin nəticəsi idi ki, “Bir kəmər, bir yol” layihəsinə qoşulan zaman Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi  bəzi texniki işlər aparılır və bu sahədə dəniz ticarətinə də xüsusi önəm verilir. Məhz dəniz ticarət limanı sayəsində Şərqdən-Qərbə daşınan yüklərin həcminin artmasına nail olunacaq. Bu mövzudan danışarkən böyük yük axınının təşkili üçün dəmir yol daşınması xüsusi diqqətə alınmalı və Böyük İpək Yolunda Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi olaraq vurğulanmalıdır. 

Məhz bu səbəbdən bütün çıxışlarında olduğu kimi, bu müsahibəsində də Prezident Ermənistanla sülh sazişinə toxunaraq bununla bağlı Azərbaycanın mövqeyini tam şəkildə ifadə etdi. Prezident bildirdi ki, Zəfər savaşından sonra tam hərbi üstünlüyünə rəğmən, Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bununla bağlı ölkəmiz öz prinsiplərini açıq şəkildə qeyd edib və bu, beynəlxalq hüquqa söykənir. Ermənistanın da bu prinsiplərə əməl edəcəyi təqdirdə, bölgədə çox tez bir zamanda davamlı sülhə nail olunacağına ümidli olduğunu bildirən Prezident imzalanacaq sülh sazişinin geosiyasi amilə çevrilə biləcəyini, uzunmüddətli qarşıdurmaya son qoyacağını, Qafqazda sülh yaradılacağını və bunun fonunda bütün kommunikasiyaların açılacağını vurğuladı.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində verilən mesajlar bir daha göstərdi ki, son 30 il ərzində dəyişən dünyada ölkəmiz həm iqtisadi, həm də siyasi baxımdan öz mövqelərini xeyli möhkəmləndirib. Milli maraqlarımıza əsaslanan fəal xarici siyasət sayəsində bu gün Azərbaycan regionda söz sahibidir. Ölkəmiz nəinki qlobal layihələrin əsas aparıcı qüvvəsinə çevrilib, həm də sülhün və sabitliyin təminatçısı rolunda çıxış edir.     

Bir sözlə, Prezident İlham Əliyevin son müsahibəsi dövlətimizin qüdrətinin açıq mesajı idi. Regionda Azərbaycanın təmsil olunmadığı heç bir layihə həyata keçə bilməz. Çünki bu coğrafiyada söz Azərbaycanındır!

Son xəbərlər