Azərbaycan Voleybol Federasiyasının (AVF) yarımillik hesabatına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə federasiyanın fəaliyyətindən söz açılıb, qarşıdakı hədəflərdən danışılıb.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov vurğulayıb ki, qadın voleybolçulardan ibarət milli komandamızın Avropa çempionatında iştirak etməsi bizim üçün önəmli məsələdir. O, qeyd edib ki, federasiyanın qarşıdakı hədəfləri böyükdür.
Federasiya rəhbəri millimizin yüksək nəticələr əldə edəcəyinə inandığını bildirib: “Uşaq və yeniyetmələr arasında voleybolu inkişaf
etdirmək əsas məqsədlərdən biridir. Bu idman növünün coğrafiyasını genişləndirmək, bölgələrdə onun inkişafına nail olmaq üçün görülən işlər davam etdirilir. Voleybol Akademiyası yaratmaq istiqamətində bir çox işlər görülüb. Həmin akademiyaya mütəxəssislər cəlb etməklə bu idman növünü inkişaf etdirmək istəyirik”.
AVF-nin baş katibi Faiq Orucov uşaq və gənclər arasında voleybolun inkişaf etdirilməsi məqsədilə türkiyəli mütəxəssis Şahin Çatmanın
ölkəmizə dəvət olunduğunu bildirib. F.Orucov təcrübəli mütəxəssislə müqavilə imzalandığını və avqustdan fəaliyyətə başlayacağını deyib. Həmçinin onun artıq paytaxtda və bölgələrdə bir sıra seleksiya işləri apardığını, voleybolla məşğul olan, müvafiq tələblərə uyğun gələn 150-yə yaxın qız və oğlanın müəyyənləşdirildiyini də əlavə edib. Vurğulayıb ki, avqustda yenidən həmin uşaqlar arasında
seçim ediləcək. Ötən 6 ay ərzində kişilər və qadınlar arasında Yüksək Liqa və Birinci Liqa yarışlarının, həmçinin ulu öndər Heydər
Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş qadınlar və kişilər arasında “Heydər Əliyev” kuboku, veteran kişi voleybolçular arasında kubok yarışlarının, “Heydər Əliyev- 100. Voleybola dəstək marafonu”nun təşkil olunduğunu diqqətə çatdırıb.
Baş katib 15 yaşlı və 15 yaşdan böyük oğlan və qızlar arasında keçirilən çimərlik voleybolu üzrə Azərbaycan çempionatı (I mərhələ), bölgələrdə təşkil edilən seleksiya yarışları haqqında danışıb.
Qeyd edək ki, kişi voleybolçulardan ibarət “Xarı bülbül” və qadın idmançılardan təşkil olunan “Azərreyl” komandaları Çağırış kuboku
yarışlarında güclərini sınayacaqlar. Yarışın püşkatma mərasimi iyulun 19-da Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil qərargahında təşkil olunacaq.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi isə Avropa çempionatına hazırlığı davam etdirir. Avropa çempionatının final mərhələsi bu il avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yığmamızın
yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan
və İsveç olacaq.
L.QURBANOVA,
“Xalq qəzeti”